Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmi nəşrlərlə bağlı onlayn seminarlar təşkil olunacaq
Tarix: 22.04.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə silsilə tədbirlərin keçirilməsində məqsəd alimlərimizin yüksək indeksli jurnallara çıxış imkanını genişləndirməkdir

İyunun 15-dən 25-dək “Clarivate Analytics” tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə dair növbəti silsilə onlayn seminarlara start veriləcək. Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda məqalə dərc etməyin prinsip və tələbləri, “yırtıcı” jurnallardan qorunma yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri və digər bu kimi aktual məsələlərə toxunulacaq. Ətraflı məlumatla tanış olmaq və seminarlara qeydiyyatdan keçmək üçün //clarivate.ru/webinars linkindən istifadə edilməlidir.

Bütün seminarlar ödənişsizdir, rus dilində aparılır və qeydiyyatdan keçmək məcburidir. Seminarlar bitdikdən bir ay sonra iştirakçılara sertifikat veriləcək.
Yeri gəlmişkən, bir müddət əvvəl AMEA-nın elmi müəssisələri tərəfindən dərc edilən elmi jurnalların keyfiyyətinin yüksəldilməsi və impakt faktor səviyyəsinə çatdırılması məqsədilə “Clarivate Analytics” tərəfindən “Müasir Beynəlxalq Elmi Jurnal – Nəzəriyyə və Praktika” mövzusunda təlim proqramı keçirilib. Elmi jurnallara müasir tələblər, onların tərtibi və nəşri qaydaları, rəqabət qabiliyyətinin yüksəldilməsi, Web of Science bazasına daxil edilməsi üzrə mühazirələr “Clarivate Analytics”in Təhsil Proqramları üzrə rəhbəri Valentin Boqorov və İstifadəçilərin təlimatlandırılması üzrə eksperti İrina Tixonkova tərəfindən təqdim edilib.
Təlimdə AMEA-nın elmi müəssisələri tərəfindən dərc edilən bir sıra jurnalların məsul katibləri iştirak edərək mövcud vəziyyət və perspektivlər üzrə ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, AMEA ilə “Clarivate Analytics” (“Thomson Reuters”) təşkilatı
arasında əməkdaşlıq müqaviləsi 2016-cı ilin oktyabr ayında imzalanıb. Müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və burada çalışan alim və mütəxəssislər “Clarivate Analytics” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə ediblər.

Xatırladaq ki, “Clarivate Analytics” şirkəti 1992-ci ildə həmin vaxta qədər biblioqrafik məlumat bazası və elmi istinad indeksi olan “Science Citation Index (SCI)” adlı məhsulu ilə məşhurlaşan Elmi İnformasiya İnstitutunu (Institute of Scientific Information) satın aldıqdan sonra onun təcrübəsi əsasında formalaşdırdığı “Web of Science” platforması ilə bu sahədə dünyanın qəbul etdiyi ən etibarlı və ən başlıca elmi informasiya bazasına malik olan şirkətə çevrilib. Hazırda “Web of Science” elmi platforması 7 nəhəng elektron elmi bazanı özündə birləşdirir. Bunlardan biri 150 elm sahəsi üzrə 8500-dən çox başlıca elmi jurnalı əhatə edən Genişləndirilmiş Elm İstinad İndeksi – “SCI-Expanded” (Science Citation Index Expanded), digərləri 1990-cü ildən bu tərəfə 55 ictimai elm sahəsi üzrə 3000-dən çox elm jurnalı özündə birləşdirən İctimai Elmlər İstinad İndeksi – “SSCI” (Social Sciences Citation Index), 1975-ci ildən bu günə 1700-dən çox elmi jurnalın daxil olduğu İncəsənət və Humanitar Elmlər İstinad İndeksi – “A&HCI” (Arts & Humanities Citation Index), 1993-cü ildən bu günə 2,6 milyondan çox kimyəvi tərkib haqqında məlumatları özündə toplayan Kimyaçı İndeksi – “IC” (Index Chemicus), 1986-cı ildən bu günə 1 milyondan çox kimyəvi reaksiya haqqında məlumatın əks olunduğu Mövcud Kimyəvi Reaksiyalar – “CCR” (Current Chemical Reactions), 2005-ci ildən bu günə 50000-dən çox elmi redaktorlu kitabları əhatə edən Kitab İstinad İndeksi – “BCI” (Book Citation Index), 1990-cı ildən bu günə qədər keçirilən 160000-dən çox elmi konfransın materiallarını özündə birləşdirən Konfrans Materialları İstinad İndeksi – “CPCI” (Conference Proceedings Citation Index) elmi bazalarıdır. “InCites” platforması isə “Web of Science” platformasına daxil olan elmi bazalar əsasında elmi-tədqiqat müəssisələri və tədqiqatçıların məhsuldarlıqlarını ölçməyə və müqayisə etməyə imkan verən peşəkar beynəlxalq qiymətləndirmə sistemi sayılır. Platforma “Create Citation Reports” və “Cited Reference Search” alətləri vasitəsilə tədqiqatçıların məqalələrinə verilən istinadların sayını, “Journal Citation Report” (JCR) aləti ilə də jurnalların təsir faktorlarını (impact factors) hesablamağa imkan verir. Bu platforma bütövlükdə tədqiqatçının və onun çalışdığı qurumun tədqiqat üzrə məhsuldarlıqlarına əsaslanaraq onların dünyadakı reytinqini müəyyən edir.

Onu da deyək ki, “Thomson Reuters” sözügedən xidmətlər üzrə son illər “Elsevier” şirkətinin “Scopus” və “Google” şirkətinin “Google Scholar” elmi platformaları tərəfindən ciddi rəqabətə məruz qalsa da, hazırda bu sahədə dünyadakı liderliyini qoruyur.

Məlumat üçün vurğulayaq ki, 22 dekabr 2015-ci ildə Təhsil Nazirliyi ilə də “Clarivate Analytics” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science" platformasına (“Science Citation İndex Expanded" (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex" (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex" (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex" (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCite" bazasına tam çıxış əldə edib.

Nəticədə ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib. Məsələn, ötən il Təhsil Nazirliyi ilə “Clarivate Analytics” ("Thomson Reuters") şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub. Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Bu günə olan məlumata əsasən, “Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb.
Bu əməkdaşlıq çərçivəsində qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Eyni zamanda professor-müəllim heyətinin, tədqiqatçıların və təhsilalanların dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları və monoqrafiyaları barədə elmi məlumatlara çıxışının təmin olunması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, alimlərimizin imic və reputasiyasının gücləndirilməsi və ən əsası, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsi qarşıya məqsəd qoyulub.

Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub. Alimlərimizin elmi bazanın imkanlarından daha aktiv faydalanması üçün bu vaxta qədər Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 2300 nəfərin iştirakı ilə 70-ə yaxın təlim və sertifikasiya proqramı təşkil edilib.
2014-2018-ci illər ərzində Azərbaycan alimlərinin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz artıb. Həmin dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstərici 2,1 dəfə artıb.
Təbii ki, universitetlərin beynəlxalq reytinq siyahılarının hazırlanması zamanı nəzərə alınan meyarlar arasında ali təhsil müəssisələrinin elmi fəaliyyətinin nəticələri həlledici çəkiyə malikdir. Dünyanın aparıcı reytinq agentlikləri universitetlərin elmi fəaliyyətinə dair məlumatları əsasən “Web of Science®” bazasından birbaşa əldə edirlər. Bu baxımdan sözügedən bazaya daxil olan məqalələrin, xüsusilə də həmin məqalələrə edilən istinadların sayının artması ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına ciddi təkan verəcəyi proqnozlaşdırılır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019