Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Qəhrəmanlarımız silsiləsindən - Allahverdi Bağırov
Tarix: 22.04.2019 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Oğul var, evdən gedir, oğul var, eldən gedir. Haqqında söhbət açmaq istədiyim qeyrətli oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Teymur oğlu Bağırovdur.

Hündürboylu, enlikürək, yaraşıqli mərd bir oğul haqqında oxucuları bir daha məlumatlandırmaq, ölməz qəhrəmanımızın keçdiyi qısa, lakin şərəfli ömür yoluna səyahət etmək istərdim.
Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdam şəhərində zəhmətkeş bir ailədə anadan olub.
O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Allahverdi Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbdə alıb. Onda gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını ətrafına yığmağı bacarırdı.
Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən idman oyunlarında, xüsusən futbol yarışlarında fərqlənirdi. O, həm də Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1970-ci ildə Füzulidə “Qızıl sünbül” kubokunda Ağdam-Cəbrayıl oyununda kapitan olub.
Allahverdi Bağırov (5 nömrəli hücumçu) qardaşı Eldar Bağırovla (müdafiəçi) birlikdə Ağdamın futbol komandasını şərəflə təmsil ediblər.

O, 1976-cı ildə “Qarabağ” futbol klubunun baş məşqçisi təyin olunmuş və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük zəhməti olmuşdu. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında demişdir: “İlk məşqçim rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizim həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi”.
Hamının “Alı” deyə müraciət etdiyi Allahverdi Bağırov 1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 hesabı ilə başa çatan qarşılaşmada Ağdam klubunun qoluna imza atan 5 nömrəli oyuncu məhz Allahverdi Bağırov olmuşdur.
Qarabağ müharibəsi başlayanda onun xidmətləri, mərdliyi, qoçaqlığı, vətənpərvərliyi, xüsusilə qabarıq şəkildə göründü.
O, Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik etmişdir. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub və həmişə də öndə döyüşə atılıb, qorxmazlığı ilə silahdaşlarını ruhlandırıb. Müharibə qızışan zaman qardaşı, millət vəkili Eldar Bağırov Ağdam Rayon Xalq Cəbhəsinin sədri seçilib.

Allahverdi və Eldar Bağırov qardaşlarının 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postlarını könüllü olaraq ilk dəfə Allahverdi və Eldar Bağırov qardaşları yaratmış, sonradan ermənilərlə həmsərhəd olan bütün kəndlərdə postlar qurulmuşdur.
Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov gətirib sancıb.
1991-ci ilin oktyabr ayının 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Müstəqillik aktına imza atan millət vəkili Eldar Bağırov, Bakıda Ali Sovetin iclasından qayıdarkən, 4-cü mikrorayonda bacısının yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyona rəhbərlik etmiş və uğurlu döyüşlərə komandirlik etmişdir.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi taborun igid döyüşçüləri ilə birlikdə Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə birlikdə Allahverdi Bağırov Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Arxadan kömək gəlmədiyinə görə igid oğullar döyüşərək mühasirədən çıxmışlar. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

“Allahverdi Bağırov yeganə komandir idi ki, döyüş vaxtı qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi erməni yaraqlılarından geri alanda dedi: “Birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpağımızı geri almağa gedirik”.
1992-ci il mayın 3-də Allahverdi Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdı. Həmin ay Allahverdi Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladılar.
Əfsanəvi komandirin başçılığı ilə Aranzəmin kəndi uğrunda gedən döyüşlərdə torpağımıza basqın edən 100 yaraqlı, işğalçı erməni qulduru məhv edilmiş və 10 düşmən əsir götürülmüşdür.

O, Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçılarının meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidmət göstərmişdir. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdir. Bağırov erməni polkovniki Vitali Balasyan vasitəsilə üç gün ərzində 1 003 nəfərdən çox Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Ağdamın Qarağacı qəbiristanlığında azərbaycanlı əsirləri təhvil alır, erməni işğalında olan işgəncələrə məruz qalan əsirlərimizi avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı. Hətta özünün saxladığı mal-heyvanını kəsdirərək şəhidlərimizə ehsan verirdi, imkansıza kömək edirdi.

Səkkizgünlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev: “Məni əsirlikdən qurtarmaq üçün Allahverdi Bağırov çox çalışdı. İgid qəhrəman Allahverdi Bağırova ermənilər pul təklif etmişdilər ki, azərbaycanlılar tərəfindən əsir götürülmüş muzdlu Suriya ermənisini qaytarsın. Allahverdi qəti etiraz edərək ermənini söymüşdü. Rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxdırmışdı rəhmətlik. Yeri behişt olsun”.
Məhz Allahverdi Bağırovun Vitali Balasyanla apardığı danışıqlar nəticəsində, hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alınması mümkün olmuşdu.
Allahverdi Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını və qızlarını dəhşətli vəziyyətdə görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşağının ermənilər tərəfindən vəhşicəsinə öldürülməsi ona pis təsir etmişdi.
2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:

“Onun üzündəki solmuş təbəssümünü, yorğun sifətini unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə, yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi, artıq haradasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verirdi. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçilərə silahla davranmağı öyrədirdi. Allahverdi Əsgərana - döyüşlərin ən qızğın mərkəzinə gedib, oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı quldurları ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi”.

1992-ci il iyunun 12-də Allahverdi Bağırovun rəhbərliyi ilə Naxçıvanik, Aranzəmin, Kətik, Ağbulaq, Pircamal yüksəklikləri erməni quldurlarından təmizləndi. Postlar quruldu. Növbəti postu yoxlayarkən xidməti avtomobili minaya toxundu.
Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov və sürücüsü Əmir şəhid oldular.
Qarabağın sanki bel sütunu qırıldı.
Ölkə Prezidentinin Sərəncamı ilə Allahverdi Bağırova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Vətən uğrunda canından keçən Allahverdi Bağırova Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunmaq üçün yer ayrılsa da, qardaşı polkovnik Əmir Bağırovun təklifi ilə o, yaşadığı doğma Ağdamın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

“Allahverdini Bakıda dəfn etsək, bəs onda burdakı şəhidlərimizi, Eldarı hara aparaq?” – deyə hönkürtü ilə Əmir Bağırovun dediyi sözləri bu gün də xatırlayıram.
Allah rəhmət eləsin!
Hər il Allahverdi və Eldar Bağırov qardaşlarının xatirəsinə həsr olunmuş futbol yarışları keçirilir.
Qeyrət rəmzi olan Bağırov qardaşlarının mərdliyi, qorxmazlığı, xeyirxahlığı haqqında çoxlu məqalələr yazılıb. Televiziyalarımızda filmlər çəkilib.
Tanınmış qələm sahibləri İlyas Allahverdiyev, Aqil Abbas, Elbrus Şahmar, Surxay Əlibəyli, Sarvan Şamil oğlu, Seyidağa Mövsümlü, Asif Mərzili, Rauf İlyasoğlu, Əyyub Şırlanlı, Zakir Ağdamlı və neçə-neçə ziyalılarımız Allahverdi və Eldar Bağırov qardaşlarının şərəfli döyüş yolundan, qısa, lakin mənalı həyatı barədə əsərlər, poemalar, məqalələr, şeirlər yazmışlar.

Allahverdi Bağırov həyətində saxladığı mal heyvanını, var-dövlətini də şəhidlərimizin dəfninə sərf etmiş və demişdir: “Erməni mənim meyidimin üzərindən adlayıb Ağdama girə bilər”.
Bu gün də Ağdamın mərkəzi sayılan Quzanlı qəsəbəsinə daxil olarkən hər kəs ayaq saxlayır və şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edir. Allahdan bütün şəhidlərimizə şəhidlərimizə rəhmət oxuyurlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov