Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar
Tarix: 22.04.2019 | Saat: 18:45:00
Bölmə:Sosial | çapa göndər

Dövlət başçısı İlham Əliyev bu yaxınlarda bildirdi ki, yaşadığımız 2019-cu ildə sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından digər illərdən köklü fərqlənəcək. Çünki vətəndaşların rifahını yüksəltməyi nəzərdə tutan sosial paket üzərində ciddi iş aparılır. Doğrudan da, son aylar ərzində vətəndaşların yaşam səviyyəsini yüksəltməyi hədəf alan çox sayda fərman və sərəncamlar imzalanıb və icrasına başlanılıb. Qeyd etdiyimiz bu sosial paketə minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrə, şəhid ailələrinə, müharibə veteranlarına verilən təqaüdlərin artırılması və sair daxildir.

Gəlin cəmiyyətdə inqilab yaradan sözügedən sösial paketdə göstərilən detallara ayrı-ayrılıqda nəzər salaq.

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçmiş əziz şəhidlərimizin ailələri hər zaman dövlətin diqqətindədir. Dövlət başçısının ötən il aprelin 19-da və bu ilin yanvar ayında imzaladığı iki fərmanla şəhid vərəsələrinə 11 min manat həcmində birdəfəlik ödəmənin verilməsi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin diqqətdə saxlanıldığını isbatlayır. Bu iki fərmana əsasən 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi nəzərdə tutulub və bunun üçün 135 milyon manat vəsait ayrılıb. Artıq 6200-ə yaxın şəhidin 9100 vərəsəsinə birdəfəlik ödəmə verilib və bu il ərzində digər vərəsələr də ödəmə ilə təmin ediləcəklər.

Prezident İlham Əliyevin və birinci Vitse-prezident Mehriban Əliyevanın ötən il avqustun 1-də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni mənzillərin verilməsi tədbirində iştirakı, həmçinin bu il yanvarın 28-də şəhid ailələri ilə keçirilən görüş bu kateqoriyalardan olan vətəndaşlara gostərilən qayğının təsdiqi olub. Mənzillərin paylanılması tədbirindən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair sərəncam imzalayıb. Nəticədə ötən il həmin kateqoriyalardan olan insanlara 207 mənzil nəzərdə tutulsa da, 626 mənzil təqdim edilib.

“Həyat yoldaşım üç il əvvəl dövlətimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olub. Biz şəhid ailəsi olaraq qəfil arxalandığımız atanı, həyat yoldaşını, gündəlik həyatda dayağımızı itirirdik. Xüsusilə də, Azərbaycan mentalitetində kişi evin adərəedəni, bütün çətin məsələlərini həll edəni, qərar verəni olduğu üçün ağrı-acımız çox böyük idi. Məhz belə bir anda, ailənin sarsıntı keçirməməsi üçün dövlət qabaqlayıcı tədbirlər görməyə başladı”, – deyir aprel döyüşləri zamanı Lələtəpə cəbhəsində şəhid olmuş kəşfiyyatçı polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova. O, qeyd edir ki, dövlət onların timsalında hər bir şəhid ailəsinə ciddi mənəvi-maddi dəstək verir. Bunlardan biri də şəhidin sağlığında aldığı məvacibin həcmi qədər aylıq təqaüdün ailəyə verilməsidir. “Şəhid ailəsi olduğumuza görə dövlət bizə ayda 220 manat həcmində təqaüd verir. Hətta bu yaxınlarda prezidentin sərəncamı ilə həmin məbləğ 100 manat artırılaraq 320 manata çatdırılıb. Dövlətin qayğısı təkcə şəhidin xanımı, övladları üçün deyil, həm də onun həyatda olan ata-anasına da şamil olunur. Məsələn, yoldaşımın ata-anası sağ olduğu üçün dövlət onlara da müəyyən məbləğdə təqaüd verir. Bu isə oğlunu, ərini, atasını itirən insanlar üçün böyük köməkdir”, – bildirir Nəcibə xanım.

“Şəxsən mən bir dəfə də olsun nə Müdafiə Nazirliyinə, nə də başqa bir yerə hər hansı yardım üçün getməmişəm. Bütün sənədlər hazırlanıb, hətta gətirib evdə bəzi tələb olunan yerlərə imza atdırıblar. Dövlət bu qədər ehtiram göstərib şəhid ailəsi olaraq bizə. Bundan başqa, övladlarımın təhsil aldığı məktəblərdə onlara hər cür mənəvi dəstək verildi, elə tədbirlər görüldü ki, uşaqlar atalarının yoxluğundan çox əziyyət çəkməsinlər” deyən Nəcibə Axundova ailə başçısını itirəndən sonra dövlət tərəfindən mənzillə təmin olunduqlarını da diqqətə çatdırıb. “Əslində bizim evimiz var, onu rəhmətlik yoldaşım sağlığında işləyib alıb. Ancaq dövlət şəhid ailəsinə ehtiram əlaməti olaraq bizi daha böyük, daha gözəl mənzillə təmin etdi. Buna görə də ailəmiz adından dövlət rəhbərliyinə təşəkkür edirəm” deyir şəhid döyüşçünün xanımı. “Biz yoldaşımın sağlığında hərbçi ailəsi olaraq Müdafiə Nazirliyinin hərbi qospitalında qeydiyyata alınmışıq və ehtiyac yarananda orada tam dövlət hesabına müayinə və müalicə olunurduq. Yoldaşım şəhid olandan sonra da dövlət bu imtiyazı bizdə saxladı və indi də həmin hospitalda pulsuz müayinə və müalicə olunmaq hüququmuz var”, - Nəcibə Axundova minnətdarlıqla bildirir.

Qeyd edək ki, bu il yanvarın 28-də verilən sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb və il ərzində 800 mənzil həmin insanlara paylanılacaq. Bundan əlavə, bu il müharibə əlillərinə 600-dək avtomobilin verilməsi də nəzərdə tutulub. Ümumilikdə müharibə əlillərinə indiyədək 6144 avtomobil verilib.

Dövlət başçısının bu il yanvarın 30-da imzaladığı fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, fevralın 21-də verdiyi digər fərmanla isə Əfqanıstanda şəhid olanların ailələri üçün 220 manatdan 300 manata qaldırılıb.

Problemli kreditlərlə bağlı görülən işlərə gəlincə, bu yönümdə atılan addımların dünyada analoqu yoxdur. Hazırda bir çox ölkədə bənzər problem mövcud olsa da, heç birində Azərbaycan hökuməti kimi cəsarətli qərarı vermək barədə düşünülmür. Vətəndaşların sosial problemlərinin həlli yönümündə mühüm addımlar atan prezident İlham Əliyevin bu il fevralın 28-də verdiyi fərman devolvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə şərait yaradıb. Yəni vətəndaşlar dolların məzənnəsinin dəyişməsi nəticəsində banklara ödədikləri əlavə vəsaiti geri alacaqlar, məlum səbəblərdən kreditlərə hesablanan faiz və cərimələr silinəcək. Ortalama 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu qərar dövlət başçısının ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirib.

Göyçay rayonu Hüngütlü kənd sakini Fərid Tağızadə deyir ki, vaxtilə banklardan birindən 800 dollar məbləğində kredit götürür və aradan bir ay keçməmiş devolvasiya baş verir. Bu səbəbdən də o, hər ay banka nəzərdə tutulandan xeyli artıq vəsait qaytarır və nəhayət kredit borcunu tam ödəyir. “Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını alqışlayıram. Çünki bir vətəndaş olaraq mən də həmin fərmandan yararlanacağam. Hesablamalar aparılıb və məlum olub ki, devolvasiya ilə əlaqədar banka əlavə ödədiyim 276 manat özümə qaytarılacaq” deyir F.Tağızadə.

Gəncənin Sadıllı kəndində yaşayan Şahzadə Bağırov da problemli kreditlərin həlli ilə bağlı dövlətin qəbul etdiyi məlum qərarı alqışlayır. “Vaxtilə mal-qara almaq üçün bir neçə bankdan dollar ilə xeyli miqdarda kredit götürmüşdüm. Amma devolvasiya baş verdi və mən aldığım inəkləri də sataraq bankdan götürdüyüm borcu qaytardım. Çox böyük ziyana düşmüşdüm. Prezidentimiz sağ olsun, bu qərarı ilə mənə sanki ikinci dəfə həyat bəxş etdi. Hesablanıb, banklar mənə ümumilikdə 25 min manat qaytaracaqlar. Belə şad xəbərə necə sevinməyəsən. Ataların bir sözü var: su gələn arxa yenə gələr. Allah qoysa, həmin pulla 7-8 baş inək alıb şəxsi təsərrüfatımı quracağam...”, – deyən Ş.Bağırov sevincini bizimlə bölüşdü.

Dövlətin başqa bir dəstəyi sosial müavinətlərin artırılması ilə bağlıdır. Dövlət başçısının göstərişi ilə əlavə yığılan büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların və pensiyaların artırılmasına istiqamətləndirilib. Sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və bu proqramla 600 minə yaxın insan əhatə olunub. Son 1 ildə 45 minə yaxın vətəndaşa ünvanlı sosial yardım verilib. Həmin ailələrin 95 faizinin övladları 18 yaşına qədər olanlardır.

Eyni zamanda, bu il fevralın 26-da verilən sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılmaqla, həmin müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verilib. Fevralın 14-də imzalanan başqa bir sərəncamla isə 110 minədək tələbəyə verilən təqaüd də artırılıb.

Dövlətdən sosial müavinət alan vətəndaşlardan biri də Şəkinin Baş Göynük kənd sakini Sarvan Cəfərov olub. Deyir ki, beş nəfərlik ailəsi var. Özü xəstədir, xanımı işləmir, üç azyaşlı övladı məktəbdə oxuyur. “İki il ərzində dövlətdən sosial müavinət almışıq. Hər ay bizə verilən 120 manatla evin-ailənin ən zəruri ehtiyaclarını ödəmişik. Düzdür, indi yardım dayandırılıb, amma sənədləri toplayıb yenidən müraciət etmişəm, inşallah sevindirici cavab alaram”, – deyir S.Cəfərov.

Bir neçə il öncə (2016-cı il) ölkədə işsizliyin səviyyəsini azaltmaq, insanların rifahını yüksəltmək məqsədilə özünəməşğulluq proqramı hazırlanıb. Şəxsən dövlət başçısının təşəbbüsü əsasında həyata keçirilən bu proqramda kənd yerlərində yaşayan ailələrə mal-qaranın alınıb verilməsi, bu yolla insanların dolanışığını yaxşılaşdırmaq, həm də yerlərdə iqtisadi inkişafa təkan vermək nəzərdə tutulub. Bizim də bildiyimiz kimi, 2016-cı ildən indiyədək bu proqram çərçivəsində vətəndaşlara 22 minədək mal-qara paylanıb.

Dövlət başçısının sərəncamı ilə minimum pensiya məbləği martın 1-dən orta hesabla 40 faiz artırılıb ki, bununla da 233 min vətəndaşın pensiyasında əhəmiyyətli artım baş verib. Azərbaycan alıcılıq qabiliyyəti indeksi üzrə minimum pensiyanın məbləğinə görə artıq MDB məkanında ilk iki yeri bölüşür.

Sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi bu il fevralın 8-də verilən sərəncamla ölkədə minimum əməkhaqqının martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması olub ki, bu artım 600 min işçini əhatə edəcək. Minimum əməkhaqqının yaşayış minimumuna çatdırılmasına imkan verən həmin artım eyni zamanda qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına müsbət təsir göstərir...


Vüsal Tağıbəyli

 

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019