Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəb həndəvərlərində sahibsiz itlərə gəl-gəl deyən zibil qutuları – TƏHLÜKƏ MƏNBƏYİ
Tarix: 23.04.2019 | Saat: 16:06:00
Bölmə:Reportaj | çapa göndər

Sizə haradan xəbərim verim, kimdən danışım deyərkən ağlıma Bakını cənginə almış sahibsiz itlər gəldi. Hafta.az-ın obyektivini də götürüb son günlər orta məktəblərin, bağçaların yaxınlığındakı zibil qutularının başında “növbə çəkən” sahibsiz itlərin arxasınca düşdüm.

Açığı çox uzağa getmədim. Redaksiyamızın yaxınlığındakı 13 saylı məktəbin düz həndəvərində zibil qutuları qoyulub. Bir az aralıda isə 6 saylı körpələr evi-uşaq bağçası var. Yəni, hər gün buradan onlarla uşaq məktəbə və ya bağçaya gedir. Əksəriyyəti də azyaşlılardır. Təxminən bir il, il yarım əvvəl yaxınlıqdakı zibilqablarının götürülməsini tələb edirdilər. Onların şikayətləri isə sahibsiz itlərdən qorxmalarıdır. Məsəl var, deyirlər ki, iti vurmazlar sahibinə görə. Bəs sahibsiz itlərlə necə başa çıxsın bu “başı açıq” camaat?

Hər gün 13 nömrəli orta məktəbin və 6 saylı bağçanın önündən onlarla insan yaxınlıqdakı zibillikdə eşələnən toplanların arasından qorxa-qorxa, uşaqlarını bu azğınlaşmış, hər kəsə diş ağardan bu sahibsiz itlərdən qorğana-qorğana keçirlər.

“Zibilqablarının yanında səhərlər 10-15 it olur...”

Günorta saatlarında uşaqlarının əlindən tutub evlərinə aparan valideynlərlə elə itlərə “gəl-gəl” deyən “sahibsiz” zibil qutularının yanında söhbətləşirik. Sevda adlı bir xanım deyir ki, qışda həmin itlər seyrək görünür. Bir az gün işıltısı gördülərmi o saat zibilqablarından özlərinə yemək axtarırlar. Ac olanda isə hətta adama da hücum çəkirlər: “Dəfələrlə şahidi olmuşam ki, zibilqablarından bir şey tapmayanda balaca uşaqlara hürürlər. Heç nədən çəkinəcəkləri yoxdur. Əyilib əlini daşa uzadırsan ki, bəlkə qorxalar, amma saymazyana düz adamın gözünün içinə baxırlar. Azğınlaşıblar. Hətta bir dəfə rəfiqəmin qızına hücum da çəkmişdilər. Bir-iki gün əvvəl azyaşlı uşağı da parçalayıb. Saytlardan oxumuşam. Təhsil Nazirliyi icra hakimiyyətləri qarşısında məsələ qaldırmalıdır. Belə olmaz. Məktəblərin, bağçaların yaxınlığından zibil qutuları götürülməlidir. Çünki sahibsiz itlərin hamısı çörəyə, burada eşələnib yemək tapmağa gəlirlər”.

Başqa bir şagirdin anası isə deyir ki, səhərlər sahibsiz itlər zibilqablarının yanında daha çox olur: “Zibilqablarının yanında səhərlər 10-15 it olur. Həm özüm üçün qorxuram, həm də uşaq üçün. Bəlkə də quduzdur, kim bilir? İynə-dərman edən varmı ki? Bilmirəm. Günortalar az olur. Ona görə qorxuram ki, uşaqdı, dişləyər, quduzluq keçər, Allah qorusun”.

“Məktəb divarları önündə sahibsiz itlərlər...”

Paytaxtın Yasamal rayonu ərazisindəki 167 saylı məktəbin arxa tərəfindəki zibil qutuları da sahibsiz itlərin mühasirəsindədir. Onların “qida mənbəyi”dir buralar. Dərsdən çıxan məktəblilərlə söhbətləşirik. Şəkillərinin çəkilməsini istəmirlər. Direktordan qorxduqlarını deyirlər. Onu da bildirirlər ki, səhərlər məktəbin arxasındakı beşmərtəbəli və 17 mərtəbəli binalardan dərsə gələn uşaqlar bu cür itlərdən çox çəkiblər. Ayaz adlı şagirdin dediklərini oxuyaq: “Əsasən qızlar qorxur, əmi. Biz oğlanıq, itlərin üstünə qışqıranda qaçırlar. Amma qızlar hər dəfə dərsdən çıxanda bizə deyirlər ki, gəlib onları ötürək. İtlərdən qoruyaq. Hər zaman zibil qutularının yanında olurlar”.

Başqa bir uşaq isə deyir ki, həmin itlər dərsdən çıxıb mağazaya gedən və oradan bulku, şirniyyat alan uşaqların əllərində bu cür şeylər görsələr hücum çəkirlər. Fərid adlı uşaq isə deyir ki, ötən il həmin sahibsiz itlərdən biri onun arxasınca düşüb: “Əlimdə peçenya var idi. Yeyə-yeyə evə gedirdim. Bir də gördüm arxamca gəlir. Gördüm ki, it peçenyanı yeyəcək. Hamısını birdən uddum. Arxamca düşdü. Əl çəkmədi. Evə tərəf üz qoydum. Blokun ağzına çatanda çantamdan yapışdı. Balacaboy it idi. Yerə yıxıldım. Şalvarımın dizi cırıldı”.

Uşaqlar da, valideynlər də məktəblərin yaxınlığında zibil qablarının yerləşdirilməsindən narazıdırlar. Onların tələbləri sahibsiz itlərə “yaşıl işıq” yandıran bu dəmir qutuların tezliklə təhsil ocaqlarının yaxınlığından götürülməsidir. Görünür, aidiyyatı qurumlar isə daha böyük bədbəxt hadisənin olacağını gözləyirlər. Yoxsa, indiyə qədər sahibsiz itlərə sahib çıxmasalar da, zibil qutularına, dövlət invertarlarına çoxdan sahib çıxmışdılar...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019