Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar
Tarix: 25.04.2019 | Saat: 20:00:00
Bölmə:Sosial | çapa göndər

“Biz bütün sahələrdə islahatlara start verəcəyik, ölkədə həm idarəetmə, həm iqtisadiyyat, həm siyasət, həm də məhkəmə-hüquq sahəsində yeni modellər, yeni formalar tətbiq edəcəyik”.

Prezident İlham Əliyev bu islahatların anonsunu hələ ötən ilin aprelində keçirilmiş seçkidən əvvəl bəyan etmişdi. Seçkilər başa çatdıqdan bir neçə ay sonra ölkə başçısının əvvəlcədən planlaşdırdığı bu islahatların reallaşdırılması istiqamətində mühüm addımlar atılmaya başladı. Hökumətin verdiyi qərarların içərisində ən mühüm, ən böyük əhəmiyyət kəsb edəni isə sosial sahədə verilmiş fərman və sərəncamlardır. Belə ki, əhalinin, xüsusilə də aztəminatlı ailələrin rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsi ilə təmin olunması istiqamətində görülən işlər bu siyasətin sırf vətəndaş amilinə bağlı olduğunu elə ilk addımlarda özünü göstərdi. Məlum oldu ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən köklü islahatlar Azərbaycan xalqımızın rifah halının yüksəldilməsinə, aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşmasına hesablanıb. Bu tədbirlərin ən mühümlərini sosial əhəmiyyəti və əhatə dairəsinə görə aşağıdakı kimi təsnifatlaşdırmaq olar:
- Şəhid ailələrinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödənişlər;
- Məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin məbləğinin 40 manatdan 60 manata qaldırılması;
- Minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması;
- Qarabağ və 20 Yanvar əlillərinin, veteranların aylıq müavinətinin artırılması;
- Uşağın anadan olmasına görə birdəfəlik müavinətin 200 manata çatdırılması;
- Problemli kreditlərin həll edilməsi və sair.

Sosial diqqət: diqqət mərkəzində şəhid ailələridir

Birincidən başlayaq: Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında indiyədək 10 000-ə yaxın şəhid vərəsəsinə birdəfəlik ödəmə verilib. Şəhid ailələrinə dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndirilən bu qərar ölkə əhalisinə yönəlik “sosial açılım”ın, daha doğrusu, son bir ildə həyata keçirilən sosial islahatların ən mühüm hissəsini təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiya tərəfindən 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və həmin ailələrin demək olar ki, əksəriyyəti onlara çatacaq vəsaiti əldə edə biliblər.

Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamı isə aprelin 1-dən qüvvəyə minib. Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Yəni müavinət 40 manatdan 60 manata çatdırılıb. Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunur.

Problemli kreditlərin həlli istiqamətində də ciddi addımlar atılıb. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanından irəli gələn məsələlər də artıq həllini tapmaq üzrədir. İlkin hesablamalara görə, problemli kreditlərin həlli üçün 1,4 milyard manata yaxın vəsait tələb olunur. Bu məbləğin təqribən 700 milyon manatı məzənnə dəyişikliyi nəticəsində vətəndaşların əsas borc məbləği üzrə yaranmış əlavə vəsaitin kompensasiyasına yönəldiləcəyi gözlənilir. 682 milyon manat isə fərman imzalanan günə ödəmə müddəti 360 günü ötmüş 10 000 dollar və ya 17 000 manata qədər olan borcların yenidən şərtləndirilməsi ilə bağlı olacaq.

Artıq problemli kreditlər üzrə hesablanmış kompensasiyaların ödənilməsinə başlanıb. Həmçinin 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar da aprelin 22-dən etibarən "Azərpoçt" MMC-nin respublika üzrə bütün şöbələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala bilirlər. "Azərpoçt"un icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunub. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcək. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.

Bir sərəncamla 600 min nəfərin maaşı artıb

Prezident İlham Əliyev fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləği 130 manatdan 180 manata qaldırılıb. Minimum aylıq əməkhaqqının birdən-birə 50 manat artırılması 38,5 faiz artım deməkdir. 2019-cu ilin martın 1-dən qüvvəyə minən bu sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləği müvafiq qaydada artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına minimum əməkhaqqının 38,5 faiz artması ilə Azərbaycanda 600 min nəfərin aylıq gəlirləri artıb. Bu artım dövlət sektorunda işləyən 450 min nəfərin maaşında 30, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz səviyyəsində olub. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Xatırladaq ki, son 15 ildə Azərbaycanda əmək haqları 7, minimum əmək haqları isə 6,5 dəfə artırılıb. Nəzərə alsaq ki, işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqıdan az maaş verilməsi qanunla qadağandır, onda Prezident İlham Əliyev fevralın 8-də imzaladığı bu sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlik ən böyük addımlardan biridir.

İqtisadçı ekspert Vüqar Bayramov minimum əməkhaqqının birdən-birə 38,5 faiz artırılmasını vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addım kimi dəyərləndirir: “Bu, həm ölkənin ümumi iqtisadi vəziyyəti, həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti olan dəyişiklikdir. Nəzərə alsaq ki, minimum əməkhaqqının artırılmasından bəhrələnən vətəndaşların əhatə dairəsi daha genişdir, onda bu qərarın sosial əhəmiyyətini daha aydın görmək olar. Bəlkə də ilk baxışdan natural formada 50 manatlıq artım çox da böyük görsənməyə bilər, lakin faiz etibarilə birdən-birə 38 faizlik artım çox böyük göstəricidir. Bu, həm də özəl sektora bir mesaj idi. Çünki bu qərar təxminən, 600 mindən artıq insanı əhatə edir və bunun 400 min nəfəri dövlət sektorunda, 200 min nəfəri özəl sektorda çalışanların payına düşür”.

Ekspert tələbə təqaüdlərinin, pensiyaların artırılması, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz artırılmasını da ölkə başçımızın sosial islahat paketinin ayrı-ayrı hissələri kimi dəyərləndirib. Onun sözlərinə görə, minimum pensiya artırıldıqdan sonra “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb olub: “Yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırıldı. Əvvəllər bu rəqəm ümumi səbəbdən əlillər üçün 82, müharibə əlilləri üçün 101, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manat idi. Amma vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan azdırsa, o zaman pensiya məbləğinin hansı məbləğ olmasından asılı olmayaraq, 160 manata çatdırılacaq. Bu o deməkdir ki, I qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, pensiya məbləğində minimum məbləğdən söhbət gedir və bu daha yüksək ola bilər. Buna görə də öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşların aldıqları vəsaitin pensiya, yoxsa müavinət olmasına diqqət yetirmələri vacibdir”.

Sosial müavinətlər və Prezident təqaüdləri orta hesabla 100 faiz

Vüqar Bayramov yeni sərəncamla fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinətlə yanaşı, hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilməsini də müsbət dəyərləndirib. O qeyd edib ki, dəyişikliyə əsasən, fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ 150 manat deyil, qulluq xərci ilə birlikdə 200 manat olacaq: “Digər məqam minimum pensiya artımları artıq martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanır. Sonuncu sərəncamla sosial müavinətlərin artımına ildə əlavə olaraq 400 milyon manat ödəniləcək və bu qərar 577 min nəfəri əhatə edəcək”.

İqtisadçı ekspert deyib ki, Prezident İlham Əliyevin aprelin 15-də imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edir. Onun fikrincə, bu qərarlar uğurlu sosial islahatlar paketinin növbəti nailiyyəti olmaqla, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli addımın atılması deməkdir.

Prezidentin imzaladığı digər bir fərmanla isə 5-dən çox uşağı olan qadınlara hər bir uşaq üçün sosial müavinətin məbləği 55 manata çatdırılıb. Həmçinin, müharibə veteranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdünün təsis olunması tapşırılır. Fərmanda qeyd olunur ki, bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

Beləliklə, aprelin 1-dən etibarən Azərbaycanda 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. Həmçinin, 2 kateqoriya üzrə yeni Prezident təqaüdləri təsis edilib. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli pensiya və müavinətlərinin artırılması ilə bağlı son islahatları şərh edərkən bu dəyişiklikləri sosial sahədə“inqilabi addım” kimi dəyərləndirib: “Son bir neçə ayda Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addımlar atılıb. Bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir. Artıq pensiya təminatı sahəsində köklü islahatların bünövrəsi qoyulub və hazırda bu istiqamətdə çox böyük işlər görülür. Bütün bu islahatlar Azərbaycanda əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edir. Artıq hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

Cəmilə Hüseynli

P.S. Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019