Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar
Tarix: 26.04.2019 | Saat: 11:46:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan dövlətinin siyasi qüdrətinin artması ilə yanaşı, sosial imkanlarının genişlənməsi ilə əhalinin rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə dövlət bir sıra inqilabi sosial islahatlara start verməyə başlayıb. Təbii ki, burada ölkə başçısı İlham Əliyevin mən hər bir azərbaycanlının prezidentiyəm, bizim siyasətimizin arxasında Azərbaycan vətəndaşı dayanır şüarının hər nüansına əməl olunduğunu görürük. Təbii ki, ölkə başçısı bu fikirləri 2003-cü ilin prezident seçkiləri ərəfəsində səsləndirmişdi. Zaman keçdikcə ölkəmizdə silsilə sosial iqtisadi layihələrin həyata keçirilməsinin daha qabarıq şahidi olmaqdayıq. Bu proses 2017-ci ildən başlayaraq daha da sürətləndirildi.

Heç şübhəsiz ki, ölkə prezidentinin yürütdüyü siyasətin əsas istiqamətlərindən olan sosial siyasət, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilin əvvəlindən başlayaraq imzaladığı fərman və sərəncamlar onu deməyə əsas verir ki, 2019-cu il böyük sosial səmərəlilik ili olacaq: “Məlumdur ki, cənab İlham Əliyevin çıxışlarındakı bütün fikirlərin dövlət siyasətində fiksasiyası var. Bu mənada onun 2018-ci ilin prezident seçkilərindən sonra keçirilmiş andiçmə mərasimində səsləndirdiklərini 2019-cu il üçün görüləcək işlərin bir növ anonsu olaraq dəyərləndirmək mümkündür”.

Bir sözlə, 2018-ci ildə keçirilən prezident seçkilərdən təxminən 11 aylıq müddət keçdikdən sonra çox əhəmiyyətli sosial islahatların şahidi olduq. Həyata keçirilən islahatların altında heç şübhəsiz ki, president İlham Əliyevin silinməz imzası var. Bu müddət ərzində həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər baş verdi. Prezident seçkilərindən sonra İlham Əliyevin imzaladığı ilk fərman da vətəndaşlarımızın müəyyən qisminin sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar oldu. Ötən bir il ərzində prezident tərəfindən sosial yönümlü, sosial strategiyanın həyata keçirilməsi ilə bağlı çox vacib sənədlər imzalandı. Nəticə etibarilə Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına başlanıldı. Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırıldı. Beləliklə, Azərbaycanda təxminən 600 mindən çox insanın yaşayış səviyyəsində, aldığı əmək haqlarında ciddi artım baş verdi. Eynilə minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına kömək göstərəcək. Azərbaycanda bütün zümrədən olan vətəndaşlara verilən müavinət, təqaüd və güzəştlər əhəmiyyətli dərəcədə artıb. Elə bir zümrə yoxdur ki, dövlət tərəfindən müəyyənləşdirilən təqaüd, güzəşt və yardımlarda bu və ya digər dərəcədə artımları hiss etməsin.

Bir müddət öncə prezident öz çıxışlarında ciddi islahatların aparılacağının anonsunu verdi. İslahatların dərinləşəcəyini bildirdi. Özü də o, bu məsələni sırf vətəndaşların yaşayış səviyyəsinin artırılmasının vacibliyi kontekstində izah etmişdi. Çox keçmədi ki, bu islahatların işığı sadə vətəndaşların gözlərini qamaşdırmağa başladı. İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın vərəsələrinə 11 min manat vəsaitin ödənilməsi məsələsinə baxıldı. Bu məsələ artıq tam şəkildə həllini tapıb. Eyni zamanda, 2019-cu ilin mart ayının 1-dən şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün məbləği 242 manat deyil, 300 manat, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manat yox, 300 manat məbləğində hesablanır.

Minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artım qeydə alındı. Ölkə başçısı bütün bunlarla bağlı müvafiq sərəncamlar verdi. Fərmanlar imzaladı. ki, Ümumilikdə isə bu 600-800 min arası insanın həyatına müsbət təsir göstərəcək. Ailə büdcələri möhkəmlənəcək. Bundan başqa 2019-cu il aprel ayının 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğində 50 faizlik artım olacaq. Təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə artırılacaq. Bir çox ekspertlər, ictimaiyyət nümayəndələri, millət vəkilləri, hətta parlamentdə təmsil olunan müxalif partiya sərdləri də etiraf edirlər ki, prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncamı isə əhali qruplarının, qayğıya ehtiyacı olan şəxslərin maraq və mənafelərinin təminatına kompleks yanaşma baxımından son dərəcə dolğun və əhatəli dövlət sənədidir. İslahat vətəndaşlarımızın yalnız maddi rifah halının yaxşılaşdırılmasını, yəni əməkhaqqı, təqaüd və müavinətlərin artırılmasını yox, onların sıxıntılarının aradan qaldırılmasını nəzərdə tutur. Bu yerdə ölkə başçısı İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli fərmanına nəzər salmaq lazımdır. Adıçəkilən dövlət sənədində də vurğulanır ki, burada əsas məqsəd istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərinin qorunmasıdır. Bu zaman sosialyönümlük və humanizm prinsipləri də əsas götürülür. Axı burada söhbət hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binalardan gedir. Həmin binaların istismarına icazə proseduru və müddəti stimullaşdırılır. Bu da mövcud sahədəki idarəçiliyin şəffaflığına yönələn ən parlaq addımlardandır. Ölkə rəhbərinin sosial təşəbbüsləri və bu təşəbbüsləri özündə birləşdirən geniş miqyaslı islahat paketi problemli kreditlərdən əziyyət çəkən vətəndaşları da götürsək, ümumilikdə təqribən 2 milyondan artıq əhalini əhatə edir.

Məlum olduğu kimi, 2019-cu ilin aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri artırılıb. Qeyd edək ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevralın 25-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalamışdı. Sərəncam, ümumilikdə, 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir. Sərəncama uyğun olaraq, sosial müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan) 150 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılıb. Həmçinin uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği 146 manatdan 300 manata çatdırılıb.

Müharibə əlillərinə də Prezidentin təqaüdünün məbləği I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin olunub.

Bir sözlə, bu gün Azər­baycan sosial-iqtisadi sahədə uğurla inkişaf edir. Əhalinin sosial inkişafı üçün la­zım olan hər bir şərait yaradılıb. Millət vəkili Sevinc Hüseynova da hafta.az-a açıqlamasında bildirib ki, əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiy­yə­tin başlıca sosial prob­lemlərindən olan yoxsulluğun sə­viy­yəsinin azaldılmasıdır. Ötən dövrdə iqtisadiyyatin sürətli inkişafı yox­sulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində öl­­kədə yoxsul­luğun səviyyəsi azaldı. Bu baxımdan, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir”-deyə, deputat qeyd edib.

Bütün bunlarla yanaşı, prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilir. Aprelin 1-dən etibarən müharibə əlillərinin təqaüdlərinin artırılması isə bu qayğının davamlı olduğunu bir daha təsdiqləyir. Təbii ki, müharibə şərəitində yaşayan bir ölkə üçün bu kimi addımlar olduqca əhəmiyyətlidir. Dövlətin müharibə iştirakçısına göstərdiyi qayğı və diqqət həm də gənclərin vətənpərvərlik ruhuna müsbət təsir göstərir. Bu mənada ölkə başçısının atdığı addımları yüksək qiymətləndirərək əhalinin həssas qruplarına götərilən qayğının gələcəkdə də davamlı olacağına əminik”.

Bütün bunlar da ölkə başçısının vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanan sosial islahatlar paketinin tərkib hissəsidir. Ölkə prezidentinin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sosial islahatlar özünün inqilabi mərhələsini yaşayır.

Sonda isə bir sorğunun statistikasını paylaşmaq istəyirəm. Xatirinizdədirsə, bu il aprel ayının 9-da Fransanın “Opinion Way” şirkəti Azərbaycanda sorğu keçirmişdi.

“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını vermişdi. Bu da sizə sadə insanların ölkədə aparılan islahatlara verdiyi qiymət. Deməli xalq hər zaman sosial islahatları ilə onların yanında olduğunu əməli şəkildə göstərən prezidentinin yanındadır. Xalqımız prezidentin həyata keçirdiyi bütün sosial islahatları bütün tribunalardan təqdir edir.

Tural Turan

P.S. Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019