Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsil müəssisələrində ixtisaslar əmək bazarına uyğunlaşdırılır
Tarix: 06.05.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Mütəxəssislər hesab edirlər ki, təhsil proqramlarının da əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var

Builki tələbə qəbulunda daha çox texniki ixtisaslara üstünlük verilib. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, bu gün daha çox iqtisadiyyatın kənd təsərrüfatı, informasiya texnologiyaları kimi ixtisaslarına diqqət artıb:

“Bu il hazırlanan tələbə qəbulu proqramında artıq bu istiqamətlər öz əksini tapıb. Biz görürük ki, burada texniki ixtisaslara daha çox üstünlük verilib. Çünki əmək bazarı çevik bir sahədir. Elə ixtisaslar var ki, bu gün onların mövcud olmasına ehtiyac yoxdur. Amma elə ixtisaslar da var ki, bu gün əmək bazarına yeni daxil olur. Biz daim bu prosesi izləməliyik və bizim strategiyamız buna uyğun olmalıdır”.
İ.Əliyev hesab edir ki, iqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarında, əmək bazarında baş verən dəyişikliklər isə təhsil sistemində öz əksini tapmalıdır. Təhsil proqramları da buna uyğun hazırlanmalıdır: “Bu proses zəncirvari həyata keçirilir və gələcəkdə də nəzərə alınacaq”.

Onun sözlərinə görə, yeni tədris ili üçün ali məktəblərdə dövlət sifarişli tələbə qəbulu yerlərinin sayı 65 faiz artırılacaq: “Yaxın günlərdə bununla bağlı təklif hökumət tərəfindən təsdiq ediləcək. Hər il tələbə qəbulu üçün təxminən 12 300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ilində bu göstərici 20 400-ə yaxın olacaq. Bu isə 65 faizə yaxın artım deməkdir. Bu artımla daha 8 minə yaxın tələbə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edəcək.
Qeyd edək ki, bu gün ölkəmizin təhsil sistemində islahatlar əmək bazarının yeni tələbləri nəzərə alınmaqla həyata keçirilir. Təbii ki, bu islahatlar ali və orta ixtisas, peşə təhsili sistemində yeni ixtisasların yaradılması ilə nəticələnir. Məsələn, ötən il Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib. Qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “ Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “ İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.

Eyni zamanda “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “ Musiqi texnologiyaları”, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”,“ Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” yaradılıb.
Ötən il ali təhsilin bakalavr pilləsi üzrə ixtisasların siyahısı (ixtisaslaşma) ilə bağlı başqa yeniliklər də həyata keçirilib. Belə ki, I qrupa "İnformasiya texnologiyaları", "Sistem mühəndisliyi", "Sənaye mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları daxil edilib. Eyni zamanda, 2018-ci ildə Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi” ixtisası yaradılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası yaradılıb.
Yeri gəlmişkən, ABŞ-lı mütəxəssislər 2026-cı ilədək ən çox tələb olunan ixtisasları müəyyən ediblər. Həmin siyahı üzrə gələcəkdə 20 ən çox tələb olunacaq ixtisaslar müəyyənləşdirilib. Bunlar kənd təsərrüfatında fermerlər və menecerlər,
kompüter sistemlərinin analitiki, satış təmsilçiləri, yük maşını sürücüləri, müfəttiş (prorab), proqram sistemləri tərtibatçıları, fizyoterapistlər, ibtidai məktəb müəllimləri, kompüter və informasiya sistemlərinin menecerləri, tibbi məktəblərdə müəllimlər, səhiyyə sahəsində menecerlər, analitiklər, marketoloq, vəkillər, mühasiblər və auditorlar, həkimlər və cərrahlar, maliyyə menecerləridir. Bundan başqa həmin siyahıya görə gələcəkdə əməliyyat rəhbərlərinə, proqramçılar (tətbiq tərtibatçıları) və diplomlu tibb bacılarına da ciddi ehtiyac duyulacaq.

Məsələ ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, hazırda Azərbaycanda təhsil müəssisələrində mövcud olan ixtisasların əksəriyyəti sovet dönəmindən qalanlardır: "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təhsili, iqtisadiyyatı, mədəniyyəti dünya arenasına, o cümlədən Avropaya çıxmağa başlayıb. Təəssüflər olsun ki, hələ də dünya standartlarına cavab verməyən ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bunlar daha çox humanitar, sosial və iqtisadi sahələr üzrədir. Yəni, hazırda bir çox inkişaf etmiş ölkələrdə əmək bazarında ciddi şəkildə ehtiyac duyulan elə ixtisaslar var ki, Azərbaycanda o ixtisaslara hazırlıq həyata keçirilmir. Məsələn, bizdə hüquqşünas dedikdə, standart bir hüquq istiqaməti mövcuddur. Ayrıca bu və ya digər sahələr üzrə mülki hüquq, cinayət hüququ, tibbi hüquq və digər sahələr üzrə ixtisaslaşmış kadrlar yoxdur. Bu, eynilə digər sahələrə də aiddir. Ona görə də hesab edirəm ki, ilk növbədə Azərbaycanda dünya standartlarına cavab verən və əmək bazarının ehtiyacı olduğu kadrların hazırlığı həyata keçirilməlidir".
Ekspert vurğulayıb ki, Azərbaycanda tam olaraq dünya standartına cavab verən kadr hazırlığı aparılmır: "Bu, iqtisadiyyat sahəsinə də, tibb sahəsinə də aiddir. Məsələn, bizdə ənənəvi olaraq ümumi stomatologiyadır. Amma dünyada bu, fərqlidir. Uşaq stomatologiyası, yaşlı stomatologiyası var. Və yaxud biz mühasib buraxırıq, amma, hələ də hansı sahə üzrə mühasib hazırlayırıq, onu bilmirik. Amma ixtisaslaşmış kadr olduqda, daha yaxşı mütəxəssis hazırlanır və nəticədə o sahədə olan problemlər aradan qalxır.

Ona görə də hesab edirəm ki, son illər əmək bazarının tələblərinə uyğun ixtisasların yaradılması istiqamətində atılan addımlar müsbət qiymətləndirilməlidir. Düşünürəm ki, zaman-zaman, əsasən turizm, iqtisadiyyatın bu və ya digər sahələri ilə bağlı yeni ixtisaslar ortaya çıxacaq”.
Mütəxəssis həmçinin deyib ki, təkcə yeni ixtisasları yaratmaqla iş bitmir: "Resurslar, yəni dərsliklər, tədris materialları formalaşmalıdır. Yeni yaradılmış ixtisaslar üzrə dərs deyəcək kadrlarımız da yoxdur. Bizə elə gəlir ki, iqtisadiyyatı bilən iqtisadiyyatın bütün sahələri üzrə dərs deyə bilər. Bu, belə deyil. Məsələn, bizdə tarix müəllimi tarixin bütün dövrlərindən mühazirə deyə bilir. Amma inkişaf etmiş ölkələrdə, dünya reytinqli universitetlərdə isə, hər müəllim bir dövr, sahə üzrə mütəxəssisdir. Yeni yaradılmış resurslarda ənənəvi materiallardan istifadə olunmamalıdır. Dünya təcrübəsi əsas götürülməlidir". Onun qənaətincə, hazırda ölkəmizdə ali təhsil müəssisələrinin hazırladığı 60 faiz ixtisaslara artıq əmək bazarında ehtiyac yoxdur: "Hazırda dünyada 40-dan çox ixtisas (robot texnologiya, nanotexnologiya və s.) var ki, hələ də bizdə bu sahələr üzrə kadr hazırlığı həyata keçirilmir. Bu 40-dan çox ixtisasa bizdə ehtiyac var. Amma kadr hazırlığı həyata keçirilmir. Düşünürəm ki, Nazirlər Kabineti növbəti illərdə məhz bunu da nəzərə alacaq".

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Məhərrəm Zülfüqarlı isə deyib ki, hökumətin ali məktəblər və texnikumlarda kadr siyasətinə müdaxilə etməsinə ehtiyac var: “Heç olmasa dövlət universitetlərində bazarda tələb edilməyən bəzi ixtisaslara məhdudiyyət qoyulmalıdır, ya da universitetlər özləri Təhsil Nazirliyinə bazarın tələblərinə uyğun plan yerləri təqdim etməlidirlər. Düzdür, deyə bilərlər ki, demokratiyadır, kim istəyirsə, pulunu ödəyib təhsil almalıdır. Amma problem ondadır ki, bizdə universitetlərin əksəriyyəti təhsil deyil, yalnız diplom verir. Bu problemlər aradan qalxarsa, hökumətin bu sahəyə müdaxiləsinə ehtiyac qalmaz. Nəzərə almalıyıq ki, dövlətin gələcəyi kadrlardan asılıdır. Kadr yerindədirsə, dövlət də inkişaf edir. Hazırda bu sahədə problemimiz olsa da, gələcəkdə dövlət tərəfindən xaricə göndərilən tələbələrin hesabına problemin həll olunacağını düşünürəm. Digər tərəfdən, özəl sektor inkişaf etdikcə, ölkəmizdə diplomlu insanlara yox, mütəxəssislərə ehtiyac olacaq. Bu zaman insanlar diplom xatirinə oxumayacaq, bazarın tələb etdiyi hansısa sənətin, peşənin arxasınca gedəcək”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019