Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda yeni tələbə kredit sistemi yaradılır
Tarix: 08.05.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda müzakirələri gedən sistemin növbəti tədris ilindən tətbiqi planlaşdırılır

Azərbaycanda tətbiq olunacaq yeni tələbə kredit sistemi ilə bağlı hazırda son müzakirələr aparılır. Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, kreditlə bağlı yeni sistem növbəti tədris ili üçün tətbiq olunacaq: "Hazırda tələbə kreditləri ilə bağlı son müzakirələr gedir. Bu da növbəti tədris ilində tələbələr üçün təhsil haqqının kredit formasında verilməsi imkanı yaradacaq".
Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə edilərkən təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlamışdı: "Təhsil krediti alanların onu qaytaracağı böyük sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək".

Təhsil naziri Ceyhun Bayramovun tapşırığına əsasən isə "Maarifçi" Tələbə Kredit Fondu kredit borclarının qaytarılması ilə bağlı beynəlxalq təcrübədə olan alternativ mexanizmlər üzərində işləyir.
Nazir hesab edir ki, yalnız ali məktəblərin daxili potensialları hesabına bütün ölkədə bu ehtiyacı ödəmək mümkün deyil: "Tələbələr üçün uzunmüddətli kredit sistemi qurulmalıdır və bunun üçün hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır".
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu 2016-cı ildən fəaliyyət göstərməyə başlayıb. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
“Maarifçi” Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri –Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Hazırda14 ali təhsil müəssisəsini əhatə edir.

Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər də qoyulub. Belə ki, onlar Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərin birində təhsil almalı, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisələr baş verməməlidir. Eyni zamanda, kreditlər verilərkən valideynlərin illik gəlir xərclərinin 10 min manatdan artıq olması, tələbələrin yaşının 25-dən yuxarı olmaması, eləcə də bu il üçün yalnız bakalavr pilləsində təhsil alması əsas götürülür. Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilmir. Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar. Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq.

Məlumat üçün onu da qeyd edək ki, şərtlərə əsasən, bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada kredit ala bilər. Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir. Tələbələr üçün standart və güzəştli paketlər mövcuddur. Belə ki, standart paketlərdə 8 faizlik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6 faizlik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər. Tələbələr kredit almaq üçün hər il mütləq müraciət etməlidirlər. I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların il ərzində heç bir akademik göstəricisi qiymətləndirilməyib.
Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Əgər tələbə nəzərdə tutulmuş müddətdə krediti qaytarmasa, fond bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Ümumilikdə, 4 il ərzində hər bir tələbə 20 min manata qədər kredit əldə edə bilər.
“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 220 təhsil krediti müqaviləsi imzalanıb.

Mövzu ilə bağlı hafta.az-a fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, son illər Azərbaycan təhsilində ödənişli formada təhsilin payının artması heç kəsə sirr deyil. Onun sözlərinə görə, ali məktəblərdə təhsil alan hər üç tələbədən ikisi ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir: “Təkcə onu qeyd etmək kifayətdir ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilmir. Ödənişlərin yüksək məbləğ ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. Halbuki, Təhsilə dair Dövlət Strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir. Düzdür, problemin həlli istiqamətində qismən olsa da müəyyən addımlar atılıb. Belə ki, ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və fəaliyyətə başlayıb. Lakin təəssüf ki, bu Fond o qədər də geniş dairəni əhatə etmir, burda da kifayət qədər baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir.

Məsələn gərək təsisçi universitetlərin birində təhsil alasan, kreditin alınması şərtləri və tələbələrin seçim meyarları, yaşın 25-dən çox olması, ailəsinin kredit borcu, ailənin aztəminatlı olmasını müəyyən etmək üçün valideynlərinin gəlirləri barədə arayış təqdim olunması, ailə gəlirinin il ərzində 10 min manatdan çox olmaması, tələbənin hər il kredit götürmək üçün fonda müraciət etməsi, amma onun akademik göstəricisinin müvafiq baldan az olduğu halda ona həmin il kreditin verilməməsi, müraciət və qeydiyyatın yalnız onlayn qaydada aparilması, ən çox pul lazım olan birinci kurs tələblərinə müəyyyən səddlər qoyulması və s. Problem ondan ibarətdir ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar hələ o sistemə tam inanmır. Bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz.
Bu gün bank qiymətləndirə bilməz ki, o tələbənin və ya gələcəyin mütəxəssisinin ödəmə qabiliyyəti hansı səviyyədədir. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov da deyib ki, hazırda ölkənin 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır: "Bunların 31 faizi ödənişli əsaslarla oxuyur. Bu, kifayət qədər böyük rəqəmdir. Nəzərə alaq ki, təhsil haqları da kifayət qədər yüksəkdir və hər kəsin təhsil haqqını ödəmək imkanı yoxdur. Son 5 ildə 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Təbii ki, təhsil alanlara güzəştlərin edilməsi vacibdir. Azərbaycanda işlək tələbə kredit sisteminin tətbiq edilməsi mümkün deyil. 2016-cı ildən etibarən "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən tələbələrə kreditlər verilir. Amma verilən kreditlərin sayı olduqca azdır. 164 min tələbənin 120 minə yaxını ödənişli təhsil alır və onların da cüzi hissəsinə kredit verilib”.
Onun fikrincə, problemdən çıxış yolu kredit vermək deyil, yalnız təhsil haqlarını azaltmaqdır: "Onsuz da büdcədən universitetlərin saxlanması, əmək haqlarının ödənilməsi, təqaüdlər üçün kifayət qədər vəsait ayrılır. Təhsil haqları 50 faiz aşağı düşsə, təhsilin əlçatanlığı təmin ediləcək, hər kəs təhsil ala biləcək. Amma kreditlərin verilməsində güzəştlər olsa belə, tələbə yenə yüklənmiş olacaq".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019