Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda qeydə alınan ixtiraların sayı artıb
Tarix: 10.05.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ötən il təsdiqlənən ixtiralardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsus olub

2018-ci ildə Azərbaycanda ixtiralara dair 64 patent qeydiyyata alınıb. Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur.

Faydalı modellərə dair isə 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1- i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb ki, onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Qeyd edək ki, təkcə son 5 ildə Təhsil Nazirliyi sistemində olan universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib. İxtiralara alınan patentlərin sayı 164 olub. Onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb.
Məlumat üçün bildirək ki, 2017-ci ildə müxtəlif sahələri özündə əks etdirən 49 yeni ixtira Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində patentləşdirilib. Patent sahibləri tibb, neft və kimya sahəsi, dəniz suyunun şirinləşdirilməsi və digər sahələr üzrə öz ixtiralarını təqdim ediblər. Onların arasında nəinki Azərbaycanda, hətta dünya üzrə ilk dəfə patentləşdirilən təyyarə və digər nəqliyyat vasitələrində zərərverici bakteriyaların və virusların məhv edilməsi üçün nəzərdə tutulan ixtira da var.

Yeri gəlmişkən, son illər Azərbaycanda elm və biznes arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar aparılmaqdadır. Bu məsələnin mövcud qanunvericilikdə öz əksini tapması isə həyata keçirilən islahatları daha da sürətləndirir. Belə ki, bir neçə il öncə qəbul olunmuş “Elm haqqında” qanunda elmi ekspertiza, impakt faktor, istinad indeksi, elmi innovasiya, təkrar ekspertiza, texnopolis, elmi-texnologiya parkları kimi müasir reallıqdan doğan anlayışlar və həmin anlayışlardan irəli gələn vəzifələr konkret maddələrdə ifadə olunub. Eyni zamanda, qanunda “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti” adlanan ayrıca maddə də mövcuddur. Bu, elmi işçilərin zamanın tələbindən irəli gələn, dünya təcrübəsi ilə səsləşən yeni tipli səlahiyyəti və vəzifələridir. Amma burada bir məsələ var ki, iqtisadi sahədəki kommersiya, sahibkarlıq fəaliyyəti ilə elmdəki innovasiya və sahibkarlığı eyniləşdirmək olmaz. Ona görə də “Elm haqqında” qanunda elm sahəsindəki innovasiya və sahibkarlıq fəaliyyətinin mahiyyəti aydınlaşdırılıb, əsas istiqamətləri və əhatə dairəsi müəyyən olunub. Qanunun 38-ci maddəsinin ayrı-ayrı bəndlərində elmdə sahibkarlığın istiqamətləndirilməsinə dair müddəalar və onların iqtisadi-hüquqi əsasları əks etdirilib.

Qanuna görə, elmi müəssisələrdə və ali təhsil müəssisələrində ölkədə rəqabət qabiliyyətli inkişafın formalaşdırılması məqsədilə innovasiya təşəbbüsləri əsasında yüksək texnologiyalara əsaslanan təcrübə-sınaq xarakterli sənaye müəssisələri, təsərrüfat sahələri, alternativ enerji stansiyaları, elmi-informasiya, texnoloji, informasiya və ekspertiza mərkəzləri yaradıla bilər. Bu mənada AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) sahibkarlığın inkişafına dəstək verə biləcək əsas qurumlardan sayılır. Ekspertlərin fikrincə, sözügedən qurum elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün bilik iqtisadiyyatına öz töhfələrini verəcək. Ona görə də ölkə prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul edilir. Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədini daşıyır.

Bunun üçün AMEA Təcrübə-Sənaye Zavodunun ərazisindəki mövcud imkanlar, elmi-tədqiqat institutlarının çoxsaylı alim və mütəxəssisləri, 350-yə yaxın müasir laboratoriya və sınaq qurğuları, proseslərin idarə olunması üçün peşəkar innovasiya heyəti fəaliyyətə cəlb olunub. Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilməkdədir. Hazırda AMEA Yüksək Texnologiyalar Parkı milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək və digər strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malikdir. Belə ki, qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində Park startaplara və özəl şirkətlərə əlverişli mühit yaradır. Rəqabətədavamlı bazar subyektlərinin yaradılması və idxal əvəzləyici sektorların formalaşdırılması, özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlüklərinin qazandırılması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarından istifadə üçün AMEA Yüksək Texnologiyalar Parkında bütün lazımi infrastruktur şəraiti yaradılmaqdadır.
İnnovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi təşkil olunur.

Eyni zamanda, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazır məhsullara çevrilərək istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlər qurulmaqdadır. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə AMEA özünün dövlət büdcəsindəki xərc yükünü azalda, ölkədən valyuta axınının qarşısının alınmasında idxal əvəzləyici məhsulların, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli iqtisadiyyatda elmin payını artırmaqla iqtisadiyyatın diversifikasiya edilməsində öz rolunu artıra biləcək.
Məlumat üçün onu da xatırladaq ki, XXI əsrdə intellektual mülkiyyət beynəlxalq arenada özünəməxsus yerə malikdir. İnsan beyninin məhsulu olan ixtiralar, sənaye nümunələri, ticarət markaları dünyanın hər yerində istifadə olunur. Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (ÜİMT) da bütün dünyada məhz müəlliflik hüqularının qorunması nəticəsində bu ixtiralardan istifadəni daha faydalı edir, ixtira sahibinə isə öz əməyinə görə normal mənfəət əldə edilməsində köməklik göstərir. Belə ki, hər bir ixtira sahibi ona məxsus olan ticarət markasını və ya sənaye nümunəsini lokal və ya regional səviyyədə qeydiyyatdan keçirmək istədikdə, ilk növbədə bu ixtiranın həquiqətən də, yeni olduğunun və ya artıq kiminsə mülkiyyətində olduğunu müəyyənləşdirmək zərurəti meydana çıxır. Bunu dəqiqləşdirmək üçün iri həcmli informasiyalar massivində axtarış həyata keçirmək lazım gəlir. Mütəmadi olaraq təzələnən bu baza bir sıra dövlətlər, hətta qeyri-üzv ölkələr tərəfindən də istifadə olunur.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Şahlar Əsgərov da vurğulayıb ki, XXI əsr elmə, biliyə söykənən əsrdir: “Cəmiyyət özü müəyyən etməlidir ki, ona hansı elmi məhsul lazımdır. Elmdə prioritet istiqamətlər yenidən araşdırılmalıdır. Yəni nəyi öyrənmək, nəyi öyrənməmək məsələsi yenidən müəyyənləşməlidir. Sovetlər dövründə fizika aparıcı olduğu üçün fizikanı daha dərindən öyrənirdik. Çünki sovet imperiyasına silah tələb olunurdu, hərbi sənaye kompleksinin inkişafı vacib məsələ idi. Silah istehsalı qaynaqlarının əksəriyyətinin elmi-nəzəri müddəalarını fiziklər, riyaziyyatçılar, kimyaçılar hazırlayırdı. Amma indi Azərbaycan müstəqil, bəşəri dəyərlərə söykənən bir dövlətdir və bu saat bizim üçün iqtisadiyyat, hüquq, tibb və digər sahələrin inkişafı daha məqsədəuyğundur”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019