Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “elektriki” - HƏFTƏ REYTİNQ
Tarix: 10.05.2019 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Deputat Fazil Qəzənfəroğlu növbəti dəfə elektrik enerjisi limiti ilə bağlı problemlərdən danışdı: “Bizdə olan məlumata görə, bu sahədə müəyyən işlər başlanıb, müəyyən addımların atılması gözlənilir. Bu işlərin yekunu olaraq hansı addımın atılacağını söyləmək çətindir - limit nə qədər artırılacaq, yaxud ləğv olunacaq. Amma hesab edirik ki, bu, vacibdir. Qarşıdan yay gəlir, əhali kondisionerdən istifadə etdikdə limitin keçilməsi qaçılmaz olur ki, bu da borcların yaranmasına səbəb olur. Elektrik enerjisi limiti aylıq olduğu üçün borcları ödəməyən insanların enerji təchizatının dayandırılması təhlükəsi yaranır. Qazdan istifadə olunmayan, yaxud qaz təchizatında müəyyən çətinliklər olan ərazilərdə yaşayan insanlar qışda da böyük xərclərlə üzləşirlər. Çünki onlar istilik üçün də elektrik enerjisindən istifadə etməyə məcbur olurlar”.


Həftənin “qanverən donoru”


8 may Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirildi. Aksiyada Təhsil Naziri Ceyhun Bayramov, nazirliyin kollektivi və tabe qurumların əməkdaşları iştirak ediblər. Qanvermə aksiyası Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.


Həftənin “inamsızı”


“Mən sülh danışıqlarına inanmıram". Bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov dedi. O bildirib ki, hər il verilən vədlər, yalanlar 27 ildir, davam edir: "Mən beynəlxalq təşkilatların, istər ATƏT-in Minsk qrupunun, istər ABŞ-ın boş vədləri, bir neçə sifətli siyasətləri barədə artıq danışmaq istəmirəm. Hamı bilir ki, bunlar yalan vədlərdir. Hamı bilir ki, BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, o dövlətlər haqq sözünü demir. Yeri gələndə ermənipərəstlik etmələri bizim xalqımızın diqqətindədir. Ona görə də biz möhtərəm Prezidentimizin apardığı siyasəti, onun ordu quruculuğunda gördüyü işləri yüksək qiymətləndiririk. Azərbaycan Ordusunun Aprel döyüşlərində göstərdiyi şücaət bütün dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ali Baş Komandanın bir kəlmə əmri lazımdır, əgər o əmr edərsə, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Mən öz fikrimi deyirəm. Çox sülh danışıqları deyirik, amma mən sülh danışıqlarına inanmıram...”.


Həftənin “rekordçusu”


Tarixində 7-ci, ardıcıl 6-cı dəfə futbol üzrə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atdı. 47 yaşlı mütəxəssis baş məşqçi kimi 6-cı dəfə qızıl medallara sahib çıxıb. O, bu göstəricidə mütləq rekord vurub. 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində də “Qarabağ”ı çempionluğa daşıyan Q.Qurbanov Ağasəlim Mircavadovu arxada qoyub. Sonuncu “Qarabağ” (1993), “Şəmkir” (1999/2000, 2000/01), “Neftçi” (2004/05) və “Xəzər Lənkəran”la (2006/07) ümumilikdə 5 dəfə Azərbaycan çempionu adını qazanıb.


Həftənin “zərərçəkmişi”


Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirildi. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İ.Ağazadə ifadə verib.
O, təqsirləndirilən S.Tağıyev tərəfindən ona qarşı 165 min manatlıq dələduz edildiyini təsdiq edib. İ.Ağazadə dəymiş ziyanın ödənildiyini, S.Tağıyevdən şikayətçi olmadığını, onu bağışladığını bildirib. Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib. İttiham aktına əsasən, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Həftənin “dezinformasiyası”


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mediaya açıqlamasında Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbərin dezinformasiya olduğunu bildirdi. “Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, - P.Bülbüloğlu deyib. Qeyd edək ki, Rusiya mətbuatında Azərbaycanın Moskvadakı səfirliyinin yanması barədə məlumat yayılıb.


Həftənin “ən borclu dövləti”


Yaponiyanın dövlət borcu 2018-ci ilin maliyyə ilində (2019-cu il martın 31-dək) 10 trilyon dolları aşdı. Yaponiyanın Maliyyə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilib ki, ölkə tarixində dövlət borcu bu məbləğdə olmayıb. Məlumata görə, borc ötən maliyyə ili ilə müqayisədə 141 milyard dollar artıb. Dövlət borcu ölkənin ümumi daxili məhsulundan iki dəfə çoxdur. Bu “Böyük-7"liyə (“G-7”) üzv digər ölkələr arasında (ABŞ, Almaniya, Britaniya, İtaliya, Kanada, Fransa) ən yüksək göstəricidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019