Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Təhsil haqqında” qanuna yeni dəyişikliklər gözlənilir
Tarix: 13.05.2019 | Saat: 20:00:00
Bölmə:KİVDF | çapa göndər

Dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasından kurikulumların təsdiq olunması çıxarılır

Azərbaycanda "Təhsil haqqında" Qanuna bəzi dəyişikliklər edilməsi planlaşdırılır. Dəyişikliklərdən birində təhsil müəssisələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulub.

Adıçəkilən qanuna əsasən, təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisələrinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Eyni zamanda, qanunun 29.0.28-ci maddəsinə əsasən, təhsil müəssisələrinin akkreditasiyası dövlət rüsumu tutulmaqla həyata keçirilməlidir.
Digər bir dəyişiklik "Təhsil haqqında" Qanuna uyğunlasdırma məqsədi daşıyır. Belə ki, həmin qanuna əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil fəaliyyətini lisenziya almadan həyata keçirirlər.

İndiyədək qanuna əsasən, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə, doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutulacaq (Elmi-pedaqoji kadrların hazırlanması isə maddədən çıxarılır). Bu isə "Elm haqqında" qanuna uyğundur (maddə 17.3). Sənəddə digər bir dəyişiklik isə kurikulumla bağlıdır. Belə ki, dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurikulumların) təsdiq olunması çıxarılır. Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.
Bəs, görəsən, dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurikulumların) təsdiq olunmasının çıxarılması hansı anlama gəlir?
Təhsil İnstitutunun direktor müavini, kurikulum mütəxəssisi Ənvər Abbasov AzEdu.az-a açıqlamasında məsələnin qaranlıq məqamlarına şərh verib. O, dəyişikliyin prosedur məsələləri ilə bağlı olacağını düşünür: “Hazırda standart kurikulumlar təhsilin məzmununa daxildir. Əvvəl isə bu, kurikulumun içində idi. 2013-cü ilin Dövlət Strategiyası təsdiqlənəndənsonra Kurikuluma yanaşma dəyişib. “Səriştə əsaslı yeni təhsil məzmununa keçid - təhsilin bütün pillə, səviyyələri üzrə standart və kurikulumların hazırlanması kimi qeyd olunub.

Əvvəl milli dövlət kurikulumunu Nazirlər Kabineti təsdiq edirdi. Ola bilər, dəyişiklik bununla bağlı olsun. Kurikulumstandarta çatmaq üçün bir fəaliyyətdir. Ona görə də bu texnologiya biraz yumşaldıla bilər. Kurikulumları Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi təsdiq edə bilər. Belə olsa, onu vaxtaşırı yeniləmək, dəyişdirmək mümkün olar. Amma onu hökumət təsdiq edəndə dəyişmək çətin olur”. Ə.Abbasovun fikrincə, dəyişiklik kurikulumda inzibatçılığı zəiflədə bilər: “Kurikulum texnologiyadır. Nəticə əldə etmək üçün hərənin müxtəlif texnologiyası ola bilər. Standart, nəticə isə dəyişməzdir. Vahid kurikulumlarla isə hamı eyni nəticəni əldə edə bilməz. Hərənin şəraitə, şagirdlərin səviyyəsinə uyğun bir yolu var. Əslində, bu, çox yaxşı cəhətdir”.

Onun fikrincə, proqramlarının (kurikulumların) təsdiq inindövlətin vəzifələri sırasından çıxarılması dedikdə onun hökumət tərəfindən təsdiqinin ləğvi nəzərdə tutulur: “Düzdür, bu dəyişiklik hələ təsdiqlənməyib. Amma kurikuluma bir zərər gətirməz. Əksinə, bu işə bir yumşaqlıq gətirib, müəllimlərin yaradıcılıq imkanlarını genişləndirər. Kurikulum yol, texnologiya, vasitə, üsuldur. Müəllimi çərçivəyə salmaq, ona “hökmən bu üsuldan istifadə et” demək olmaz. Müəllim öz üsulunu özü müəyyənləşdirməlidir. Düzü, biz hələ buna öyrəşməmişik. İstəyirik, kimsə gəlib desin ki, niyə bu strategiyadan istifadə etməmisən? Başa düşmürük ki, bu, müəllimin sərəncamında olan şeydir. “Təhsil haqqında” qanunda da təhsilin demokratikləşdirilməsi dedikdə elə bu nəzərdə tutulur: İmkanların genişlənməsi, rəsmiyyətin azalması, məktəb səlahiyyətlərinin artması və s. Doğrudur, nizam – intizam baxımından bəzi şeylər rəsmi olmalıdır. Amma məktəbin , sinfin kurikulumudeyilən bir şey var. Bunların hamısını hökumət təsdiq edə bilməz. Hökumət yalnız nəticələri təsdiq edər”.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən təhsil eksperti Nadir İsrafilov isə “Təhsil haqqında” qanuna tez-tez dəyişiklik edilməsini məqsəuyğun saymır. Onun sözlərinə görə, adıçəkilən qanuna mütəmadi olaraq dəyişikliklərin edilməsi təhsil sahəsində çaşqınlıq yaradır: «Elə bir ay olmur ki, təhsil qaydalarında hansısa bir dəyişiklik özünü göstərməsin. Bu, yanlış formadır. Təhsil eyni zamanda psixologiyaya, insan fiziologiyasına bağlı bir sistem olduğu üçün bu qədər qanunlarla oynamaq olmaz. Bu, şagirdlərin və müəllimlərin psixoloji durumuna təsir edir. Bu sistem oturuşmalıdır. Elmi nəzəriyyəyə istinad edilərək təhsil ekspertlərinin də ortaq bir nəticəsi olmalıdır ki, təhsil sistemi bu qaydalara uyğun şəkildə həyata keçirilsin. Bunun üçün də tam təhsil qaydaları formalaşmalı, hər gün dəyişikliklərə, əlavələrə ehtiyac qalmamalıdır. Biz təhsil sistemini oturuşmağa qoymuruq. Ona görə də cəmiyyətdə, xüsusilə də valideynlər və tələbələr arasında haqlı narazılıqlara əsas yaranır. Təbii ki, hər sahədə yeniliklərə açıq olmaq, onları qəbul etmək lazımdır, ancaq bizdə ifratçılığa yol verilir. Təhsil sahəsi bir az həssas və ciddi sahə olduğundan bu sahəyə bu qədər tez-tez toxunmaq da doğru deyil. Bu proseslərin təkmilləşdirilməsi qarşıya qoyulan məqsədlərdən biri olmalıdır. Çünki hamını qane edəcək təhsil qaydalarımız təəssüf ki, hazırlanıb ortaya qoyulmayıb. İmtahan oyunları artıq cəmiyyəti də yormağa başlayıb. Biz dünya təhsil sistemi ilə ayaqlaşmalı, ümumi dünya imtahan formatından istifadə edərək imtahan sistemimizi bu şəkildə hazırlamalıyıq”.

Ekspert eyni zamanda vurğulayıb ki, nəzərdə tutulan dəyişiklərin mahiyyəti barədə cəmiyyətə daha izahlı məlumat verilməlidir: “Məsələn, kurikulum sistemi artıq neçə ildir ki, tətbiq olunur.Təhsil proqramının vəzifəsi uşaqlara təhsil vermək, onların təlim və tərbiyəsini formalaşdırmaqdır. Burada təhsil nədir sualı hələ də cavabsız qalır. Təhsil sisteminin üzərinə düşən vəzifə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin sistemi, məcmusu və nəticəsini təmin etməkdir. Biz bu məqamı diqqətdən qaçırırıq. Elə ona görə də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında uyğunsuzluq özünü göstərir. Şagird məktəb proqramını kənarda qoyub ali məktəbə daxil olmaq üçün repetitorlara, ayrı-ayrı kurslara getməyə məcbur qalır ki, DİM-in qoyduğu tələbləri həyata keçirsin. Biz kurikulum təhsil sisteminə nəyə görə keçdik? Məqsəd bu vaxta qədər təhsil proqramında orta məktəb şagirdlərinin bilik yönümünə diqqət yetirmək idisə, kurikulumda şəxsiyyət yetişdirmək ön plana keçdi. Biz sözdə kurikulum sisteminə keçmişik. Amma əməl və nəticə bunu göstərmir. Biz hələ də 700 bal toplamaq və ya prezident təqaüdü almaq üçün şagird yetişdiririk.

Kurikulum sisteminin məqsədi isə bu deyil. Biz məktəblərdə şəxsiyyət yetişdirmək əvəzinə bilikli uşaqları təqdim etməyə üstünlük veririk. Yəni vahid imtahan sisteminə keçid etməyin zamanıdır. Təəssüf ki, bizdə təhsil sistemində kommersiya və korporativ maraqlar var. Təhsili bu dərəcədə kommersiya, biznes maraqlarına çevirmək olmaz. Bir halda təhsil siyasəti hamı üçün əlçatan olmalıdır, onda bu sistemdən müəyyən maraqlar üçün istifadə etmək düzgün deyil. Dünya təcrübəsində millət gedib attestatla ali məktəbə qəbul olur. Biz müəllimə, məktəbə etibar etməliyik. Son illər məktəbin nüfuzu düşüb.
Bir-iki il də belə davam etsə, hazırlıq kursları məktəblərin sayını ötəcək. Ona görə də imtahan proseslərini sadələşdirmək, sadə mexanizmlər tapmaq lazımdır. Biz qarşımıza neft kapitalını insan kapitalına çevirmək məqsədi qoymuşuqsa, onda imtahan mexanizmlərini günü-gündən mürəkkəbləşdirməyək. Çünki nəticə keyfiyyətə təsir edəcək. Sadəcə, təhsil sistemində düzgün strategiya müəyyən edib dünya standartlarına cavab verəcək təhsil ənənəsi yaratmalıyıq».

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019