Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Şərq tərəfdaşlığı layihəsində iştirak edən ölkələrin əksəriyyətinin əraziləri işğal altındadır” – Asim Mollazadə
Tarix: 15.05.2019 | Saat: 16:23:00
Bölmə:Siyasət | çapa göndər

Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyi münasibətilə ikigünlük bayram proqramı başladı və başa çatdı. Proqrama “Şərq Tərəfdaşlığı”nın iştirakçısı olan dövlətlərin – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın nümayəndə heyəti başçılarının Avropa İttifaqının liderləri, o cümlədən Avropa Birliyinin sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə rəsmi görüşləri və onların iştirakı ilə rəsmi nahar daxil idi. Konfrans Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin hamiliyi ilə keçirildi. Konfransda “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin üzvləri, biznes-liderlər, 34 ölkədən jurnalistlər iştirak ediblər.

Tədbirdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və başqa siyasətçilər çıxış edərək, şərəfinə bayram təşkil edilən yubilyarın – “Şərq Tərəfdaşlığı” Proqramının əhatə etdiyi regionun inkişafında onun böyük rol oynadığını vurğulayıblar. Bununla da konfrans işini başa çatdırıb.

Ermənistan mediası isə bu görüş barədə “Azərbaycan diplomatiyasının məğlubiyyəti”, “ərazi bütövlüyü dəstəklənmədi” kimi məlumatlar tirajlamaqdadır. Bəs əslində nə baş verir?

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib ki, bu məlumatlar tamamilə təxribat xarakteri daşıyır: “Belə ki, xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi, ümumiyyətlə, nəzərdə tutulmamışdı”.

Qeyd edək ki, Azərbaycanın bir sıra KİV-lərində xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş toplantısı zamanı görüşün nəticələrini əks etdirən yekun sənədə ölkəmizin razılıq verməməsi haqqında məlumatlar yayılıb və Azərbaycanın veto hüququndan istifadə etməsi sənəddə ərazi bütövlüyünə istinadların olmaması ilə əlaqələndirilib. Digər tərəfdən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış sənədə istinadən erməni mətbuatı canfəşanlıqla “Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımadığını, tanımaq istəmədiyini və ölkəmizin təklikdə qaldığını” vurğulamağa çalışır.

Habelə Şərq Tərəfdaşlığının və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb. Qəbul ediləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb.

Azərbaycan yekun sənəd qəbul ediləcəyi təqdirdə, sözügedən bəyannamədə Avropa İttifaqının bütün üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin prinsipial məsələlərinin tam şəkildə əks etdirilməsinin tərəfdarı olub. Bu xüsusda, bütün Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib. Sadəcə, sənədi müəyyən qədər qısaltmaq məqsədilə Şərq Tərəfdaşlığı dövlətlərinin Avropa İttifaqının institutları, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə müzakirələri zamanı əvvəlki sammitlərin sənədlərinə istinadlar olunması və bununla da sözügedən prinsiplərin sənəddə öz əksini tapması barədə razılıq əldə edilib.

Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə hafta.az-a açıqlamasında deyib ki, əslində bu hadisə Şərq tərəfdaşlığı layihəsinin ən böyük uğursuzluğudur: “Bunu açıq şəkildə bildirirəm. Çünki dəfələrlə bu layihədə iştirak edən ölkələrin ərazi bütövlüyü dəstəklənib. Bu sənədlər üzərində də ifadə olunub. Lakin son görüşdə Azərbaycan ona görə özünün veto hüququndan istifadə edib ki, onlar bunu yenidən təkrar etmək istəməyiblər. Mənə elə gəlir ki, bu gün Şərq tərəfdaşlığı layihəsində iştirak edən ölkələrin əksəriyyətinin əraziləri işğal altındadır”.

Millət vəkilinin sözlərinə görə, Avropa Birliyi bu istiqamətdə təkrarən bu istiqamətdə öz təsir və təzyiqlərini göstərməsə, Şərq tərəfdaşlığı proqramının bir sıra istiqamətlərdə əhəmiyyəti itəcək: “Hesab edirəm ki, Ermənistan bu layihədə həmin proqramı istəməyən qüvvələrin təmsilçisidir. Yəni, bütün erməni lobbisi bütün qüvvəsini ona qoyub ki, ərazi bütövlüyünün dəstəklənməsi amili təkrar ifadə olunmasın. Ona görə də mənə elə gəlir ki, bu vəziyyətdə kiminsə qələbəsindən danışmaq lazım deyil. Əksinə, Avropa Birliyinin məğlubiyyətindən və zəifliyindən danışmaq lazımdır. Gələcəkdə onlar məcbur olacaqlar ki, hər bir ölkənin ərazi bütövlüyü əsas beynəlxalq prinsiplərə sədaqətini ifadə etsinlər. Çünki hüquqi alilik olmayada Avropa Birliyinin özü bu cür problemlərlə üzləşə bilər. Ona görə ki, bu birliyin daxilində də eyni cür problemlər mövcuddur. Hətta deyərdim ki, kifayət qədər çoxdur. Yəni, birliyin özü gələcəkdə bu kimi problemlərlə birlavasitə rastlaşa bilər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019