Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəblərdə istedadlı psixoloqlara ehtiyac var
Tarix: 15.05.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Firudin Qurbanov: “Bəzən sarsıntılara məruz qalan məktəblilərə müəllimlər tərəfindən yaxşı münasibət göstərilmir”

Məktəb psixoloqlarının əməkhaqlarının artırılması üçün diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Müəllimlər üçün belə qiymətləndirmənin artıq keçirildiyini deyən nazir müavini bildirib ki, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planı hazırlanır:

“Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.
O həmçinin vurğulayıb ki, son zamanlar orta məkəblərdə şagirdlərin intihara əl atmasının səbəbləri çoxdur: “Bu səbəblərdən biri də ailədaxili mühitdir, münaqişələrdir. Bu mühit bəzi hallarda uşaqların psixikasını pozur. Belə olan zaman həkimlər işə qarışmalıdır”.
Nazir müavininin sözlərinə görə, bəzən sarsıntılara məruz qalan məktəblilərə müəllimlər tərəfindən yaxşı münasibət göstərilmir: “Bəzi hallarda müəllimlər şagirdlərə normal yanaşmır və şagirdlər də intihara cəhd edirlər. Təhsil Nazirliyini bu məsələlərə çox həssas yanaşır. Biz bununla bağlı tədbirlər planı hazırlayırıq. Məktəblərdə mühitin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında xüsusi planlar nəzərdə tutulub”.
Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, bu gün ali təhsil müəssisələrində peşəkar psixoloqların hazırlanması üçün psixologiya fakültələri fəaliyyət göstərir: “Artıq bu sahənin peşəkarları yetişməyə başlayır. Əlbəttə ki, 4500 orta ümumtəhsil məktəbinin hər birini psixoloqla təmin etmək asan iş deyil. Bu prosesin tamamlanması üçün müəyyən mərhələlər başladıldı. Əvvəlcə paytaxt məktəblərində bu proses tətbiq edildi. İndi isə psixoloq xidmətlərinin lazımı səviyyəyə qaldırılması vacib məsələdir. Bununla bağlı bir sıra layihələr həyata keçirilməlidir. Eyni zamanda psixoloqlar arasında da maariflənmə aparmaq lazımdır.

Bu dəqiqə məktəblərdə psixoloq kimi fəaliyyət göstərən kadrlara qeyri-ciddi yanaşıldığı üçün çox insan bu işdə çalışmaqdan yayınır. Bəlkə də bu bir az da əmək haqqının azlığı, biganə münasibətlə əlaqəlidir”. Ekspert vurğulayıb ki, peşəkar psixoloji xidmət uşaqların gələcək həyatında ciddi travma almalarına da mane ola bilər: “Məktəblilər arasında depressiyaya düşənlər, intihara meyl edənlərin sayı az deyil. Bu cür neqativ xəbərlər oxuyanda insan istər-istəməz dəhşətə gəlir. Bütün bunlar gərginliyin, güclü stressin və dinlənilməməyin nəticəsi kimi formalaşır. Tutaq ki, bu gün orta məktəblərin hərəsində bir psixoloq fəaliyyət göstərir. Axı bu bir nəfər azı 2000-3000 şagirdin təhsil aldığı müəssisədə nə edə bilər? Hansı keyfiyyətli xidmətdən söhbət gedə bilər? Şagirdlərin sayı ilə psixoloqların sayı mütləq şəkildə uyğunlaşdırılmalıdır. Düşünürəm ki, bununla bağlı da ciddi tədbirlər görüləcək. Sadəcə, dediyim kimi mərhələ-mərhələ davam edir. Əks halda məktəblərdə qeydə alınan neqativ halların sayı arta bilər. Bu isə valideynlərlə yanaşı, pedaqoqları da narahat edən məsələlərdən biridir. Məsələn, son vaxtlar gündəmə gələn “Məktəblinin dostu” layihəsi var. Layihə çərçivəsində paytaxt məktəblərində xüsusi staj ayrılıb. Təbii ki, bu davamlı bir şey deyil, bir müddətlik layihədir. Amma düşünürəm ki, bunun yerinə hər məktəbə əlavə bir psixoloq ştatı açılsaydı, daha məqsədəuyğun olardı. Təşkilati məsələ olduğu üçün dərin fikir söyləmək olmur. Yəqin ki, növbəti dəfə hazırlanacaq layihədə bu nüanslar nəzərə alınacaq”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, məktəblərdə psixoloji xidmətin zəifliyi təhsil sahəsində mövcud olan aktual problemlərdəndir: “Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində artıq orta məktəblərdə bu sahənin adı var, bircə onun doğru-dürüst fəaliyyət göstərməsi qalır. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır. İkinci bir tərəfdən, psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Çünki ştat vahidi mən düşünürəm ki, qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da müəllimlərin aldığı məvacibə müəyyən qədər bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda, düşünürəm ki, orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadı olaraq keçirməsi vacibdir.

Çünki orada uşaqlarla yanaşı, yeniyetmələr də mövcuddur. Onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlardır. Orta məktəb psixoloqları da bilməlidirlər ki, nə formada işləmək lazımdır və onlar bu haqda bilgilənməlidirlər. Bunların hamısı düşünürəm ki, nəzərə alınmalıdır. Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxu orta məktəb şagirdləri ilə bağlıdır. Əslində, bunun birbaşa yox, dolayısı ilə əlaqəsi var. Bunu belə deyim, orta məktəb psixoloqu işini görmür və uşaq intihar edirsə, bu bir az etik olmazdı. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, onu vaxtında valideyn təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burada valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Yenə də qeyd edirəm ki, psixoloq sahəsi yenidir və orta məktəbdə çalışan psixoloqların bir qismi ixtisas dəyişəndən sonra bu psixoloji xidməti yerinə yetirməsində biz onlara vaxt verməliyik.

Onların təkmilləşdirilməsi istiqamətində əlimizdən gələni etməliyik. Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir”.
K.Əsədovun sözllərinə görə, məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan bir məsələdir. O qeyd edib ki, nazirlik məktəblərdə psixoloji xidməti təkmilləşdirməklə bu sahədə olan bir sıra problemlərə son qoya biləcək: “Bu gün bir sıra məktəblərdə psixoloq otaqları yoxdur. Konkret olaraq psixoloqun öz otağı olmalıdır, otaq düzəldilməlidir ki, testlər edilə bilsin, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər. Təəssüf ki, biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı üçün yox, həm də psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik. Amma, ümumilikdə, orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, bəli, bu gün orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsinə, dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var. Bu istiqamətdə də artıq nazirlik səviyyəsində addımlar atılacağı açıqlanıb. Sözsüz ki, təkmilləşdirmədən söhbət gedirsə, burada ştat vahidlərinin sayı artırılmalı və ancaq bu sahə üzrə ali təhsili olanlar işə qəbul edilməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019