Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Metro çıxışlarında kəskin qoxulu səyyar köşklərə kimlər nəzarət edir? - FOTOLAR
Tarix: 17.05.2019 | Saat: 11:20:00
Bölmə:Siyasət | çapa göndər

Bir neçə gün əvvəl millət vəkili Rasim Musabəyov Azneft meydanının yaxınlığındakı yeraltı keçidlə bağlı sosial şəbəkələrdə fikirlərini sərt şəkildə ifadə etmişdi. Deputat popkorn satan məktəbli uşağın fotosunu paylaşaraq “yeraltı keçidlərdən yağ iyi gəlir”, “insanlar narahat olur” kimi fikirlər səsləndirmişdi. Bundan sonra aidiyyatı qurumlar əl-ayağa düşmüşdü. 16 yaşlı popkorn satan məktəbli işindən olmuşdu. Popkorn aparatını qoltuğuna verib onu yeraltı keçiddən uzaqlaşdırmışdılar. Bu da ictimaiyyətin qəzəbinə səbəb olmuşdu. Rasim Musabəyov qınanılmışdı.

Hafta.az-ın əməkdaşı həmin yeraltı keçidə baş çəkdi. Vəziyyətlə tanış oldu. Gördü ki, vəziyyət “Musabəyovun feysbuk statusundan əvvəlki” vəziyyətə dönüb. Yəni, yeraltı keçidlərdə popkorn satmaqla bağlı qadağanın müddəti cəmi 2 gün çəkib. Sonradan hər kəsə icazə verilib. Bundan başqa, şəhərin mərkəzindəki başqa ərazilərdə - yəni, digər yeraltı keçidlərdə də popkorn və bu kimi “yağ qoxusu verən” təamlar satılır. Bir sözlə, olan 16 yaşlı məktəbliyə oldu…

Sizə haradan xəbər verim, Yasamal rayonu ərazilərindəki açıq bazarlardan. İlk olaraq onu deyim ki, bu rayonun ərazisindəki "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyasının yaxınlığında "açılan" mənşəyi məlum olmayan bazarlar həm ətrafa üfunətli qoxu yayır, həm də insanların sıx istifadə etdiyi yollarda tıxac yaradır. Bu da işə tələsən, iş dalınca gedən çoxluğun haqlı narazılığına səbəb olur. Hələ bu satılan məhsulların mənşəyi məlumdurmu, haradan gətirilir? - suallarına cavab axtarmaqdan danışmıram. Yeri gəlmişkən, bu məsələyə də toxunmuşuq. 

 Başlayaq metronun “Elmlər Akademiyası” stansiyasının giriş və çıxış hissələrindəki “yağ iyi” verən səyyar obyektlərdən. Hər axşam insanlar işdən çıxarkən ətrafdakı “kestane”, dönər qoxusundan narahatlığını ifadə edirlər. Amma həmin məkanlardan şabalıd qovurması, dönər, “basdırma” alanların sayı da az deyil. Bu yerdə sual olunur, yeraltı keçidlərdə bir feysbuk statusuna görə, popkorn aparatlarına “xitam verilirsə”, bəs yerüstü məkanlarda niyə bu qanunsuzluqlara əncam çəkilmir? Qanunsuzluq –dedik, bəli, Nazirlər Kabinetinin 2000-ci illərin əvvəllərində qəbul etdiyi qərarlara əsasən ictimai məkanlarda bazar açmaq, kiçik səyyar satış nöqtələri quraşdırmaq qadağandır. Hətta inzibati qaydada məsuliyyət də nəzərdə tutulub. Ətrafdakı digər köşklərdən buradakı səyyar “köşklər”in “tası”nı maraqlandıq. Bildirdilər ki, səyyar köşklərin zəbt etdiyi yerə görə qiymətlər dəyişir. Məsələn, söhbət böyük təkərli köşkdən gedirsə, 1 kvadratının qiyməti 100-150 manatdan başlayır. Əgər beş kvadrat yer zəbt edirsə, aylıq “ödəniş” 500-750 manat arasında dəyişir. “Kestane” aparatları isə ayda 300-500 manat arasında “yuxarılara” pul ödəyirlər. Onların gündəlik alveri az olduğu üçün “tas”ları da azdır.

Ətrafdakı insanlardan “yuxarılar” deyəndə kimləri nəzərdə tutduqlarını soruşduq. “Deyə bilmərik, çörəyimizə bais olma” dedilər. Bir anlıq gözümün qarşısına deputat Rasim Musabəyov və qoltuğuna popkorn aparatı verilmiş 16 yaşlı məktəbli gəldi. Mən düşüncələrə qapılınca biri dönərçi asta səslə pıçıldamağa başladı. Dönərlərə naxçıvanlı bir cavan oğlan baxır. Göy-göyərti, şabalıd, banan, alça, çiyələk, bujiteriya məhsullarına isə əslən “yeraz” olan orta yaşlı bir kişi nəzarət edir. Amma səyyar köşklərdən pulları hər ay bir başqa adam götürür.

Ətrafdan keçən insanlar arasında qısa sorğu keçirdik. Ətrafa yağ və müxtəlif başgicəlləndirici qoxular yayan bu köşklərin, aparatlardan çıxan qoxudan narahat olub-olmadıqlarını soruşduq. Söhbət adlı yaşlı bir kişi yaz günəşinin altında belə bir bazar açmağı məqbul hesab etmədiyini söylədi: “Satdıqları məhsullar bahalıdır. Bu öz yerində. Təmiz ətdirmi, hansı yağdan istifadə edirlər bilinmir. Balıq yağının qoxusuna bənzər qoxu var. Halbuki toyuq və dana ətindən dönər satırlar. Baş açmaq olmur. Açıq havada bu cür satış eləmək olmaz”.

Ülviyyə adlı bir tələbə isə deyir ki, açıq havada kəskin qoxusu yayılan məhsulları satmaq gigyena baxımından düzgün deyil: “Uşaqlar, ürəyi və mədəsi xəstə adamlar keçir. Onlara ziyandır. Bəzən dərsdən çıxıram. Özümü evə çatdırmağa çalışıram. Metroya düşəndə qoxu məni birtəhər edir. Evə gələndə iştahım “ölür”. Yemək yeyə bilmirəm. Aidiyyatı qurumlar buna nəzarət etməlidir. Nəzarət etmirlərsə, deməli vergidən yayınma hallarına göz yumurlar. Mənə elə gəlir ki, buradakı əksər köşklərin lisenziyası yoxdur. Çünki səyyar köşklərdir”.

Başqa bir sakin isə “dəyməyin, hərə bir yolla çörəkpulu qazanır” – deyə cavab verdi.

Bəs bu dükanların vergisi vaxtlı-vaxtında ödənilirmi? – sualına isə cavab verən tapılmadı. Alça, çiyələk demiş, heç bilirsiniz, bir çoxlarımızın axşambazarı dediyimiz yerdən parça-palaz salıb alça, çiyələk satan adamlar bu malları haradan gətirir? Söhbət əsasında məlum oldu ki, “Elmlər Akademiyasının” qarşısında “2 manatlıq alçalardan qalmadı” – deyən adamlar məhsulları “8 KM bazarı” adlanan məkandan gətirirlər. İstixanada yetişdirilmiş, kimyəvi dərmanlarla qızardılmış bu məhsullar –alıcıların yalançısıyıq – adıçəkilən məkanda alıcı tapmadığı üçün 1-1.50 azn-ə “ikinci əl” satıcılarına satılır.

Bu məhsulların da çoxu seçilmiş, əzilmiş, “birinci növ alıcıların” bəyənmədikləridir. Alverçilər isə onu müxtəlif metroların – “Elmlər Akademiyası”, “Neftçilər”, “Koroğlu” kimi stansiyaların girişlərində satıb özləri üçün çörəkpulu çıxarırlar. Əldə etdiyimiz məlumatlara görə, həmin satıcılar isə 2-3 saatlıq satışdan qazandıqları gəlirin 20-30 faizini ərazidə alver işinə nəzarət edən şəxslərə verirlər.

Hələ bu da hamısı deyil, "İnşaatçılar" metrosunun giriş və çıxış hissələrində də "gecəqondu" bazarlar peyda olub ki, gəl görəsən. Səhər tezdən bazar açan alverçilər yarımsaatlıq fasilə verir, yəni yoxa çıxırlar. Sonra günortaya qədər davam edirlər. Bir də axşam saatlarında ikinci qrup alverçilər bazar açırlar. 

Hər gün bu yoldan istifadə etdiyim üçün ilk növbədə "yarımsaatlıq yoxaçıxmanın" səbəblərindən danışım. Deməli, səhər saat 9-10 arası polis və ya Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları  "təftişə" çıxırlar. Qanunsuz bazar açanların sözün hər iki mənasında "bazarını bağlayırlar". Bəs sonra nə baş verir? Ətrafdakı mağaza sahiblərindən öyrənirik ki, bundan sonra əraziyə baxan bir neçə polis "Quba toyuğu, "Lənkəran limonu və yerli paxla", "Şəmkir pomidoru və Tovuz xiyarı", "Aran çiyələyi və Ağdaş göycəsi" satan alverçilərə himayədarlıq edirlər. Təbii ki, "hörmətsiz" himayədarlıq sövdası da baş tutmur. Ətrafdakı mağazaların yalançısıyıq.

Soruşa bilərsiniz ki, onlar haqqında məlumat vermək ətrafdakı mağazaların nə işinə yarayır? Çünki bu adamlar arendaya yer götürürlər. Hər ay 500-1000 manat arası kirayə (yer) pulu verirlər. Üstəlik, dediklərinə görə vergilərini də vaxtlı-vaxtında ödəyirlər. Amma bu "gecəqondu" alverçilər onların da bazarlarını "öldürür"lər. Bazar qiymətlərindən bir-iki qəpik aşağı satdıqlarına görə, hər kəs onların yanına qaçır. Bu da yaxınlıqdakı bazarlarda, dükanlarında işləyənlərin ifadəsidir. 

Bir az da gördüyümüz mənzərələrdən danışaq. 6 manata "kənd çolpası" satan xanım satdığı məhsulu açıq formada alıcıya təklif edir. Ətrafdakı yer süpürən xalalar isə onun beş addımlığında tozanaq qaldırır. Sözümün canı odur ki, tükləri yolunmuş, ütülmüş çolpaların açıq formada satılması nə dərəcədə doğrudur? Görünür, yarımsaatlıq "təftişlə" Yasamal Rayon İcra Hakimiyyəti "gördüm və aradan qaldırdım" prinsipi ilə işləyir və məsuliyyəti bu yolla aradan qaldırmağa çalışır. Bəs satıcıların "hörmət"(lə) bəslədiyi şəxlər, daha doğrusu, "yerpulları" kimə verilir? Bu suala nə qədər cəhd etsək də bir kimsədən cavab ala bilmədik. 

Hələ "yerli paxla" qışqıraraq ətrafa səs salan xaladan paxlanın hansı rayonda yetişdirdiyini soruşuruq. "Nə bilim? Mən bazardan almışam"- cavabını verir. "Haradan bilirsiniz ki, yerli paxladır?" sualımıza isə "1 kilosu 1 manatdır, çəkib verim, apar evdə bax gör yerlidir ya yox" -deyir. Hələ əzilmiş, qırmızısı kağız üzərinə səpələnmiş, piştaxtada göyərməyə başlayan çiyələklərdən danışmıram...

Bir sözlə, Yasamal rayonu ərazilərindəki açıq bazar biznesi ilə məşğul olanlar həm əhalinin qida təhlükəsizliyinə təhdid formalaşdırır, həm də vergidən yayınma halları ilə yanaşı, vergisini ödəyən mağazaların "bazarını" öldürməklə növbəti bahalaşma sindiromuna rəvac verir. 

 P.S: Yeri gəlmişkən, onu da vurğulayaq ki, oxşar mənzərə "20 Yanvar" metrostansiyasının çıxışında da mövcuddur. 

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019