Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Kolleksiyamda Antraktidadan başqa bütün qitələrdəki dövlətlərin pulları var” - Maraqlı söhbət
Tarix: 16.05.2019 | Saat: 14:27:00
Bölmə:Maraqlı Milli kolleksiyaçılarımız | çapa göndər

O, 12-13 yaşlarından pul kolleksiyası toplayır. Dediyinə görə, kolleksiyasında hazırda 80-dən çox ölkənin keçmiş və indiki dönəmlərinə aid pul nominalları var. Həm dəmir, həm də kağız pulları toplayır. Budəfəki müsahibimiz Şəmkirin Ağlavaşlı kəndində yaşayan Emil Aslanovdur.

Kolleksiyaçı Emil Aslanov hafta.az-a müsahibəsində kolleksiyaçılığa başladığı dönəmlərdən üzübəri başına gələn maraqlı hadisələri danışıb. Monitora yaxın əyləşin ki, maraqlı söhbətimizdən həzz ala biləsiniz.

- Emil bəy, necə oldu ki, kolleksiyaçılığa başladınız?

- 12-13 yaşım var idi. Novruz bayramı ərəfəsi idi. Bekar idim, məşğul olmağa bir şey axtarırdım. Evdəki köhnə sandıqların, çemodanların içərisinə baxdım ki, bəlkə köhnə dövrə aid nə isə var. Elə uşaqlıqdan “nikolaydanqalma” əşyalara, pullara maraqlı idim. Sandığı açıb baxanda gördüm ki, içəridə 10-15 dənə “palazqulaq” pullar var. Hətta sovet dövrünün pulları da gözümə sataşdı. Maraqlı gəldi. Üzərində “1898”, “1909”, “1918”, “1919” kimi illər həkk olunmuşdu. Babamın pulları idi. Gəncliyində qarşısına çıxdıqca saxlayırmış. Amma kolleksiyaçı olmayıb. Bu pulları götürdüm. Təxminən 20-25 numinal idi. O vaxtdan toplamağa başladım.

- Bəs kolleksiyanızı genişləndirməkdə kimlər dəstək oldu?

- Dostlarım, tələbə yoldaşlarım. Qədim pullar yığdığımı görəndə gətirib verirdilər. Hətta bir dəfə Gəncədəki dostlarımdan biri mənə iki-üç dondurma qarşılığında yaxşı qədim pullar gətirə biləcəyini söylədi. İkiəlli razılaşdım. Hazırlıq dönəmləri idi. Universitetə hazırlaşırdım. Günlərin bir günü məni həyətə çağırdı. Baxdım ki, MDB dövlətlərinin müstəqilliklərinin ilk illərinə aid pullardır. Özü də saz vəziyyətdə. 5 manat verdim ki, gedib ürəyi istəyən dondurmaları alsın. Üç-dörd dəfə mənə yaxşı pullar gətirdi. Sonradan bildim ki, bunun da atası illərin kolleksiyaçısı imiş. Atasından xəbərsiz pulları mənə gətirirmiş (gülür).

- Təxminən neçə ölkənin pullarını toplaya bilmisiniz?

- Təxminən 82-83 ölkənin pulu var məndə. 50-dən çox ölkənin həm kağız, həm də dəmir pulları mövcuddur. 40-ya yaxın ölkənin isə ya kağız, ya da dəmir pulları var. Adlarını eşitmədiyim ölkələrin pullarını belə əldə etmişəm. Elektron vasitələrlə əldə etdiklərim də olur, şəxsən əldə etdiklərim də. Bir kolleksiyaçı var idi. Ancaq yeni çıxan və kağız olmayan əskinsaları yığıdığı üçün köhnələrini satırdı. Köhnə deyəndə ki, əvvəlkiləri… Amma saz vəziyyətdə idi. Birini 50 qəpikdən, 1 manatdan almağa başladım.

-Daha çox hansı ölkələrin və ya dövrlərin pulları var?                

- Çar Rusiyasının və 1918-20-ci illərdəki keçmiş Çar Rusiyası ərazilərindəki şəhər dövlətlərinin “uprava”ları. Təxminən 100-150 ədəddir. Xarab olmasın deyə albomlara yığmışam. Yaxşı vəziyyətdə olanı da var, ortabab durumda olanı da. Amma bu pulları toplamaqdan aldığım həzzi heç nədən almıram. Yorulanda gəlib bunları vərəqləyirəm. Həzz alıram. Bu pullar vasitəsi ilə həzz aldığım qədər də bilgilər toplayıram. Tarixi bilgilərə, dövlətlərinə, onların pul vahidlərinə marağım böyükdür.

- Kolleksiyanda ən qədim pulun neçə yaşı var?

- Çar Rusiyasının dəmir və kağız pullarıdır. Onların birinin 128, digərinin 127 yaşı var. Çar dövrünün “palazqulaq”ları İran pullarına baxanda daha keyfiyyətlidir. 

- Nə vaxtsa yüksək məbləğ qarşılığında kolleksiyanı satmaq qərarına gəlibsinizmi?

- Qətiyyən, çünki onlarla nəfəs alıram. 17 ilimi sərf etmişəm kolleksiyanın bu günə gəlib çıxmasına. İki min, üç min dollar pul təklif edənlər də var. Özümün də maddi sıxıntılarım çox olur. Çünki heç yerdə işləmirəm. Amma kolleksiyanı da satmaq ağlımdan keçməyib. Sadəcə olaraq, yüksək məbləğ təklif edəndə fərəhlənirəm. Bu mənə çox xoş təsir bağışlayır, ləzzət alıram. Pullara olan həvəsim məni təhrik etdi ki, sənədlərimi Maliyyə və kredit ixtisası üzrə təhsil alım. Yəni, pullara olan sevgim ixtisasımı da müəyyənləşdirdi.

-Adlarını bilmədiyimiz hansı ölkələrin pulları var?

-(Gülür). Adlarını bilmədiyimiz deyəndə ki, bir çoxları o ölkələri tanımır. Bizə uzaq dövlətlərdir. Mikroneziya, Seyşel adaları, Cibuti, Butan və s. Kolleksiyamda Antraktidadan başqa bütün qitələrdəki dövlətlərin pulları var. Kanadanın, Meksikanın, Vyetnamın, İngiltərənin, Fransanın avrodan əvvəlki pulları, Avstraliya dolları, Hitler dönəmindəki Almaniyanın monetləri… Tərifləmək kimi olmasın, kolleksiyam zəngindir.

-Bəs bu kolleksiyanı ərsəyə gətirmək üçün nə qədər pul xərcləmisiniz?

-Yalan deyə bilmərəm. Dəqiq rəqəm deməyə qorxuram. Amma 5 min manatdan az xərcləməmişəm.

- Emil bəy, bəs bundan başqa hobbiniz də var?

- 1929-1940-cı illəri əhatə edən latın qrafikalı əlifba ilə çap olunan kitabları toplayıram. Təzə başlamışam bu işə. Hələlik, 6 kitabım var. Sağlıq olsun, 100-ə çatdırım, o barədə də söhbət edərik (gülür). Mənim üçün əsas pul kolleksiyasıdır. Əsas məqsədim dünyada nə qədər müstəqil ölkə varsa, hamısının pul vahidini əldə etməkdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019