Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Peşə məktəblərində təhsil alanlara şad xəbər
Tarix: 17.05.2019 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu müəsissələrdə oxuyanlara dərsliklər dövlət tərəfindən pulsuz veriləcək

Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək. “Hafta.az” ın xəbərinə görə, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunacaq. Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
Məlumat üçün bildirək ki, hazırda yalnız ümumi təhsil müəssisələrində oxuyanlar dərsliklərlə pulsuz təmin olunurlar.
Yeri gəlmişkən, bu gün ölkəmizdə peşə təhsili sahəsində ciddi islahatlar həyata keçirilməkdədir. Bununla bağlı 2016-cı ilin dekabrında ölkəmizdə"Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" qəbul olunub. Sənəddə qeyd edilib ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq.

Sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyənləşdirilib.
İşəgötürənlərlə pilot peşə təhsili müəssisələri arasında əməkdaşlıq nəticəsində bazarın tələblərinə uyğun peşə standartları və təhsil proqramları (kurikulumlar) hazırlanacaq, məzunların məşğulluq səviyyəsi artacaq və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması üçün bu təcrübənin digər peşə təhsili müəssisələrində tətbiqinə zəmin yaranacaq. Bundan əlavə, peşə təhsilinin müsbət imici yaranacaq və peşə təhsilini seçənlərin sayı artacaq. Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində bu prioritetin real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.

Belə ki, 2020-ci ilədək işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsinin təşkili və pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ayda 50 faizə çatdırılması nəzərdə tutulur. Məşğulluq imkanlarının artması pilot peşə təhsili müəssisələrində təhsilalanların sayının 50 faiz artmasına imkan verəcək.
Təbii ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə indiyədək ölkəmizdə peşə təhsili və təlimi üzrə bir sıra tədbirlər reallaşdırılıb. Buna misal olaraq, 2016-cı il aprelin 20-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmasını, 2018-ci il aprelin 24-də "Peşə təhsili haqqında" qanunun Milli Məclis tərəfindən qəbul edilməsini göstərmək olar. Bundan əlavə, 70 ixtisasın təhsil proqramları (kurikulumları), o cümlədən 159 yeni modul dərsliklər hazırlanıb, 200-dən çox müəllim kurikulumların hazırlanması, pedaqogika və didaktika üzrə təlimlərə cəlb edilib, 20-dən çox ölkənin peşə təhsili sahəsində təcrübəsi öyrənilib. Həmçinin 10-a qədər beynəlxalq və yerli layihədə xarici və yerli ekspertlərlə, o cümlədən vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıq həyata keçirilib, rasionallaşdırma və optimallaşdırma tədbirləri çərçivəsində 34 peşə təhsili müəssisəsinin bazasında 14 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb və 21 peşə təhsili müəssisəsinin bazasında 10 Peşə Təhsil Mərkəzinin yaradılması ilə bağlı təklif hazırlanıb. Turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi açılması, Koreya modeli əsasında sənaye və innovasiyalar sahəsində 8 ixtisas üzrə tədris aparılacaq peşə təhsil mərkəzinin tikintisinə başlanılması, regionlarda fəaliyyət göstərən 1000-dən çox sahibkarlıq subyektləri ilə əməkdaşlıq müqavilələrinin imzalanması da bu tədbirlərdəndir.
Ötən il isə ölkəmizdə “Peşə təhsili haqqında” qanun qəbul olunub. Qanunda peşə təhsili müəssisələrinin növləri peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi kimi sıralanır. Peşə təhsilinin səviyyələri isə ilk peşə təhsili; texniki peşə təhsili; yüksək texniki peşə təhsilidir. Peşə məktəbinə qəbul olunan şəxslərə ilk peşə təhsili; texniki peşə təhsili almaq hüququ verilir.

Peşə liseyinə qəbul olunan şəxslər ilk peşə təhsili; texniki peşə təhsili və tam orta təhsil alırlar. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərin ilk peşə təhsili; texniki peşə təhsili; tam orta təhsil; yüksək texniki peşə təhsili almaq hüququ var. Təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 2 il; tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 4 il; tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir.

Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
Qanuna görə, ali təhsilli şəxslərin də peşə təhsili almaq hüququ var. Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. Peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.
Yeri gəlmişkən, Nazirlər Kabineti bu yaxınlarda “Peşə təhsilinin dövlət standartları”nı təsdiq edib. Qeyd edək ki, yeni peşə standartlarının təsdiqlənməsi ilə əlaqədar “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli qəranını ləğv edib.

Sənədə əsasən, dövlət standartları peşə təhsilinin məzmununu, idarə olunmasını, peşə təhsili müəssisələrinin maddi-texniki bazasını, peşə təhsilinin infrastrukturunu, peşə təhsilində təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
Dövlət standartları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur.Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur. Dövlət standartları 5 ildən bir yenilənir.
Yeni standartlarda peşə təhsilinin məzmunu da indiyə qədər qüvvədə olmuş ilk peşə-ixtisas təhsili pilləsinin dövlət standatları ilə müqayisədə daha genişdir. Beləliklə, peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, “ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların aşağıdakı modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019