Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycanda hüquqi dövlət quruculuğu Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdən başlayıb" - Məmməd Musayev
Tarix: 20.05.2019 | Saat: 11:29:00
Bölmə:Sosial | çapa göndər

Bu gün “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

Hafta.az yazır ki, müzakirələrdə birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri və sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir.

“Xatırladım ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 12 noyabrda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib, ədalət mühakiməsinin qanunvericilik bazası formalaşdırılıb. Dövlət başçısının imzaladığı bu Fərman isə formalaşdırılmış məhkəmə-hüquq sistemininin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur” deyən ASK sədri Fərmanla Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda elektron məhkəmə sisteminin əhatə dairəsi genişləndiriləcək, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsi yüksələcək, elektron imzanın tətbiqi sahələri artırılacaqdır. Bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələrin, sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərinin - Arbitraj, Mediasiya institutlarının tətbiqi mübahisələrin həllində çevikliyi artıracaq. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq.

Hazırda məhkəmələrin iş yükü çoxdur və yeni altertaniv mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək. Sabit məhkəmə praktikasnın formalaşdırılması isə hüquq sisteminə inamın güclənməsinə səbəb olacaq.

M.Musayev qeyd edib ki, Fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyasına tövsiyyə edilmiş məsələlər də vardır və bununla bağlı sahibkarlardan, hüquqşünaslardan ibarət işçi qrup yaradılıb. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyi yanında yaradılmış işçi qrupunda da Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil olunur.

O, Azərbaycan Sahibkarlar Konfederasiyasının bugünkü ictimai müzakirələrdə təkliflərdən ibarət təqdimatla çıxış edəcəyini qeyd edərək bütün iştirakçıları aktiv olmağa çağırıb.

Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov çıxışında bu müzakirələrin Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparıldığını bildirib:

“Hesab edirik ki, ictimai müzakirələr fərmanın effektiv işləməsinə dəstək olacaq və belə müzakirələr bundan sonra da davam edəcək. Dövlət orqanları ilə sahibkarların münasibətlərinin institusionallaşması nəzərdə tutulur. 2019-cu ildə bir sıra islahatlar aparıldı və “Vergi Məcəlləsi”ndəki dəyişiklik növbəti addım üçün zəmin yaratdı. Növbəti addım isə məhkəmə-hüquq sistemində islahatların aparılmasıdır” deyən G.Kərimov 2020-ci ildə “Rəqabət Məcəlləsi”nin qəbulunun da paket işlərinə daxil olduğunu qeyd edib. G.Kərimov mübahisələrin alternativ həll variantlarının yaradılmasının sahibkarlığın inkişafına kömək etmək məqsədi daşıdığını bildirib.

Birinci vitse-prezidentin köməkçisi 6 mindən çox üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbi kimi bir qurumun yaradılmasını təklif edib. Yerli arbitraj məhkəmələrinin fəaliyyətə başlamasının ümumilikdə məhkəmələrin yükünü azaldacağını vurğulayıb.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev bildirdi ki, bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir: “Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Həmçinin Fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsidir”.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyini İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin mühüm mandatlarından birinin də kiçik və orta biznes (KOB) subyektlərinin qanuni maraqlarının müdafiəsi olduğunu, bunun Agentliyin digər istiqamətlər üzrə fəaliyyətinin effektivliyinə birbaşa təsir etdiyini qeyd edib. “Ötən illər ərzində məhkəmə-hüquq sistemi sahəsində həyata keçirilən islahatlar məhkəmə institutunun möhkəmləndirilməsində əhəmiyyətli nəticələrlə müşayət edilib. Dövlət başçısının bu sahədəki müvafiq Fərmanında da qeyd edildiyi kimi ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətində bütün sahələrdə reallaşdırılan islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Bu baxımdan, “Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapmış tədbirlər ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına və bunun nəticəsi olaraq, ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək əhəmiyyətli məsələləri əhatə edir”. O.Məmmədov Fərmanda qeyd edilən məsələlərin sahibkarların hüquqlarının qorunması, KOB subyektlərinin problemlərinin həlli baxımından əhəmiyyətini qeyd edib, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına və bu sahədə Agentliyin təlim sisteminin potensialından istifadə imkanlarına, sahibkarlar üçün vahid məhkəmə təcrübəsi barədə maarifləndirici tədbirlərin keçirilməsinə, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə dair təkliflər səsləndirib.

Məlumat üçün: 1 aprel 2019-cu il tarixinə Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaiyyət göstərir. Onlardan 133 min 541-i müəssisə və 862 min 755-i isə fərdi sahibkarlıq subyektidir. Azərbaycanda qeydiyyatda olan müəssisələrin 90.9%-i və ya 121 min 336-sı xüsusi müəssisələrdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019