Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması Heydər Əliyevin adı ilə bağlıdır"- Müsahibə
Tarix: 28.05.2019 | Saat: 11:53:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 101 il ötür. Həmin dövrlərə nəzər salacağıq. Müsahibimiz millət vəkili, professor Musa Qasımlıdır.

- Artıq Cümhuriyyətin 101 illiyi olacaq... Cümhuriyyətin ölkəmizin dövlətçilik tarixindəki roluna qısa nəzər salmağınızı rica edərdik.

- Tarixi hadisə və proseslərin təhlili göstərir ki, 28 may tarixində Cümhuriyyətin elan edilməsi göydəndüşmə olmadı. Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib ilhaq edənə qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. İşğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxan şəxsləri amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri amansızlıqla məhv edirdi. 1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda əsasən iki böyük cərəyan - milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərinin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox rejimləri dəyişməklə mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. 1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabr ayında isə bolşeviklərin hakimiyyətə gəlməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı. Seymdə daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında 6 bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Bəyannamədə deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması XalqCümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur. Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.

- Artıq ölkəmizdə keçən il “Cümhuriyyət ili” kimi qeyd olundu. Cümhuriyyətin varisi olaraq müasir Azərbaycan dövlətinin öz keçmişinə münasibətini necə dəyərləndirərdiniz?

- Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır. Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələr mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldular. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.

- Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafı prosesi hansı xarakter daşıyırdı, Azərbaycançılıq üçün hansı işlər aparılırdı?

- Müstəqilliyə gedən yol maarifçilikdən başlandı.Azərbaycanda müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet buraxıldı. İlk milli teatr yaradıldı. Hansı motivlərdən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşmə prosesini sürətli keçməsində bu amil mühüm rol oynadı..Carizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.

- Mətbuatda tez-yez qaldırılan məsələlərdən biri də Cümhuriyyətin qurucularının qəbirlərinin Azərbaycana gətirilməsi ilə bağlıdır. Sizin bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Adlarına küçə, prospekt və qəsəbələr vardır. Görkəmli xadimlər haqqında sənədli filmlər çəkilib. Xüsusilə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə çəkilən “Son ezamiyyət” və “Son iclas” filmlərini vurğulamaq istəyirəm. Cümhuriyyət xadimlərinin xarici ölkələrdəki məzarları təmir edilib.

- Cümhuriyyət tarixi ilə bağlı aparılan elmi işlərin səviyyəsini qaneedici saymaq olarmı?

- Heç kəsə sirr deyildir ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə Ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019