Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Evdə təhsilə cəlb olunanların sayı artıb
Tarix: 07.06.2019 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda 6655 nəfər sağlamlıq imkanları məhdud şəxs evdə təhsil alır

Azərbaycanda evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin sayı açıqlanıb. "Report" xəbər verir ki, Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov belə şəxslərin sayının 6655 nəfər təşkil etdiyini deyib.

Onun sözlərinə görə, 7 nəfər stasionar şəraitdə, 54 nəfər inklüziv siniflərdə, 1393 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində, 2508 nəfər xüsusi məktəb və internat tipli müəssisələrdə təhsil alırlar.
Şöbə müdiri əlavə edib ki, Bakı şəhəri üzrə inklüziv təhsilə 4 pilot məktəb cəlb olunub: "Bu məktəblər üzrə layihədə 500 nəfər tipik uşaq, 27 ibtidai sinif müəllimi, 8 xüsusi təhsil üzrə mütəxəssis, 4 məktəb psixoloqu, 4 ibtidai təhsil üzrə direktor müavini və 4 məktəb direktoru iştirak edir".
Qeyd edək ki, Azərbaycanda əlilliyi olan şəxslərin təhsilə cəlb olunması həmişə diqqət mərkəzində saxlanılıb. Ölkə prezidenti İlham Əliyevin təsdiqlədiyi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qeyd edilib ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.

Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapıb.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normaların nəzərdə tutulmasına baxmayaraq, inklüziv təhsilə dair müddəalar yer almayıb. Qeyd olunan qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarının təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunub. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir.

Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsil alırlar. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdiriliblər. Regionlarda gözdən əlil və ya kar, sonradan karlaşmış, zəif eşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada yaşayırlar.

Sənəddə bildirilir ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilib və ya yenidən qurulub, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilib.

Sənəddə habelə Azərbaycanda inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması da nəzərdə tutulub. Bu məsələnin həlli Təhsil Nazirliyinə həvalə olunub. Sözügedən qurum 2018–2020-ci illər ərzində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaratmalıdır. Bundan başqa proqramda nəzərdə tutulub ki, Təhsil Nazirliyi mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materialların, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasını və nəşr edilməsini təmin etməlidir.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov bildirib ki, statistik məlumatlara görə, 2018-ci tədris ilində 10010 nəfər sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub: “Bunlardan 6401-i evdə, 3609-u isə xüsusi təhsilə cəlb edilib. Hazırda respublika üzrə inklüziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnklüziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Ölkə üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir. Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inklüziv təhsilə cəlb edilmiş, eləcə də inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı isə 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilib. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır. Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrinin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır”.

K. Əsədov vurğulayıb ki, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkil olunması məqsədi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunub: “Hesab edirəm ki, bu proqram həyata keçirilsə, ölkədə əlilliyi olan uşaqların təhsilinin təşkili ilə bağlı bütün problemlər aradan qalxacaq. Xüsusi ilə qeyd edim ki, adi uşaqlardan fərqli olaraq, intellektində geriliyi olan uşaqlara xüsusi yanaşma lazımdır. «Təhsil haqqında» qanunda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil hüquqları var. Ümumilikdə sağlamlıq imkanları məhdud uşaqların təhsil məsələsi problem olaraq qalmaqdadır. Avropada uşaq anadan əlil doğulubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verir. Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına göndərilir, 6 yaşından 18 yaşına qədər olanlar məktəblərə göndərilir, sonra ali təhsil, daha sonra iş yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir. Düşünürəm ki, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bunları Azərbaycanda da tətbiq etmək mümkündür və lazımdır”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019