Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Həm qazla, həm də işıqla bağlı limitin ləğvinin tərəfdarıyıq” – Azər Badamov
Tarix: 07.06.2019 | Saat: 17:35:00
Bölmə:Müsahibə | çapa göndər

“Həftənin qonağı” rubrikamızın ilk qonağı millət vəkili Azər Badamovdur. Millət vəkili ilə yola saldığımız həftənin gündəm dəyərləndirməsini etmişik. Vəhdət namazından, Fransa məhkəməsinin ədalətli qərarından, problemli kreditlərin ikinci hissəsinin nə zaman icra olunacağından, bazarlardakı qiymət artımlarından danışmışıq. Həm yazı, həm də videomüsahibə bölməsindən ibarət olan söhbətləşmələrimizi bundan sonra hər həftə hafta.az-dan oxuya, izləyə bilərsiniz.

 

-Azər müəllim, əvvəla Ramazan bayramınızı təbrik edirəm. İlk sualım da Ramazan bayramı ilə əlaqədardır. Bu il də Ramazan bayramında Vəhdət namazı qılındı. Bu vaxta qədər hər hansı bir islam ölkəsində, müsəlman dövlətində belə bir təşəbbüs, vəhdət şəklində ibadət forması olmayıb. Azərbaycanda isə artıq bir neçə ildir ki, məzhəblər bir araya gəlir. İbadət edirlər. Gələcəkdə Vəhdət namazı Azərbaycanın multikultural dəyərlərinin bir parçası kimi dünyaya təqdim oluna bilərmi? Necə düşünürsünüz, yoxsa Vəhdət namazının özü ayrıca olaraq Azərbaycanın yaratdığı bir islam modelidir?

-Ümumiyyətlə, Azərbaycan tolerant ölkədir. Tolerantlıq həyat tərzinə çevrilib. Ölkəmizdə bütün məzhəblərin, dinlərin, millətlərin, xalqların nümayəndələri bir-birlərinə qarşılıqlı hörmət sərgiləyirlər. Öz həyat şəraitlərini bu dostluq münasibətləri üzərində qurublar. Ramazan bayramı münasibəti ilə keçirilən Vəhdət namazında hər iki islam məzhəbinin nümayəndələrinin iştirakı da buna işarədir. Azərbaycanda vahid islam dini, vahid müsəlmançılıq var. Artıq islamın məzhəblərə bölünməsi və məzhəblər arası ziddiyətlərin olduğu dövr arxada qalıb. Belə bir şey mövcud deyil. Bu həm dövlət siyasətidir, həm də dinin müasir dəyərlər üzərində qurulmasıdır. İslam dini sülhə xidmət etməlidir. İslam dini insanları bir-birinə yaxınlaşdırmalıdır. İnsanlar arasında dostluq, həmrəylik münasibətlərini yaşatmalıdır. Azərbaycanda məscidlərdə, dini birgə ibadətlərin edilməsi, birgə mərasimlərin keçirilməsi buna bir misaldır. Eyni zamanda, dünyaya da bir nümunədir. Azərbaycan nadir ölkələrdəndir ki, bu gün burada məzhəb fərqi yoxdur. Hər kəs eyni əqidəyə - islam dininə və Qurana xidmət edirlər. Bu çox yüksək bir dəyərdir. Məzhəblər arasında fərqin olmaması insanlar arasında mehribanlığı daha da çoxaldır. Ölkədə sülhü möhkəmləndirir.

 

“Azərbaycan dünyaya artıq öz sülhyaratma missiyasını təqdim edir”

-Azərbaycan gənc ölkə olmasına baxmayaraq, bu vaxta qədər dünyaya bir neçə model təqdim edə bilib. Tolerantlıq modelini, elə ASAN Xidmətin özünü buna misal çəkmək mümkündür. Gələcəkdə nə vaxtsa Vəhdət namazı da dünyaya – daha doğrusu, müsəlman və islam dövlət quruluşlu dövlətlərə bir model olaraq təqdim edilə bilərmi?

-Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, dünyada çoxlu sayda ilklərə imza atıb. O ilklərə örnək olaraq multikulturalizmlə bağlı keçirilən humanitar formları misal çəkə bilərik. Müxtəlif məzhəblərin, fərqli inancların nümayəndələri Azərbaycana dəvət olunur. Onları bir araya gətirir. Dünyada baş verən qlobal problemlər Azərbaycanda müzakirə olunur. Bu həm dini, həm humanitar sahələrdə baş verən problemlərdir. Bu kimi məsələlər gündəmə gətirilir və onların həlli yollarında diskussiyalar təşkil olunur. Yəni, Azərbaycan dünyaya artıq öz sülhyaratma missiyasını təqdim edir. Bu dünya tərəfindən qəbul olunmaqdadır. Çünki 500-dən çox insan, özü də fərqli-fərqli inancların nümayəndələri ölkəmizdə keçirilən humanitar forumlara qatılırlar. Burada həm elm nümayəndələri, həm də alimlər, fəxri din nümayəndələri var. Hər bir xalqın, dinin nümayəndəsinin iştirakı ilə onları narahat edən bu qəbildən olan məsələlərin Azərbaycanda müzakirə edilməsi dünya üçün bir yenilikdir. Ölkəmizdə şiə və sünni məzhəblərinin bir arada olması da dünya üçün bir yenilik sayılır. Biz dünyadakı bir sıra müharibələrin kökündə məzhəb fərqlərinin dayanmasının qabardılmasını görürük. Xarici dairələr həmin ölkələrdə siyasi sabitliyi pozmaq istəyirlərsə, birinci növbədə din amilindən istifadə edilir. Mübahisə qızışdırılır. Məzhəblər arasında süni ədavət qızışdılmaqla istəklərinə nail olmaq istəyirlər. Çox sevindirici haldır ki, Azərbaycanda belə bir şey yoxdur. Ümumilikdə islama xidmət edilməsi, məzhəb ayrıseçkiliyinin olmaması dünya üçün bir nümunədir. Bunu bir model kimi qeyd etmək lazımdır. Yəni, Vəhdət namazını Azərbaycanın yeni bir modeli kimi qeyd etmək olar. Azərbaycan həm iqtisadi, həm humanitar, həm də dini mövzuda yeni modelortaya qoyub. Dini model isə tolerantlığın təmin olunması, multikulturalizmin yüksək ənənələrinin təmin edilməsi dünya üçün bir modeldir.

“Azərbaycan Ermənistanın dünyaya açılan qapısıdır”

-Azər müəllim, ötən həftənin ən çox müzakirə olunan siyasi gündəm məsələləsindən biri də Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında “Dostluq haqqında xartiya” imzalanması idi. Azərbaycan problemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail ola bildi. Beləki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etdi. Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq diplomatiyamızın növbəti uğuru sayıla bilərmi? Bu kimi addımları küçə hərəkatından hakimiyyətə gələn və 1 il 2 ay ərzində verdiyi vədləri yerinə yetirməyən Nikol Paşinyanın bu yolla cəmiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa çalışması kimi qiymətləndirmək olarmı?

-Fransanın inzibati məhkəməsinin Dağlıq Qarabağın Xocavənd rayonu ilə Fransanın Arnuvill şəhəri arasındakı xartiyanın ləğv edilməsi haqqındakı qərarı Azərbaycanın qələbəsidir. Çünki Fransada erməni lobbisi çox güclü fəaliyyət göstərir. Erməni lobbisinin həm məhkəmələrə, həm də hakimiyyətə təsir imkanları çox genişdir. Təbii ki, erməni lobbisinin güclü olduğu bir ölkədə belə bir qərarın qəbul edilməsi Azərbaycanın qələbəsidir. Bu qələbənin əldə olunmasında birinci vitse-prezidentimizin Fransaya səfəri zamanı hökumət üzvləri ilə görüşlərində keçirdiyi diskussiya və müzakirələrin də böyük önəmi oldu. Birinci vitse-prezidentimiz belə bir halın qəbul edilməz olduğunu onların nəzərinə çatdırdı. Eyni zamanda Azərbaycan rəsmilərinin Fransa məhkəməsinə müraciət etməsi, Fransa məhkəməsi tərəfindən “xartiyanın” ləğvinə gətirib çıxardı. Bu bizim Fransadakı ilk və çox böyük qələbəmizdir. Bu o deməkdir ki, artıq Azərbaycanın beynəlxalq mövqeləri güclənir. Ölkəmizin nüfuzu günü-gündən artır. Azərbaycanın sözünün kəsəri güclənir. Sualınızın Nikol Paşinyanla bağlı olan hissəsinə toxunmaq istəyirəm; Paşinyan iğtişaşlarla, küçədən gəlmiş bir siyasətçidir. Bu şərtlər altında özünü lider kimi təqdim etməyə çalışan bir şəxsin hakimiyyətə gəlməsi sual altındadır. Çünki onun ölkəsinə rəhbərlik etmək qabiliyyəti və təcrübəsi yoxdur. Beynəlxalq arenada söz sahibi deyil. Vətəndaşlarının istəklərini reallaşdırmaq imkanları da yoxdur. O, artıq küçə hərəkatı zamanı verdiyi populist bəyanatların reallaşmasının mümkün olmadığını görür. Üstəlik, tərəfdarlarının sayı günbəgün azalır. Paşinyan hakimiyyətinin ilk günlərindən rəqiblərini zərərsizləşdirməyə çalışırdı. “Qarabağ klanı”nı aradan çıxarmağa cəıhd göstərirdi. Qısa müddət ərzində tədbirlər də görüldü. Keçmiş prezident Robert Köçəryan da həbs olundu. Sonra həbsdən azad edildi. Artıq sələfi Serj Sarkisyan haqqında istintaq işləri aparılır. Bütün bunlara baxmayaraq, “Qarabağ klanı” hərəkətə keçib. Paşinyana qarşı etiraz dalğaları güclənir. O ard-arda Qarabağa səfərlər etməklə, oğlunu Cəbrayıla “hərbi xidmət”ə göndərərək əhalinin gözündə fon yaratmaqla insanların könlünü almaq istəyirdi. Amma onun bütün bu cəhdləri iflasa uğradı. Bu gün Nikol Paşinyana nə işğal altındakı Qarabağda, nə də Ermənistanın özündə hörmət qalmayıb. Qalmayacaq da! Bu gün Paşinyanın yerinə bir başqası da gəlsə, idarəetmədə yeniliklər etməsə, heç kim Ermənistanda uzunmüddətli hakimiyyətdə qala bilməz. Ermənistan uzun illərdir ki, blokadadadır. Blokada vəziyyətinin davam etməsinə səbəb Azərbaycan torpaqlarının işğal altında saxlanılmasıdır. Azərbaycanla düşmənçilik münasibətləri, Türkiyə ilə sərhədlərin işğala görə bağlı qalması, Gürcüstanla münasibətləri lazımı səviyyədə qura bilməməsi – bütün bunlar Ermənistanın iqtisadi potensialını günbəgün aşağı salır. İqtisadi böhran dərinləşir. İqtisadi böhranın dərinləşməsi də siyasi böhranı dərinləşdirir. Paşinyan olmasın, başqası gəlsin, problemdən çıxış yolu işğal faktına son qoyulması və Azərbaycanla qonşuluq siyasətinin qurulmasından keçir. Çünki Azərbaycan Ermənistanın dünyaya açılan qapısıdır. Rəsmi Bakı ilə münasibətlərin qurulması isə ilk növbədə işğal faktına son qoymaq, işğalçılıq iddialarından əl çəkməkdən ibarətdir. Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ancaq bu halda Ermənistanın üçün işıq ucu görünə bilər. Əks halda bu ölkənin gələcəyi ilə bağlı yaxşı heç nə görünmür.

- Ötən həftənin əsas gündəmlərindən biri də prezidentin müvafiq sərəncamına əsasən problemli kreditlərlə bağlı məsələyə yekun vurulması idi. Problemli kreditlərlə bağlı icra prosesi başa çatdı. Amma birinci mərhələ... Dollarla bağlı kreditlərdən fərqli olaraq restruktrizasiya mərhələsinin icrası yubanır. Səbəb nədir? Banklar niyə ikinci mərhələnin icrasına başlamaq istəmir? Nə baş verir?

-Ümumiyyətlə, xarici valyuta ilə götürülmüş kreditlərin həll edilməsi çox mürkkəb bir məsələ idi. Bu məsələnin hazırlanması üçün 3 ildən çox vaxt lazım oldu. Cənab prezidentin siyasi iradəsi nəticəsində bu məsələnin kökündən həll edilməsi ilə bağlı qərar imzalandı. Bu qərarın icra müddəti artıq yekunlaşmaq üzrədir. Bununla da problemli kreditlərin 95 faizdən çox hissəsi öz həllini tapdı. Amma 5 faziə qədər məsələ hələ ki, həll olunmamış qalır. Bu da müəyyən sənədləşmə ilə əlaqədar problemlərin yaşanmasına görədir. Düşünürəm ki, bütün problemlər araşdırılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasında hər bir şəxsin krediti ilə bağlı ayrıca təhlillər aparılacaq. Eyni zamanda, yaxın müddət ərzində həm xarici valyuta, həm də manatla bağlı problemli kreditlər öz həllini tapacaq. Bu cənab prezidentin istəyidir. Bunun reallaşdırılması artıq son mərhələdədir. 800 mindən çox insanı əhatə edən problemli bir məsələdən bəhs edirik. Düşünürəm ki, bunun böyük problem olmasına görə bir az da zamana ehtiyac var. Bununla bağlı çətinlik yaşayan hər bir şəxsin məsələsi müəyyən zaman çərçivəsində öz həllini tapacaq.

“Həm qazla, həm də işıqla bağlı limitin ləğvinin tərəfdarıyıq”

 

- Yola saldığımız həftənin ən çox müzakirə olunan mövzularından biri də işığa görə limitin ləğvi məsələsidir. İnsanlar limitin ləğvini istəyir. Bəs siz necə düşünürsünüz?

-Həm qazla, həm də işıqla bağlı limitin ləğvinin tərəfdarıyıq. Milli Məclisdə də dəfələrlə bu məsələ səsləndirilib. Qazla bağlı limitin məsələsinə baxıldı. Bununla əlaqədar olaraq Tarif Şurası tərəfindən limitin 500 kub-a qədər artırılmasına qərar verildi. Bu alqışlanılası qərar idi. Amma burada da bir məsələ çətinlik yaradır. Düşünürəm ki, limit məsələsində ölkənin coğrafi relyef məsələsinə görə bir yanaşma ortaya qoyulmalıdır. Dağlıq və dağətəyi rayonlarında istilik sistemlərindən istifadə müddəti daha da uzundur. Aran rayonlarında isə bu müddət qısadır. Dağ rayonları ilə Aran rayonlarına eyni limitin qoyulmasını düzgün hesab etmirəm. Çünki dağ rayonlarında limit daha da çox olmalıdır. Dağ rayonlarının sakinləri 8-9 aya yaxın istilik sistemlərini yandırmalı olurlar. Məsələn, bugünkü limit Aran rayonlarında yaşayanalara kifayət edirsə, dağ rayonlarında yaşayanlarla bağlı bunu söyləmək mümkün deyil. Burada nizamlanmaya ehtiyac var. İşıqla bağlı limit də ləğv olunmalıdır. Düşünürəm ki, bu insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. Bunun ikinci tərəfini də düşünməliyik. Limit tam şəkildə ləğv olunarsa, israfçılıq halları da baş verir. Bunu da diqqətimizdə saxlamalıyıq. Elə bir nizam yaratmalıyıq ki, həm israfçılıq halları baş verməsin, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərməsin.

-Bu həftə neftin də qiyməti kəskin ucuzlaşdı. 77 dollardan 63 dollara qədər aşağı düşdü. Büdcədə isə neftin qiyməti 60 dollarla götürülüb. Neftin qiymətlərinin bu templə aşağı düşməsi nə vəd edir? Milli Məclisdə büdcədə nəzərdə tutulan neft gəlirləri ilə bağlı məsələyə yenidən baxıla bilərmi?

- Ümumiyyətlə, dünya iqtisadiyyatında gedən proseslər iqtisadiyyatları neftdən asılı ölkələrə öz təsirini göstərir. 2015-ci ildə neftin qiyməti 3 dəfəyə qədər ucuzlaşdı. Manat devalivasiyaya uğradı. Qiymətdən düşdü. Müəyyən bir müddət problemlər yaşanmışdı. 2016-cı ilin dekabrından başlayaraq, ölkəmizdə iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması ilə bağlı böyük tədbirlər proqramı icra olunur. Bu strateji yol xəritələrinin tərtib olunması idi. 2017-ci ilin yanvarından bu yol xəritəsi icra olunmağa başladı. Bu xəritələrin icra vəziyyəti bu ilin yanvarına 50 faiz planlaşdırılmışdı. Ümumi ortalama göstəricilərə baxdıqda nəzərdə tutulan işlərin 52 faizinin icra olunduğunu görürük. Strateji yol xəritələri 2020-ci ilə qədər hesablanıb. Bu hədəflər artıq 100 faiz dərəcəsinə yaxınlaşmaq üzrədir. Bu da Azərbaycan iqtisadiyyatında özünü göstərir. İqtisadi artımlarla müşahidə olunur. Qeyri-neft sektorunun yeni inkişaf mərhələsidir. Bu gün dövlət büdcəsinin 50 faizdən çox hissəsi qeyri-neft sektorunun üzərində formalaşıb. Bu gün dövlət büdcəsində neftin qiyməti 60 dollar ifadəsində qəbul olunub. Hələ ki, bazarlarda neftin qiyməti 60 dollardan yuxarıdır. 60-70 dollar arasında dövr etməkdədir. Bu Azərbaycan üçün heç bir mənfi nüans vəd etmir. Dünya bazarında neftin qiymətinin 60-70 dollar arasında dəyişməsində də Azərbaycanın əməyi var. Çünki “OPEC+” formatının yaradılması məhz Azərbaycanın təşəbbüsü idi. Cənab prezident Davos İqtisadi Forumunda iştirakı zamanı belə bir təşəbbüslə çıxış etmişdi. Dünyanın neft istehsal edən ölkələri də bu təşəbbüsü məqbul hesab etmişdilər. Bu formatın ilk iclasları Bakıda keçirildi. Burada məqsəd o idi ki, neft istehsal edən ölkələr istehsallarını azaldaraq dünya bazarında neftin qiymətinə nəzarət edə bilsinlər. Məhz “OPEC+”-un yaranmasından sonra dünya bazarında neftin qiymətinin 60-70 dollar arasında dəyişməsi prosesi başladı. Ümumi sövdələşməyə əsasən neftin qiymətinin 60 dollardan aşağı düşməsi inandırıcı deyil. Qiymətlərin 60 dollardan yuxarı olacağını proqnozlaşdırıram. 60 dollardan aşağı düşsə də Azərbaycan üçün bunun bir təhlükəsi yoxdur. Çünki Azərbaycanın bu gün kifayət qədər valyuta ehtiyatları formalaşıb. 47 milyard dollarlıq valyuta ehtiyatımız mövcuddur. Qeyri-neft sektorumuz da sürətli inkişaf yolundadır.

Fotoların və videogörüntülərin müəllifi: Ruzbeh Məmməd 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019