Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sınaq mərhələsində olan ehtiyat dərsliklər
Tarix: 10.06.2019 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu il ölkə üzrə ümumilikdə 3 244 şagird alternativ dərsliklərdən istifadə edib

Ehtiyat dərsliklərin sınaq prosesi, ümumilikdə, 97 məktəb, 122 sinif və 3 244 şagirdi əhatə edir. AzEdu.az xəbər verir ki, bu barədə “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev məlumat verib. Onun sözlərinə görə, “Ehtiyat dərsliklər” istiamətində hazırda II sinif Azərbaycan dili və Riyaziyyat dərslikləri, “Happy Campers” ibtidai siniflərdə İngilis dili dərslik xəttinin lokalizasiyası, I sinif Azərbaycan dili ( dövlət dili kimi ) dərsliyi, məktəbə hazırlıq qrupları üçün vəsaitlərin hazırlanmasına istiqamətlənən layihələr icra olunur.

Məlumata əsasən, ehtiyat dərsliklərin sınaq prosesi Bakı şəhəri üzrə 47 məktəb, 72 sinif, 2050 şagird, rayonlar üzrə isə 50 məktəb, 51 sinif, 1195 şagirdi əhatə edir.
Yeri gəlmişkən, təhsil naziri Ceyhun Bayramov bir müddət əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda təhsil sistemində yeni bir yanaşma tətbiq edilir: “Təbii ki, dərsliklərin həcmi həftəlik dərs yükünə bağlıdır. Amma hazırda tətbiq edilən yeni yanaşmaya əsasən, həcmi çox olan ana dili və riyaziyyat dərslikləri iki hissədən ibarət olacaq”.
O bildirib ki, bu yanaşma artıq həyata keçirilmə üzrədir: “Bu yanaşmanın özünü doğrultmasından asılı olaraq yekun qərar qəbul olunacaq. Dərsliklərin məzmununun təkmilləşdirilməsi prosesi qanunverciliyə uyğun olaraq həyata keçirilir. Dərsliklər dörd ildən bir tamhəcmli formada yenidən çap olunan zaman yeni redaksiyada təqdim edilir. Bu müddət ərzində yığılmış təkliflər nəzərə alınır”.
C.Bayramov Azərbaycanda yeni proqrama uyğun olaraq ümumtəhsilin bütün səviyyələrində 1-ci sinifdən 11-ci sinifə qədər yeni dərsliklərin tətbiqinin həyata keçirildiyini xatırladıb. Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində bu proqram artıq 11-ci siniflərə şamil edilib. O, bununla da bu tipli dərsliklərin yenilənməsi prosesinin başa çatdığını vurğulayıb.
Nazir Azərbaycanda ehtiyat dərsliklərin yaradılması işinə başlanıldığını bildirib:
“Təhsil Nazirliyi alternativ olaraq qanunvericiliyə uyğun olaraq edilmiş dəyişikliyə əsasən ehtiyat dərsliklərin yaradılması işinə başlayıb. Ehtiyat dərsliklərin yaradılması ilk olaraq ibtidai təhsil pilləsindən başlanılıb. Hazırda 1-ci siniflər üçün ana dili və riyaziyyat fənləri üzrə ehtiyat dərslikləri yaradılıb. Artıq bir il ərzində yüzdən çox məktəbdə bu prosesin tətbiqinə başlanılıb.

Növbəti ildə də bu prosesin pilot səviyyəsində tətbiqi planlaşdırılır. Gələn il 2-ci siniflər üçün ana dili və riyaziyyat dərsliklərinin pilot səviyyədə tətbiqi nəzərdə tutulub”.
Yeri gəlmişkən, artıq neçə ildir ki, ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklər istifadəyə verilir. Amma dərsliklər istifadəyə verildikdən sonra onların məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradann qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur. Bunu nəzərə alan Təhsil Nazirliyi 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif, eyni zamada, əsaslı şəkildə təkmilləşdirilmiş I və V sinif dərsliklərini ictimai müzakirəyə çıxarıb. Dərslik layihələrinə dair rəy və təkliflər Təhsil Nazirliyinin e-resurs.edu.az saytı və [email protected] elektron poçtu vasitəsilə qəbul edilib. Ümumilikdə I, V və IX siniflər üzrə 77 dərslik layihəsi sayta yüklənib. Həmin dərslik layihələrinə dair 1544 rəy və təklif daxil olub. Daxil olan rəylərin 91 faizi IX sinif, 6 faizi V sinif, 3 faizi isə I sinif dərslik layihələrini əhatə edib.
IX sinif dərslik layihələri içərisində ən çox rəy və təklifin daxil olduğu layihə Azərbaycan dili (tədris dili) dərslik layihəsi (13,3 faiz), ən az rəy və təklifin daxil olduğu layihə isə Fransız dili dərslik layihəsi (0,1 faiz) olub.
Daxil olan rəy və təkliflərdə irad, tövsiyə, müsbət və tənqidi xarakterli fikirlərə rast gəlinib. Bütün rəy və təkliflər operativ şəkildə dərslik layihəsini hazırlamış müvafiq nəşriyyat-poliqrafiya müəssisələrinə çatdırılıb. Həmin fikirlərin əsasında nəşriyyatlar və müəlliflər tərəfindən dərslik layihələri üzərində müvafiq təkmilləşdirmələr aparılıb.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir: "Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, son on illiklə müqayisədə, dərslik siyasətinə fərqli baxış formalaşıb. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər hazırlanacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək”.
Ekspert həmçinin vurğulayıb ki, bəzən ayrı-ayrı siniflər və fənlər üzrə tender müsabiqəsinə bir dərslik təqdim olunur: “Təqdim olunan dərslik və ya dərsliklər dərsliyə verilən tələbləri, prinsipləri ödəməsə də, müvafiq standartlara uyğun gəlməsə belə, onu nəşr edib, yerlərə göndərmək zərurəti meydana çıxır. Bu və buna bənzər hallar baş verdiyi təqdirdə, vəziyyətdən çıxış yolu kimi alternativ olaraq ehtiyat dərsliklər dövriyyəyə buraxıla bilər. Hesab edirəm ki, təkcə ibtidai siniflər üçün deyil, digər siniflər üçün də mərhələlər üzrə ehtiyat dərsliklərin hazırlanmasına ehtiyac var”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov bildirib ki, dərslərin keyfiyyətli olmasında dərsliklərin rolu əvəzolunmazdır: "Əgər hər hansı fənn üzrə keyfiyyətli dərslik olarsa, şagirdlər üçün həmin fənni mənimsəmək bir o qədər rahat olar. Artıq illərdir ki, Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni kitablar nəşr olunur. Demək olar ki, bütün siniflər üzrə yeni kitablar nəşr olunub. Kitablar dizayn cəhətdən professional şəkildə olsa da, içində olan materiallar barəsində bunu deyə bilməyəcəm. Xüsusilə aşağı sinif kitablarında çoxsaylı nöqsanlar mövcuddur. Dərsliklərlə bərabər yeni test topluları, əlavə dərs materialları da çap olunur. Orta məktəb şagirdlərinə verilən test tapşırıqlarına nəzər yetirəndə şagirdlər üçün çətin olduğunu görmək olur. Bu onu göstərir ki, dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır”.

Ekspertin sözlərinə görə, keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də, informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır: "Artıq təhsil alan 20-30 il bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər. Hesab edirəm ki, Azərbaycanda vahid dərslik mərkəzinin yaradılması da vacibdir. Daha dərsliklər nəşriyyatlar tərəfindən hazırlanıb təqdim edilməsin. Müstəqil olan dərslik idarəsi müxtəlif mütəxəssisləri cəlb edərək vahid standartlar əsasında dərsliklər yazsınlar. Belə olan təqdirdə rəqabət də yüksək olacaq və daha keyfiyyətli məhsul ortaya qoyulacaq”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019