Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ulu Öndər öz siyasi gücünün, qüdrətinin sayəsində xalqı, dövləti xilas edə bildi” - Məlahət İbrahimqızı
Tarix: 11.06.2019 | Saat: 15:03:00
Bölmə:Müsahibə | çapa göndər

“Həftə içi” qəzetinin və hafta.az saytının müsahibi YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızıdır.

Onunla 15 İyunun Azərbaycan tarixindəki rolu və Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə əldə olunan uğurlar barədə həmsöhbət olduq.

- Məlahət xanım, 15 İyunun Azərbaycan tarixindəki rolunu necə xarakterizə edərdiniz?

- Xalqımız 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 15 iyun 1993-cü ilədək ağır dövr yaşayıb. O dövrdəki mühit dözülməz idi, hətta yenicə qazanılmış dövlət müstəqilliyin itirilməsi təhlükəsi var idi. Bu bizim çağdaş tariximizdir və Azərbaycanın ziyalıları həmin tarixi öz gözləri ilə görüblər. Xatırlayıram ki, televiziyada tez-tez Surət Hüseynovun Bakıya yaxınlaşdığı, hansısa rayona müdaxilə etdiyi ilə bağlı informasiyalar səslənirdi. Bu, təsadüfən deyildi. Hakimiyyətdə olan o zamankı iqtidar nümayəndələri həddindən artıq böyük qorxu içində idilər. Heydər Əliyev həqiqətən də bütövlükdə xalqını, vətəndaşlarını, o cümlədən, həmin iqtidardakı şəxsləri xilas etdi. O vaxtlar SSRİ-nin bütün xalqları öz azadlıqlarını əldə etmək üçün mübarizəyə qalxmışdı. Yəni, millətin azadlıq əldə etməsi heç də bugünkü müxalifətin adı ilə bağlana bilməz. Bu, bir proses idi. Əksinə, Azərbaycan öz müstəqilliyini çox ağrılı bir vəziyyətdə qazandı. 20 Yanvar faciəsi, torpaqlarımızın işğalı, müharibə nəticəsində verdiyimiz şəhidlər, bir milyona yaxın qaçqın və köçkün. Əgər Heydər Əliyev siyasi hakimiyyətə daha tez gəlsəydi Azərbaycanın başı bu bəlaları çəkməyəcəkdi. Biz 80-ci illərin sonunda Heydər Əliyevin Azərbaycana gəlməsini təmin etməli idik. Çünki həmin illərdə dünyada bütün siyasi prosesləri liderlərin siyasi çəkisi müəyyənləşdirirdi. XX əsrin ən böyük liderlərindən biri olan Heydər Əliyev məhz öz siyasi gücünün, qüdrətinin sayəsində bu xalqı, dövləti bəlalardan xilas edə, yaşada bildi. 1993-cü ilin birinci yarısına qədər bütün evlərdə bir fikir səslənirdi ki, niyə bizim xalq yiyəsizdir?Təbii ki, belə bir çətin zamanda Azərbaycan xalqı təkidlə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. 1993-cü ilin iyunun 15-də Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçildi və həmin gün Milli Qurtuluş Günü kimi tariximizə düşdü. Ümummilli liderimizin hakimiyyətə qayıtması ilə Azərbaycan fəlakətdən, xaosdan, böhrandan xilas oldu. Məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb. Həyata keçirilən uğurlu daxili və xarici siyasət, görülən işlər Heydər Əliyevi xalqımızın Ümummilli liderinə çevirməklə bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəldib.

- Sizin də vurğuladığınız kimi, ölkəmizin beynəlxalq aləmdə yerinin və rolunun güclənməsində Heydər Əliyevin göstərdiyi xidmətlərə də toxunmanızı istərdik.

- Sözsüz ki, Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi və mənəvi psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərindən heç birinə birmənalı şəkildə üstünlük vermədən Qərb və Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla və səmərəli şəkildə bəhrələnməyə, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993-cü ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq Azərbaycanın çağdaş dünyada qazandığı yer və mövqenin hansı çətinliklər hesabına başa gəldiyi bir daha aydın olur. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu avroatlantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və paralel olaraq Türkiyə ilə, müsəlman dünyası və ayrıca olaraq İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan durumu yaradıldı. Yəni fərqi yoxdur həm çox tərəfli və həm də iki tərəfli münasibətlərdə ən etbarlı tərəfdaş olmaq prinsipini həyata keçirmək idi. Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropanın böyük dövlətləri ilə münasibətlər məsələsi mühüm bir istiqamət təşkil edir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni xətt qısa bir müddətdə çevik taktiki gedişlərlə həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi çox nüfuzlu həmfikirlər əldə etməsi Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.

- Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi mənzərə ilə yanaşı, iqtisadi mənzərə də ciddi şəkildə dəyişdi. Bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qüvvəsi ilə daxildəki problemləri həll etməyə çalışırdı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. O bilirdi ki, ölkənin xaricində Azərbaycanda öz maraqları olan super dövlətlər, güclər var. Ulu öndər onların bu maraqlarını Azərbaycan maraqlarına ziyan gəlmədən balanslaşdıraraq ölkəmizin zəngin karbohidrogen resurslarının üzərində düzgün siyasət qurdu və 1994-cü ilin sentyabrında əsrin neft müqaviləsi imzalandı. Ondan sonra Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi böyük layihələrin əsası qoyuldu. O dövrdə bu layihələr bir utopiya kimi səslənirdi. Bu layihələr tək Azərbaycan üçün əhəmiyyətli deyildi, həm də Avropanın enerji təhlükəsizliyi probleminin həllinə də böyük töhfə verdi. Bu layihələrin həyata keçirilməsi Türk dünyasını bir-birinə möhkəm bağladı. Bütün əldə olunan uğurlar Azərbaycanın sağlam inkişafına səbəb oldu. Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib. Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm Fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalinin sosial rifahının daha da yaxşılaşması, dövlətlərarası ikitərəfli əlaqələrin möhkəmlənməsi, dünyaya uğurla inteqrasiya olunması möhtərəm Prezidentimizin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.
Sevinc Osmanova



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019