Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ölkəmizdə şagirdlərin 30,8 faizi dərsi iki və ya üç növbədə keçir
Tarix: 12.06.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda orta məktəblərdə 1 miyon 307,3 min nəfər isə birinci növbədə oxuyur

Azərbaycanda ümumtəhsil müəssisələrinin (sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi mәktәblәr, internat mәktәblәri vә siniflәr istisna olmaqla) 69,2 faizi dərslərini bir, 30,8 faizi isə iki və ya üç növbədə keçir.

Trend-in məlumatına görə, 2018-2019-cu tədris ilində ölkədə 4 394 ümumtəhsil müəssisəsi olub ki, onun 3 039-u bir, 1 355-i iki və ya üç növbədə tədris prosesini həyata keçirib. Ümumilikdə məktəblərdəki şagirdlərin sayı 1 milyon 543,1 min nəfər olub. Onların 84,7 faizi, başqa sözlə 1 miyon 307,3 min nəfəri 1-ci növbə üzrə, 15,3 faizi, yəni 235,8 min nəfəri iki və üçüncü növbə üzrə təhsil alır.
2017-2018-ci tədris ilinə nisbətən 2018-2019-cu tədris ilində birinci növbədə dərs keçirilən məktəblərin sayı azalıb, ikinci və ya üçüncü növbədə dərs keçirilən məktəblərin sayı çoxalıb. 2017-2018-ci tədris ilində 3 144 məktəb dərslərini birinci növbədə, 1 250 məktəb ikinci və ya üçüncü növbədə keçib.
Qeyd edək ki, bir müddət əvvəl təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında bildirib ki, hər bir sinifdə şagird sıxlığı var: “Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır"
O, bildirib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məsələ ilə bağlı qərar qəbul edilməlidir. Nazir müavini qeyd edib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: "360-yaxın müəssisədə təhsilalanlara ibtidai təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsili verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır".

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla formalaşır. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayının 20 nəfərdən az olmasıyla təşkil oluna bilər.
Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edilməsi haqqında” 19 yanvar 2012-ci il tarixli qərarında da qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir. Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 saylı qərarı) görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda, yaxud şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.
Eyni zamanda, “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 kvadratmetr olmaqla təşkil edilir. Bundan başqa, sənəddə göstərilib ki, dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 kvadratmetr, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 kvadratmetr sahə hesablanır.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, məktəblərdə şagird sıxlığının azaldılması üçün müxtəlif yollar var: “Etiraf edək ki, yaxşı ibtidai sinif müəllimi, savadlı fənn müəllimi axtarışında olan valideynlər hətta Bakıətrafı qəsəbələrdən və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər. Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir. Bu, qaydaya ciddi şəkildə riayət olunurdu. Məsələn, Türkiyə də belə bir qayda var və bu, sıxlığın qarşısını alır. Uşaq yaşadığı ərazidə olan məktəbdə təhsil almalıdır. Başqa məktəblərə getmək imkanları məhduddur. İlk növbədə bunu həyata keçirmək olar. Digər tərəfdən Bakı ətrafında yerləşən məktəblərdə təlim-tərbiyə prosesinin keyfiyyəti qaldırılmalı, müəllim kadrların təkmilləşdirilməsinə diqqət artırılmalıdır. Yəni, valideynlər düşünürlər ki, mərkəzi məktəblərdə ən savadlı, peşəkar müəllimlər çalışırlar. Ona görə də sıxlıq baş verir. Bunlardan istifadə etməklə sıxlığın qarşısını müəyyən qədər almaq olar”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, hazırda Azərbaycanın 4500 orta məktəbində 1 milyon 600 min şagirdə 150 minə yaxın müəllim dərs keçir: “Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir.Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı təxminən 12-dir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq bir neçə ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşırdı”.
K.Əsədov vurğulayıb ki, bu gün ibtidai siniflər üzrə demək olar ki, Bakı şəhərində bütün orta məktəbdə şagirdlərin sayı 35 dən çoxdur: “Bu əlbəttə ki, keyfiyyətə ciddi təsir göstərir. Çünki 45 dəqiqə ərzində müəllim bütün şagirdləri öyrədə, onların bilik və bacarıqlarını yoxlaya bilmir”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Şahlar Əsgərovun dediyinə görə, təhsili idarə edənlər məktəblərdə şagird sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər: “Təhsilin məqsədi gənc lərə müəyyən bi liklər, vər dişlər öyrət məkdir. Sinifdə şagid sayı çox olduqda bu vərdişlər ötürül mür. Sinifdə sıxlıq nəticəsində səsküyün səviyyəsi qal xır. Uşaqlar bir-biri ilə himcim oynayır lar və dərsin səviy yəsi sıfıra enir”.
Onun sözlərinə görə, məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın: “Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrtəmək olur. Tədqiqatlar göstərir ki, sinif də şagird sayı 25-dən yuxarı olduq da sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir. Bu va cib bir məsələdir. Digər tərəfdən, elə də mək təblərimiz var ki, həmin məktəblərə şagird yığılmır. Təhsil Nazirliyinin iclaslarında da deyirəm, mətbuatda da çıxış edirəm ki, məktəblərin səviyyəsi coğrafi koordinatlardan asılı olmamalıdır. Bü tün mək təb lər yaxşı olmalıdır. Yəni, Təhsil Nazirliyinin gözündə, mərkəzdə yerləşən məktəblə mərkəzdən uzaq olan məktəblər arasında fərq olmamalıdır. Onlar ikisinə də eyni baxmalıdır. Birinə diqqətlə baxıb, o biri mək təbi diqqət dənkənar qoyduq da birində uşaq olmayacaq, o birisin də isə sıxlıq olacaq. Nəticədə tədris prosesi əhəmiy yətini itirəcək”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019