Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hektarlarla taxıl sahələri yenidən yandırılır - nə etməli?
Tarix: 13.06.2019 | Saat: 12:10:00
Bölmə:Gündəm | çapa göndər

Yenə yay gəldi, əkin sahələrində, meşələrdə yanğın hadisələri də özünü göstərməyə başladı. Hər il biçənəklərin yandırılması halları ilə qarşılaşırıq. Bununla bağlı danışılır, təəssüf ki, elə bu yalnız mətbuat konfranslarındakı çıxış kimi qulağa çox xoş gəlir, işə gələndə isə təbiətimizə dəyən ziyan da öz yerində.

Elə dünən Şamaxı rayonu Göylər kəndində əkin sahəsi yanıb. Mətbuatda yayılan məlumatlara görə, 100 ha ərazi yanıb. Göründüyü kimi, bu elə də balaca rəqəm deyil. 100 ha torpaq sahəsi öz münbitliyini itirmiş oldu. Bu gün isə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayaraq yanğın nəticəsində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yandığı bildirildi. Göründüyü kimi, əkin sahəsi ilə yanaşı ərazidə ağaclar da yanıb.

Xatırlatmaq istərdim ki, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinə­yararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manat­dan 6000 manatadək məbləğdə cərimə edilməsi ilə bağlı qanun qəbul olunub.

Ancaq bu qanun hadisədən sonrakı mərhələ üçün nəzərdə tutulub. Ərazini yandıran böyük fermerlər bu məbləği ödəyib canlarını da qurtara bilərlər. Bəs bunun kökündən həll edilməsi üçün çıxış yolu varmı, bu yanğınların hansı səbəbdən yandırıldığı araşdırılırmı, dəqiq rəqəmlər varmı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hafta.az-a bildirdi ki, bu biçənək sahələrinə Kənd Təsərrüfatı Nazirliyi baxır. Hansı səbəbdən baş verməsini onlardan dəqiqləşdirmək lazımdır:

“Dünən mətbuat konfransında da bu məsələ haqqında danışdıq. İnsanlara biz çatdırırıq ki, yandırmaq olmaz. Adətən taxil biçinindən sonra fermerlər həmin sahələri yandırırlar. Onlarda elə bir təsəvvür yaranıb ki, taxıl biçinindən sonra od vurub yandırmaq həmin sahə üçün xeyirlidir. Fikirləşmirlər ki, torpağın münbit qatı yanır. Bundan əlavə, meşə zolaqları üçün də təhlükəlidir”.

Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyir ki, yanğın hadisəsi baş veribsə hansı səbəblərdən baş verməsini FHN müəyyən edir, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi biçin dövrlərində, eləcə ayrı-ayrı vaxtlarda maarifləndirmə işlərini aparmaqdadır:

“Biz iki istiqamətdə iş aparırıq: Birinci halda odur ki, insanlarda yanlış fikir formalaşıb ki, yandırılanda torpaq münbitləşir. Biz bununla bağlı insanları maarifləndirməyə çalışırıq ki, bu fikir yanlışdır. Biçilmiş sahələrinin yandırılması torpaq üçün ziyanlıdır. Bu istiqamətdə kütləvi şəkildə fermerlərlə söhbətlər aparırıq, təlimlər təşkil edirik. Həmçinin hadisəni törədənlər üçün cərimələr nəzərdə tutulub. Bunu hadisələri azaltmağa gətirən bir faktor kimi də saymaq olar. Biz nəzər yetirəndə görürük ki, keçən illə, hətta daha əvvəlki illərlə müqayisədə belə yandırılma halları azalıb. Hazırda 21 rayonda arpa biçini ilə bağlı müşahidələr aparırıq. Göstərdiyimiz maarifləndirmə işləri öz nəticəsini vermiş sayıla bilər. İkinci halda isə yol kənarlarında olan taxıl sahələri ilə bağlıdır. O taxıl sahələrinin yandırılmasının başlıca səbəbi magistral yolla keçən hər hansı bir şəxsin söndürülməmiş siqareti atmasıdır və bu faktorla da ərazi alışıb yanır. Bunun qarşısını almaq üçün də biz insanlarda maarifləndirmə işləri aparırıq. Bunu təkcə KTN yox, Dövlət Yanğından Mühafizə Xidməti, FHN də aparır”.

Tövsiyə: Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmağı tövsiyə edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019