Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Televiziya, sadəcə, əyləndirməməli, həm də öyrətməlidir“
Tarix: 05.03.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Təxminən 3 il bundan əvvəl yerli telekanalların tamaşaçı auditoriyasına daha biri - “Xəzər “ TV şərik çıxdı. Çoxları qısa müddət ərzində bu kütləvi informasiya vasitəsinin uğur qazanacağına inanmasa da, “Xəzər“ TV rəqiblərindən fərqlənə bildi və öz seyrçi auditoriyasını toplamağı bacardı. Telekanalın baş direktoru Hüseyn Dinləməzlə rəhbəri olduğu qurumun ötən illərdəki fəaliyyəti və gələcəkdəki planları barədə söhbətləşdik.
- Məncə, son zamanlar televiziya ilə bağlı görülən işlər, peşəkarlığın səviyyəsinin artırılması yönündə səylər ümidli danışmağa imkan verir. Xüsusən də Televiziya Akademiyasının yaradılması məsələsi çox önəmlidir. Bununla belə, insanın oxuduğu məktəbdə məsləkini sevməsi lazımdır. Jurnalistika həvəslə, insanın istəyi ilə bağlı olan bir peşədir. Təəssüf ki, indi jurnalistikanı sevərək bu sənətə gəlmək istəyənlərin sayı çox azdır. Ona görə də könüllü olaraq televiziyada çalışmaq istəyənlərin yenidən bilgilərini təkmilləşdirmələri çox vacibdir. Biz hazırda Türkiyənin bir neçə telekanalı ilə razılıq əldə etmişik və əməkdaşlarımız gedib orada təcrübə keçə bilirlər. Bundan əlavə, dünyanın nüfuzlu telekanallarından sayılan “əl-Cəzirə“ ilə də müqavilə imzalamışıq və buna əsasən bizim xəbər sahəsində çalışan əməkdaşlarımız ora ezam olunacaqlar. Mən özüm şəxsən orada olmuşam, həmin telekanalın ingilis dilində olan şöbəsində 53 ölkənin əməkdaşı təcrübə keçir.
- Ölkənin yerli teleməkanına qarşı bəzi tənqidi münasibətlər mövcuddur. Nəticə olaraq bir müddət əvvəl akademik Ramiz Mehdiyev bu barədə geniş məqalə ilə çıxış etdi. Sizcə, telekanalların vəziyyəti bu həddə çatdırmasına gərək var idimi?
- Təbii ki, Ramiz Mehdiyev bəzi çatışmazlıqlardan doğan məqamların nəticəsi olaraq bu çıxışı etdi və dediklərinə biz də yüzdə-yüz qatılırıq. Ramiz Mehdiyev təcrübəsi ilə, dövlətçiliyə xidmət etməsi ilə önəmli məqamları tutan bir şəxsiyyətdir. Onun istəkləri Azərbaycan xalqının xeyrinə köklənib. Belə tənqidlərin olması vacibdir ki, insan işinə bir daha nəzər salsın, nəyin doğru, nəyin yanlış olduğunu götür-qoy etsin. Əgər kimsə kimisə tənqid etməzsə, insan hər zaman gördüyü işlərin doğru olduğunu zənn edər. Amma işin doğru olduğunu gərək başqaları da təsdiqləsin. Təbii ki, bu irad bizə də bir istiqamət verdi. Amma problem bununla bitmir. Keyfiyyətli proqramların ərsəyə gəlməsi üçün peşəkarların çox olması lazımdır. Məsələn: Türkiyədə, eynilə futboldakı kimi, bir televiziyadan digərinə 1 milyon dollara işçi transfer edilir. Lakin Azərbaycan teleməkanında heç olmasa 10 min dollara bir yerdən başqa bir yerə transfer olunan kimisə göstərə bilərsinizmi? Hətta normal maaşla belə telekanal rəhbərliyinə keyfiyyətli proqram qazandıracaq mütəxəssis də yoxdur. Televiziya sahəsində həm də reklam bazarının məhdud olması üzündən bir məsələyə səthi yanaşılır. Amma televiziya, sadəcə, əyləndirməməli, həm də öyrətməlidir. Bunun üçün tamaşaçıya qarşı məsuliyyətli olmalı, bütün yaş təbəqələrini və ailənin bütün maraqlarını nəzərə almaqla fəaliyyətimizi qurmalıyıq. Biz məhz bu prizmadan yanaşaraq telekanalımızın şüarını da məhz “Ailənizin “Xəzər“i“ adlandırdıq. Nəzərə aldıq ki, evdə hamı bir nəfər kimi televiziya qarşısında əyləşib bizi seyr edə bilsin. Çatdığımız nöqtə, təbii ki, bizi qane etmir, daha böyük zirvələri fəth etmək lazımdır və bunun üçün də daha peşəkar insanlarla işləməyimiz lazımdır. Gələcək dönəmlərlə bağlı Azərbaycan teleməkanının bir hissəsi olaraq ümidsiz deyilik.
- “Xəzər“i daha çox baxımlı edən “Xəzər-xəbər“ oldu...
- Həqiqətən də xəbərlər proqramımız digər verilişlərə nisbətən daha reytinqli oldu. Bu, Azərbaycan teleməkanındakı yeniliklə və daha çox Türkiyə təcrübəsindən gələn formatla da bağlı ola bilər. Amma yüzdə-yüz belə deyil. Biz xəbərlərin keçmiş formatına baxıb fərqli bir yenilik etmək istədik. Bunun da içərisində, təbii ki, Avropaya meyillilik və Türkiyə təcrübəsi də yer alıb. Düşündük ki, xəbərləri tamaşaçılara bir az da fərqli şəkildə çatdıraq. Bundan əlavə, biz yayıma başlayanda xəbərlərin içərisində insanları sevindirəcək xəbərlər az idi. Xəbər verməkdə daha bir önəmli meyar isə, təbii ki, obyektivlikdir və biz iş prinsipimizdə bu məsələyə xüsusi diqqət ayırmağa çalışdıq. Hər hansı məsələyə baxış zamanı hər iki tərəfin mövqeyini öyrənməyə çalışdıq, xəbərin görüntülü olmasına, vizuallığına böyük önəm verdik. Çünki hazırda dünya təcrübəsində televiziya proqramlarının rəngarəng olmasına üstünlük verilir, standart qaydalardan, çərçivələrdən bir qədər uzuqlaşmaq tövsiyə olunur. Dolayısı ilə biz rəngarəng xəbərlər hazırlamağı qarşımıza məqsəd qoyduq və təbii ki, bu rəngarəngliyin içərisində tamaşaçını maarifləndirən və onu düşündürən, bir az da buna maqazinxarakterli məqamlar qataraq tamaşaçını ələ almağa çalışdıq. Amma biz bütün bunlarla, təbii ki, kifayətlənmirik. İnformasiya sahəsi olan televiziya üçün nədənsə razı qalmaq - hər hansı uğurun kulminasiya nöqtəsi olmamalıdır. Bütün etdiklərimizə rəğmən, daha təkmil formada proqramlar hazırlamaq, Avropa standartlarına əsaslanan, amma Azərbaycanın milli-mənəvi dəyərləri əsasında işlər görmək niyyətindəyik.
- Ümumiyyətlə, xəbərlər bölümü bütün telekanalların strukturunda “Axilles dabanı“ sayılır. Siz də mi bunu düşünərək xəbərlərə daha çox önəm verdiniz, yoxsa işin gedişatında bu proqrama marağın çox olduğunu gördünüz?
- Hər iki faktor bizim iş prinsipimizdə əsas götürülüb. Amma mən özüm televiziyada fəaliyyətə xəbər janrından başladığım üçün televiziyalarda xəbər xidmətinin bir lokomotiv vəzifəsini yerini yetirdiyini deyə bilərəm. Yəni xəbərləri qatarın ön hissəsi saysaq, digər proqramları onun vaqonlarına bənzətmək olar. Xəbərlər proqramı hər bir telekanalın simasıdır və digər proqramaları arxasınca aparır. Xəbər proqramları 7-dən 77-yə hər kəsin marağında olur. İnsanların bizi qəbul etməsi üçün 1 il gözləməli olduq və yayına başladığımızdan 1 il sonra reytinqdə ilk sıranı tutduq. Amma qeyd etdiyim kimi, etdiklərimizlə kifayətlənmirik.
- Ola bilərmi ki, “Xəzər-xəbər“də daha çox sosialyönümlü məsələlərə diqqət ayrılması bu verilişin reytinqini digərlərinə nisbətən artırıb?
- Təbii ki, bu da müəyyən qədər rol oynadı. Əgər hər bir insan özünə aid məsələləri proqramda görməzsə, onu seyr etməz. Mənə görə, tamaşaçı istər xəbərlər, istərsə də digər proqramlarda özünü tapmalıdır. Əgər özünə aid olan nəsə tapmayacaqsa, niyə televizayını seyr etməlidir ki? Yəni biz də məhz bu məntiqlə işə başladıq. İnsan faktorunu düşündük və onu maraqlandıracaq məsələlər üzərində işləməyə qərar verdik.
- Digər telekanallarda yayımlanan hansı məzmunlu verilişləri “Xəzər“ TV-də yayımlananlara rəqib görürsünüz?
- Biz iş prinsiplərimizdə yalnız özümüzü özümüzə rəqib görürük. Digər telekanalların heç birini rəqib kimi görmürük. Bizim özümüzəməxsus tərzimiz, yayım siyasətimiz var. Məsələn: bizə görə, “Xəzər“ radiosu “Bürc FM“lə rəqibdir. Baxmayaraq ki hər iki radio bir yerdən yayımlanır.
- Ola bilərmi ki, “Bürc FM“ə rəqib yarandığı kimi, “Xəzər“ televiziyasının da rəqibi yaransın?
- Bu bizdən asılı olan məsələ deyil. Amma zaman bunu tələb edərsə, öz rəqiibmizi özümüz yaratmağa hazırıq.
- Hazırda yay fəslidir və telekanallarda əksər proqramın yayımı payıza qədər təxirə salınıb, yeni çəkilişlərə fasilə verilib. İstirahət müddəti bitdikdən sonra, yəqin ki, tamaşaçıları “Xəzər“ televiziyasında yeniliklərin şahidi olacaq...
- Yeni mövsümdə yüzdə-yüz dəyişikliyin olacağı gözlənilmir, amma köhnə proqramlarla yanaşı, yenilərinin də olacağı istisna deyil. Yeni simaları da görəcəksiniz. Sentyabr ayından etibarən müəyyən dəyişikliklər olacaq və bu, ilk növbədə yayıma başlamağımızın 3-cü ilində telekanalın görüntüsündə özünü göstərəcək. Telekanalın loqosundan tutmuş dizaynına qədər bir çox görüntüsündə yeniliklər etməyi planlaşdırırıq. Bundan əlavə, xarici filmlərin yayımı ilə bağlı da danışıqlar gedir. Bir sözlə, dəyişiklik və yeniliklər yaxşılığa doğru olacaq. Telekanalın 3-cü ilinin ötən illərindən bir az daha yaxşı olmasına çalışacağıq.

Naibə Qurbanova


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019