Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan muğamına vurğunam“
Tarix: 03.03.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç cəmi ayyarımdır ki, ölkəmizdədir. Məhz yeni təyinat aldığı üçün işləri başından aşır. Ona görə də tanışlıq xarakterli müsahibə götürmək məqsədi ilə onunla görüşmək istədiyimizi səfirliyin əməkdaşı Yusif Abdullayevə bildirəndə bir qədər ümidsiz idik. Amma xanım səfir demokratik dəyərlər üzərində bərqərar olmuş Avstriyanın mətbuata hörmətinin nümunəsi kimi bizə “yox“ demədi. Elə 2 gün sonra səfirliyin yeni açılmış binasındaca bir araya gəldik. Xanım Silvia bizimlə söhbətə öncə özünü oxucularımıza tanıtmaqla başladı.
- Mən Avstriyanın şimalında - Almaniya ilə sərhədyanı bölgədə doğulmuşam. Amma ölkəmizin cənubundakı dağlıq ərazi olan Kerntendə yaşayıram. Həmişə karyera qurmağa çalışmışam, buna görə də ailə qurmaq məsələsini arxa plana keçirmişəm, yəni subayam. Diplomatiya sahəsində çalışmaqdan zövq almışam.
Avstriyanın Praqa və Romadakı səfirliklərində çalışmışam, sonra isə məni Vyanaya çağıraraq Xarici İşlər Nazirliyinin protokol idarəsinə rəis müavini təyin etdilər. Azərbaycandan əvvəl isə Əlcəzairdə səfir vəzifəsində işləmişəm. İndi isə gördüyünüz kimi, iyunun 1-dən buradayam. Özü də gəlişim çox uğurlu başlayıb. Səfirliyin binasının açılışında Avstriyadan 2 yüksək vəzifəli dövlət məmuru - xarici işlər və iqtisadiyyat nazirləri, eləcə də Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak edib.
- Dediniz subaysınız, niyə şəxsi həyatınızı qaydaya salmağa vaxt ayırmamısınız? Fransanın Bakıdakı keçmiş səfiri də subay idi, onun 55 yaşı vardı...
- (gülür) Mən 55 yaşıma çatmamışam, deməli, hələ vaxtım var. Sonra da ki, ailə qurmaq çətin deyil, əsas odur həmin ailə xoşbəxt olsun, nigah uğurlu alınsın. Əgər bu yoxdursa, subay qalmaq yaxşıdır.
- Niyə belə pessimist fikirdəsiniz? Siz ailə qurardınız, bəlkə hər şey yaxşı olacaqdı?
- Məncə, bunun üçün xasiyyəti uyğun gələn, yaxşı ürək dostu tapmaq lazımdır. Əgər bu cür münasib yoldaş tapa bilsəm, məndən əla həyat yoldaşı olar. Amma fakt budur ki, mən həyatımı işimə, karyerama həsr etmişəm. Ümumiyyətlə, Avstriyada qadınlar şəxsi həyatla karyera arasında azad seçim etmək hüququ qazanıblar və mən bundan qürur duyuram.
- Amma mən yüz faiz əminəm ki, siz mətbəxdə vaxt keçirməyi sevirsiniz, yəni dadlı yeməklər hazırlayırsınız. Belə xanımlar isə bütün kişilərin diqqətini çəkir...
- (gülür) Hə, əlbəttə, çox dadlı yeməklər hazırlayıram. Hələ orta məktəbdə təhsil alarkən orada mənə aşpazlığı öyrədiblər. Vaxtında çox xorəklər bişirmişəm, amma indi həvəsim yoxdur, istəyirəm hazır yemək yeyim.
- Bir az işdən danışaq, Azərbaycana səfir təyin olunarkən bu ölkə haqqında nə eşitmişdiniz, nələri bilirdiniz?
- Ancaq nəzəri baxımdan məlumatlıydım. Bilirdim ki, Azərbaycan Qafqazda çox önəmli siyasi mövqeyə malik ölkədir və burada müxtəlif mədəniyyətlər cəmlənib. Qədim zamanlardan Türkiyə və Rusiya ilə qurulmuş sıx əlaqələr, eyni zamanda farsların təsiri Azərbaycanda çoxçeşidli və gözəl izlər qoyub və bunlar indi də açıq hiss olunur.
- 1 aydan artıqdır Azərbaycandasınız, haralara getdiniz, haraları gəzdiniz?
- Bayaq da qeyd etdim ki, Bakıya yeni gəlmişəm, səfirliyimizin işinin təşkili ilə məşğulam. İşlər bir az yoluna düşsün, görməli yerlərlə tanış olacağam. Buna baxmayaraq həftə sonları 1 - 2 dəfə dəniz sahilinə çıxmışam, Sumqayıta getmişəm. Bura gəlməmişdən öncə də bilirdim ki, Qafqazın, o cümlədən Azərbaycanın əsrarəngiz təbiəti, gəzməli-göməli yerləri çoxdur. Avstriya yaşıl meşələrlə örtülü dağlar ölkəsidir. Çox şadam ki, eyni mənzərəli dağlar Azərbaycanda da var və mən həmin yerləri gəzmək, həmin dağlara qalxmaq arzusundayam.
- Maraqlıdır ki, Avstriya ilə Azərbaycanın əraziləri eyni ölçüdədir, əhalimizin sayı təxminən bərabərdir, coğrafi görünüşünə - relyefinə və təbiətinə görə də bənzərdir. Bütün bu oxşarlıqları nəzərə alsaq burada qalacağınız müddətdə sıxılmayacağınıza əminəm...
- Əlbəttə, mən baxmayaraq ki, bura çoxdan gəlməmişəm, qətiyyən sıxılmıram, hər şey qaydasındadır.
- Amma etiraf edək ki, Avstriya güclü sənaye dövlətidir, Azərbaycan isə inkişafına son illər qədəm qoyub...
- Mən bura gələndə baxdım ki, ölkədə tikinti-quruculuq prosesi gedir, insanlarda inkişafa və yeniliyə çatmaq üçün bir coşqunluq var.
- Səfir olaraq ölkələrimiz arasında münasibətlərin daha da inkişafı naminə hansı xüsusi planı həyata keçirmək niyyətindəsiniz?
- Bəribaşdan deyim ki, mən Avstriyanın Bakıda iqamətgahı olan ilk səfiriyəm. Yəni məndən əvvəl də səfirlər olub, amma onlar vəzifələrini Vyanada oturaraq icra ediblər. Elə bu baxımdan da mənimlə sələflərimin fəaliyyəti arasında fərq olacaq. Şəxsən mən Azərbaycanda fəaliyyətimi 2 əsas istiqamətdə qurmaq fikrindəyəm. Birincisi, Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələri daha da dərinləşdirmək. Burada əsas yeri enerji bölməsi tutur. Məsələn: “NABUCCO“ layihəsi ölkələrimiz üçün strateji mahiyyət daşıyır. Amma əlaqələri genişləndirmək üçün təkcə enerji sektorunu inkişaf etdirmək yetərli deyil, iqtisadiyyatın digər sahələrinə də diqqət artırılmalıdır. Yeri gəlmişkən, artıq bu sahədə Avstriyanın bir sıra şirkəti real iş aparmaqdadırlar. Məsələn: “Ştrabaq“ şirkəti hazırda “Azadlıq“ meydanı yaxınlığında - keçmiş “Abşeron“ mehmanxanasının yerində yeni otel tikməkdədir. Bundan əlavə, bizim “İLF“ şirkətimiz də Qusarda tikiləcək yay - qış turizm obyektinin layihəsini hazırayır. Eləcə də Avstriyanın “Coop Himmelblau“ şirkəti Azərbaycan Mərkəzi Bankının yeni dizaynını işləyərək hazırlayıb. Azərbaycanın kənd təsərrüfatına da marağımız böyükdür. Biz Azərbaycanda süd istehsalının artırılması üçün xüsusi proqram həyata keçirməkdəyik. Bunun üçün Avstriyadan 900 baş xüsusi növ inək gətirmək planlaşdırılır və artıq onlardan 300-ü Azərbaycana təhvil verilib. Biz insan resurslarının inkişafına da maraqlıyıq. Bu məqsədlə elm-təhsil, mədəniyyət sahələrində tərəqqi əldə etməyə çalışacağıq. Artıq Azərbaycanın Mədəniyyət Nazirliyi ilə bir sıra iri tədbir planı həyata keçirmək niyyətindəyik.
- “NABUCCO“dan söz saldınız, əsas tərəfdaş ölkələrdən birinin rəsmisi olaraq deyərdiniz: bu layihə nə vaxt icra olunacaq?
- “NABUCCO“ çox uğurlu layihədir, onun gələcəyi parlaqdır. Biz layihənin icrasına başlamaq üçün Azərbaycanın razılıq verməsini gözləyirik. Xeyir-dua versin, həmin andan işə başlayaq.
- Bu gün Azərbaycanla Avstriya arasında gediş-gəlişin səviyyəsi nə yerdədir?
- İyunun 23-dək Avstriyaya gedənlərə vizanı Almaniya səfirliyi verib. Məhz onlardan aldığımız məlumata görə, son 1 il ərzində Avstriyaya getmələri üçün 1181 viza alıb. Amma bir məsələ də var ki, Azərbaycan vətəndaşları Avropa Birliyinə üzv olan digər ölkələrdən də Avstriyaya gələ bilərlər. Çünki pasportuna “Şengen“ vizası vurulan adam üçün Avstriyaya gəlmək problem deyil. Biz hər bir Azərbaycan vətəndaşını öz ölkəmizdə görmək istərdik və onları Avstriyaya dəvət edirik.
- Azərbaycan tarixi mədəniyyət və təbii abidələrlə zəngindir, Avstriya isə turizm sahəsində böyük təcrübəyə malikdir. Bu halda siz avstriyalılar bizə hansı yardımları təklif edərdiniz?
- Qusarda tikilməkdə olan yay-qış turizm mərkəzi çoxsaylı planlarımızın başlanğıcıdır. Özü də bu tikintiyə prezident İlham Əliyevin birbaşa xeyir-duası ilə başlanılıb. Azərbaycan Turizm İnstitutu Avstriyanın texniki ali məktəbi ilə əməkdaşlıq şəraitində bu ölkənin tədris planlarını tətbiq edərək turizm idarəçiliyi sahəsində ixtisaslı kadrlar hazırlayır. Ona görə də bu sahədə böyük uğurlar qazanılacağına əminəm.
- Dövlətlərimiz arasında iqtisadi əlaqələrin səviyyəsi necədir, indiki durumdan razısınız?
- Düşünürəm ki, ölkələrimizin qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirmələri üçün yaxşı potensial var. Ona görə də çalışıb bu potensialdan yararlanmalıyıq ki, əlaqələrimizi daha da inkişaf etdirək.
- Bir səfir kimi, lap elə Avstriyanın sadə vətəndaşı olaraq necə düşünürsünüz: ölkənizin Azərbaycandan nə almasını və ya nəyi Bakıya satmasını təklif edərdiniz?
- İlk növbədə Azərbaycanın meyvə-tərəvəzini alardıq. Burada olduğum bu qısa vaxtda yediyim şaftalının dadını heç bir yerdə duymamışam. Düşünürəm ki, Azərbaycının bu cür dadlı meyvə-tərəvəzinin emalı və satışı üçün Avropa məkanı əvəzsiz bazardır. Avstriyadan Azərbaycana isə dərman preparatları, maşın və avadanlıq, elektronika məhsulları, dəqiq cihazlar satıla bilər. Onu da deyim ki, Avstriya İqtisadiyyat Palatasının Bakıda marketinq bürosu açılıb. Bu qurum məhz ölkələrimiz arasında iqtisadi-ticari əlaqələri genişləndirmək məqsədi güdür.
- Hər bir xalqın musiqiçiləri var. Amma Avstriya digər ölkələrdən fərqli olaraq dünya musiqisinin mərkəzinə çevrilib. Eləcə də beynəlxalq bank şəbəkəsini özünüzdə cəmləmisiniz, dünyanın hər yerindəki milyonçular öz pullarını Avstriya banklarına etibar edir. Nə sirdir, bəlkə açıqlayasınız...
- Vyananı uzun müddət Habsburqlar sülaləsi idarə edib. Maraqlısı budur ki, Avstriya krallarının hamısı musiqiyə, sənətə meyilli olub, bu sahəni inkişaf etdiriblər, sənət adamlarının qayğısına qalıblar. Motsart, Bethoven kimi bəstəkarlar məhz bu cür əlverişli şəraitdə yaşayıb yaradıblar. O vaxtdan yaşanan ənənə bu gün də davam etdirilir. Avstriyanın hər yerində opera-balet teatrları, musiqi salonları fəaliyyət göstərir. Bizim ölkədə tez-tez musiqi festivalları keçirilir ki, bu da milli-mədəni mentalitetimizin tərkib hissəsidir. Banklara gəldikdə isə hər bir kəs istəyir ki, pulunu etibarlı yerdə saxlasın. Avstriyada isə iqtisadi və hüquqi baxımdan gözəl şərait var və bu, insanları cəlb edir.
- Yəqin ki, Avstiya vətəndaşı olaraq siz də bank işlərini bilirsiniz, eləcə də musiqini sevirsiniz...
- Bank zərurətdir və bu səbəbdən də hər birimizdə ona maraq olmalıdır. Musiqi isə mənim hobbimdir. O cümlədən Azərbaycan muğamına vurğunam. Bilirəm ki, muğam YUNESKO-nun mədəniyyət irsi siyahısına düşüb. Şəxsən mən Azərbaycanda qalacağım müddətdə bu musiqi janrı ilə yaxından tanış olmağa çalışacağam. Yeri gəlmişkən, Azərbaycan musiqisi və incəsənəti Avstriya dövləti üçün də maraqlıdır. Biz hətta Azərbaycanın Vyanadakı səfirliyinin dəstəyi ilə bir neçə Azərbaycan konsert və tamaşasını təşkil etmişik.
Vüsal Tağıbəyli


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019