Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Muğamla cins şalvar tutmaz...“
Tarix: 12.02.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

“Həftə içi“nin qonağı tanınmış muğam ustası Canəli Əkbərovdur. Canəli müəllim söhbət əsnasında keçmiş illərə qayıtdı, sənət dostlarını, ölməz müəllimlərini, tərəf-müqabillərini xatırladı, muğam sənətinin bugünkü dövrü, sənətə gələn gənclərimiz haqda fikirlərini bölüşdü və... və həyatında ən ağır dəqiqələri barədə də danışdı, hansı ki həmin gün o, həyatına qəsd etmək fikrinə də düşübmüşg
Canəli Əkbərov 50 il əvvəl olduğu kimi, bu gün də tamaşaçılarının yaddaşında gənc, şaqraqsəsli, möhtəşəm canlı ifalar ustası, böyük pedaqoq və əvəzolunmaz sənətkar və ən əsası Xan Şuşinskinin yadigarlarından biri kimi canlanır.
- Bu gün səhnədə ilk addımlarınızı atdığınız vaxtı düşünərkən nə hisslər keçirirsiniz?
- Mənim böyük səhnədə ilk çıxışım 1963-cü il avqustun 2-də Azərbaycan Dövlət Filarmoniyasında olub. Həmin illərdə oranın direktoru bəstəkar Rauf Hacıyev idi. Çox yüksəksəviyyəli yoxlanışdan sonra mən müsabiqədən keçdim və ilk addımlarımı atdım. Elə həmin ilin avqustun 9-da Azərbaycanda ilk dəfə olaraq gənc xanəndələrin konserti oldu.Yekun olaraq mən konserti bağladım. O zaman xalqımızın böyük musiqi əsərlərindən sayılan monumental “rast“ muğam dəstgahını və “Qarabağ şikəstəsi“ni oxudum. O illərdə mənim hələ 23 yaşım var idi. Təsəvvür edin ki, səsimin də daha da parlaq olan vaxtlarıydı. Bu möhtəşəm mahnılar və ifa mənim müqəddəratımı həll etdi və mən M.Maqomayev adına Dövlət Filarmoniyasının solisti adını qazandım. Bu ad indiki anlamda əməkdar artist adına bərabərdir. Mənim üçün ən təsirli məqamsa o dövrün böyük, tarixiləşmiş sənətkarlarının mənə qiymət verməsi oldu. O illərdə əfsanəvi Xan Şuşinskidən, yağ-bal səsli Mütəllib Mütəllibovdan, Əbülfət Əliyevdən, Hacı Məmmədovdan dəstək almaq mənim üçün qanad açmaq demək idi. Hacı Məmmədov XX əsr tar sənətinə yeni texniki imkanlar, yeni diapazon, yeni üslub gətirdi. Bu gün tarçalanlar nəsli Hacı Məmmədova, xanəndələr nəsli Xan Əmiyə borclu olmalıdırlar. Mən bu gün də onların çörəyini yeyirəm.
- Bizdə olan məlumata görə, atanızın da gözəl səsi olub. Hətta Xan Şuşinski ilə də ailəvi dostluğu varmış?
- Atamın, bəli, çox gözəl səsi olub. Bu səs ona atasından genetik olaraq keçib. Atam hələ körpə olarkən atasını erkən itirdiyinə görə böyük bir nəslə başçılıq etməli olub. Mən belə bir muğam beşiyində dünyaya gəlmişəmsə, başqa cür Canəli Əkbərov ola bilməzdim. Atamın səsində milli kolorit var idi. Sağlam səsli, böyük diapozonlu xanəndə idi. Atamın səsinin tərkibində millətimizin ətirşahlığı duyulurdu. Hətta o, mahnıları mikrofonsuz oxuyurdu. Mən özüm də 30 il mikrofonsuz oxumuşam. Bu günün özündə də 70 yaşımda “si“ tonallığından hələ aşağı enməmişəm. Bu gün məndən balacalar var ki, hərəsi özünə bir kök seçir. Biri “lya“, biri “fa diyez“ və s. Ancaq ənənəvi olaraq bu kök bizə Hacı Hüsnüdən, Cabbar Qaryağdıoğlundan, Seyid Şuşinskidən, Aşıq Məhəmməd Həzəliyevdən və nəhayət, Xan Şuşinskidən qalıb. Bu musiqi bir kökdür, tarixdir, mədəniyyətdir. Bunu biz qorumağa borcluyuq.
- Gənc yaşlarınızda Məcnunun atası rolunu oynamaqdan niyə imtina etdiniz?
- Hə, belə bir şey olub. Mən 1965-ci ildə Asəf Zeynallıda ikinci kursda oxuyanda Opera və Balet Teatrına dəvət aldım. O zamanlar Əbüləsəd Bədəlbəyli bədii hissə müdiri idi. Soltan Dadaşov da diriyor idi. Bir də gördüm ki, Leyli və Məcnunla bağlı bir siyahı açılıb. Leyli rolunda Flora Kərimova, Məcnun rolunda Arif Babayev və Məcnunun atası rolunda mən Canəli Əkbərov. Sözün açığı, bu cür qruplaşdırma xətrimə dəydi. Çünki o zaman mənim 25 yaşım vardı. Cismani baxımdan indikindən də arıq idim. Ən əsası isə səsimin də daha parlaq olan vaxtıydı. Fikirləşdim ki, mən ata obrazını, o əzəməti, traktovkanı göstərə bilmərəm. Bu, böyük məsuliyyətdir. Gəldim, bir erməni vardı, Lazer Unyaneviç, ona müraciət etdim. O da bədii hissə müdiri Əbüləsəd Bədəlbəylinin telefon nömrəsini mənə verdi. Zəng çaldım və insani etirazımı bildirdim. Əbüləsəd Bədəlbəyli mənə bu sözləri dedi: “Istəmirsən, ərizə ver, qoy Üzeyir bəy qəbirdən dirilsin, sənə əsərin I pərdəsində “Rast“ dəstgahı muğamını versin.“ Bu sözlərdən sonra mən yenidən qayıtdım əvvəlki ocağıma, yəni filarmoniyaya. Bu hadisədən düz 10 il sonra mədəniyyət naziri Zakir Bağırovun dəvəti ilə mən bir mütəxəssis kimi Opera və Balet Teatrına gəldim. Gec də olsa, burada öz uğurlarımı qazandım. Azərbaycan opera sənətinə öz möhürümü vurdum.
- Təcrübəli bir Məcnun kimi gənc Məcnunları necə qiymətləndirirsiniz?
- Bugünkü Məcnunlar deyəndə bir neçəsini mən özüm yetişdirmişəm. Onlar cavandırlar hələ. Gərək XV əsrə - Füzuli dövrünə daha çox müraciət etsinlər. Birdə ki muğamdakı fəlsəfəni duysunlar. Bədii sözə, bədi səsə diqqət yetirsinlər. Bu zaman bədii fəlsəfə yaranar. Cavandırlar, düzələrlər. Biz bu yolda 20-30 il əziyyət çəkmişik. Bu yol Sarabskidən Canəli Əkbərova qədər olan bir yoldur. Onlar da bundan bəhrələnməlidirlər.
Məcnun üçün Leylinin fərqi yoxdur
- Ən çox bəyəndiyiniz Leyli kimdir?
- Mən 6 Leylinin nazını çəkmişəm. Birinci Leylim Rübabə Muradova olub. Burada Leylinin iztirablarını şamla bölüşməsi səhnəsi var. Şam orda iztirablardan əriyib yoxa çıxır. Bu zaman Rübabə xanım da sanki şam kimi əriyib yoxa çıxır, ilahiləşir. Zeynəb xanımın ifasında nakam məhəbbət uğrunda mübarizə güclüdür. Onun səsinin tərkibində, hərəkətlərində bir çılğınlıq var. O, ilahi sevginin uğrunda səsinin çılğınlığı ilə vuruşmağı bacarırdı. Nəzakət Məmmədovanın da ifası çox maraqlı alınmışdı. Onun Məcnunla bir xəyali səhnəsi var. O, sanki mələk qiyafəsində Məcnunun xəyalına gəlir və bir andaca onun gözündən itirdi. Burda böyük dramatizm var. Qəndab xanımın da Leylilər sırasında öz yeri var. Onu mən özüm hazırlamışam. Onun səsinin texniki imkanlarında Leyli daha da çevik bir Leyli idi. Səkinəni də mən hazırlamışam. Səkinə oxuyanda elə bil gendən görünən bir büllurdur. Hərəkətlərində bir keyfiyyət var. Bunun üçün də hər bir Leyli mənə doğma və əzizdir. Demək olmaz ki, hansı yaxşıdır, hansı pis. Hər biri eşq uğrunda vuruşan Leylidir. Məcnun üçün Leylinin fərqi yoxdur.
- Sənətdə olan qruplaşmalarla necə, bacara bilirsiniz?
- Mən hər zaman sənət aləmini okeana bənzədirəm. Burada mən həm akulaya, həm də kilkəyə rast gəlmişəm. Mənim sənət dalğam çox güclüdür. Sahilə çatmağa da bəs edər. O qruplaşmaların hamısı mənə hörmət edir. Mənə bu günə kimi ağılda, səsdə və iradədə qalib gələn ikinci oğul yoxdur. Həmişə də öz səsimə və sənətimə güvənmişəm. Başqa heç nəyə.
- Gənc yaşlarınızda özünüzə qəsdd etməyə sizi nə vadar etdi?
- Bu mənim səhvim olub, indidən deyim. Çünki o zaman mən hələ uşaq idim. Çox seyi olduğu kimi qavramırdım.17 yaşında nəyi dərk etmək olar? Bu yaşımda anamı itirdim. Anam gözümün qabağında can verirdi. Bu mənim üçün böyük dərd idi. Ailəmizin sanki tifaqı dağıldı. O illərdə mən hər şeyə nifrət edirdim. Hətta özümə də qəsd etmək istəyirdim. Ancaq nə edək ki, olanların qarşısında acizik. Bu gün də anamı axtarıram.
“Muğam bir mədəniyyətdir“
- Bizdə olan məlumata görə, tələbələrinizin geyimində çox ciddisiniz. Hətta cins şalvar geyinməyi də yasaq etmisiniz?
- Bilirsiniz necədir? Muğam sənəti ilə cins şalvar düz gəlmir. Bu bir növ bu sənətə yamaq təsiri bağışlayır. Hətta elə olub ki, paltara görə tələbəmi imtahana buraxmamışam. Geri qaytarmışam. Muğam bir mədəniyyətdir. Səslə yanaşı, geyim də burda önəmlidir. Hər şey harmoniya təşkil etməlidir. Muğamla zarafat etmək olmaz. Bu, çox ciddi və incə məsələdir.
- Niyə ifa etdiyiniz mahnılar həmişə yanğılı olur?
- Bu cəhət mahnıların tələbindən irəli gəlir. Həm də bu mənim daxilimdən, içimdən gəlir. Həmişə ifa etdiyim mahnıların sözlərinə də diqqət yetirirəm. Sözlərin bədiiliyinə daha çox diqqət yetirirəm. Burada səsin xarakterindən də hər şey asılıdır. Hər bir kəs səsinə uyğun mahnını ifa etməlidir.
- Əlli ildir ki sənətdəsiniz. Kifayət qədər titullarınız var. Bəs sizin üçün əlçatmaz olan nədir?
- Mən sənətə gəldiyim vaxtdan bu günə qədər hər zaman çalışmışam. Əldə etdiyim uğurlar da bunun nəticəsidir. Özümü xoşbəxt sayıram ki, iki prezidentdən orden almışam. Ulu öndərimiz Heydər Əliyev mənə “Şöhrət“ ordenini verəndə mən bunu sənətimə verilən yüksək qiymət kimi qəbul etdim. Bu yaxınlarda da prezidentimiz cənab Ilham Əliyev məni 70 illiyim münasibətilə “Şərəf“ ordeni ilə təltif etdi. Bu mənim üçün gözlənilməz oldu. Bundan başqa mənim arzularım nə ola bilər ki? Bu gün də mən dövlət təqaüdçüsüyəm. Bu da sənətçiyə göstərilən qayğıdır. Bəzən belə deyirlər ki, sənət adamları siyasətlə də məşğul olurlar. Mən bu işin tam əleyhinəyəm. Mən öz ifamla 50 il xalqıma xidmət etmişəm. Xalqım məni sevib. Necə ola bilər ki, bunu atıb, başqa işlə məolam. Onda xalqım məni bağışlamaz.
-Müsahibəyə görə çox sağ olun.


Mircəlal Məcidli


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019