Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xalça bizə ona görə doğmadır ki...
Tarix: 29.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Bu bir faktdır ki, indi evlərimizdən analarımızın əlinin istisi, tariximizin qədimliyi, təbiətimizin gözəlliyi hopmuş xalçaların sayı azalmaqdadır. Satılanı satılır, yerini isə başqa “xalça“lar əvəzləyir.
Nədənsə xalça deyəndə kənd yeri, torpaq döşəməli həyət evləri və həmin evlərdə qurulan hanalar göz önünə gəlir. Sanki şəhərdə xalça toxuna bilməz. Xalça yarandığı məkanın təbiəti, tarixi, insanlarının fantaziyası ilə bağlı bir şeydir. Bu yerdə bir neçə il öncə ünlü sənətkarımız Süleyman Abdullayevin dediyi söz yadıma düşür. “Qarabağdan gözəl səslər gəlmir daha“. Sənətkar haqlı idi. Qarabağlılar yaşayır. Yenə də nəsildən-nəslə keçən gözəl səsləri Tanrı verə bilər onlara. Ancaq o səsə İlahi güc, sehr verən o torpaq, o su, o hava yoxdur. Qayıdar inşallah, səsi də, xalçası da Qarabağın! Maraqlıdır, bəs onda xalçaçılıq sənəti digər bölgələrimizdə niyə unudulmaqdadır?
İndi Bakıda davam edir, yaşayır xalçaçılıq ənənəsi. Daha doğrusu, davam etdirilir. “Azər-ilmə“ MMC Azərbaycan xalça sənətinin ənənələrini yaşadan, inkişaf etdirən və bütün dünyada satışı vasitəsilə təbliğinə xidmət edən bir qurum kimi artıq neçə ildir bu missiyanı öz üzərinə götürüb. Sözügedən yerdə yollanıb qurumun fəaliyyətinin digər istiqamətləri ilə tanış olduq.
1996-cı ildən fəaliyyətə başlayan müəssisədə 350 nəfər çalışır. Burada unudulmaqda olan çeşnilərin bərpası ilə yanaşı, yüksəkkeyfiyyətli xalçalar istehsal etmək, bir çox şəxsi kolleksiyanı və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırmaq, Azərbaycan xalçasının dünya miqyasında ticarətini təşkil etməklə layiqli təbliğinə nail olmaq kimi əhəmiyyətli işlər həyata keçirilir. “Azər-ilmə“ MMC-də yun və ipəkdən istehsal edilən ən zərif toxunuşlu, yüksəksıxlıqlı, orijinal tərtibatlı, ahəngdar koloriti ilə seçilən xalçalar müəssisənin emalatxanalarında peşəkar sənətkarlar tərəfindən ərsəyə gətirilir. Bəlkə də elə tariximizlə bağlı olan belə bir işin layiqincə öhdəsindən gəlindiyi üçündür ki, bura ölkəyə gələn nüfuzlu qonaqların da baş çəkdiyi dəyərli yerələr sırasındadır. Başda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehiban Əliyeva olmaqla Litvanın birinci xanımı Alma Adamkiene, Gürcüstan prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Rulofs, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, Qətər əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd, Türkiyənin birinci xanımı Hayrünnisə Gül və sairləri burada olublar. Müəssisənin gözoxşayan binası və dizaynı isə gələnləri heyran edir. Hələ burada toxunan xalçalar isə ayrı bir aləmdir. Bütün bunların təşəbbüskarı isə hazırda bütün dünyada Azərbaycan xalçasının bugünkü inkişafının adı ilə ilə bağlı olduğu şəxs - “Azər-ilmə“ MMC-nin direktoru Vidadi Muradovdur. Ömrünün 35 ilini toxuculuq ənənələrinin araşdırılmasına və bərpasına həsr edən V.Muradovla Azərbaycan xalçaçılıq sənətinin ənənələri və bu günü barədə söhbətləşdik.
- Mənim nə qədər ki gücüm var, özümü sərf etmişəm xalçaçılığın inkişafına. “Azər-ilmə“nin fəaliyyəti də bu məqsədlər üzərində qurulub. Bütün bunlar da xalçanın əvvəlki şöhrətini özünə qaytarmaq məqsədi daşıyır. Müasir dövrdə hər hansı bir qız ərə gedəndə öz cehiz xalçasını (təbii ki, söhbət evdə toxunmuş milli xalçamızdan gedir - N.Q.) ata-anasına verir. Aparsa da, həmin xalçanı getdiyi yerdə gizlədir ki, görən olmasın. Nə var ki xalça evin dizaynına, quruluşuna uyğun gəlmir. Bir sözlə, əldə toxunan xalça dəbdə deyil. Cehiz üçün də, gündəlik istifadə üçün də süni xalçalara üstünlük verirlər. Amma bir şeyi başa düşmürlər ki, həmin evdə yaşa dolan o qız da, onun övladları da həmin xalçaya baxıb öz köklərini xatırlayacaq və bu adət-ənənəni davam etdirməyə maraq göstərəcək. Xalça həm də evdə yadigar kimi saxlanılacaq ən gözəl əşyadır və bu, insanın kökünə bağlılığına işarədir. Ənənələrimizi özümüz qorumalıyıq və bu da gərək insanın daxilindən gəlsin.
- Azərbaycan xalçalarının təbliğatı ilə məşğul olan mütəxəssis kimi yerli xalçalarımızın əvvəlki şöhrətini qaytarmaq üçün nə etməyi məqbul sayırsınız, təbii ki, ölkə daxilində. Çünki xaricilərin bizim xalçalara olan heyranlığı məlumudur...
- Mənim 2008-ci ildə çapdan çıxan “Azərbaycan xalçaları“ adlı kitabımda xalçalarımız haqqında məlumatlar var və burada bütün bölgələrimizə məxsus xalçalar haqqında yazmışam. Hazırda isə “Qarabağ xalçaları“ adlı kitab üzərində işləyirik. Bunu həm də film formasında hazırlamaq istəyirik. Qarabağın müxtəlif bölgələrindən olan xalçaçı qadınları bir araya gətirməklə onlardan xalça toxumağın sirləri barədə məlumat almaq və onu film formasında hazırlamaq istəyirik. Mən inanıram ki, həmin yaşlı insanlar xalçaya olan marağın bu gün belə artmasını görəndə çox sevinəcəklər. Kitaba gəlincə isə bu nəşr 3 hissədən ibarət olacaq. Kitabda dünya muzeylərində, şəxsi kolleksiyalarda olan qədim Qarabağ xalçaları, 18 - 19 - 20-ci əsrlərdə toxunmuş antik xalçalar - hansı ki bizim şirkətdə saxlanılır və hazırda “Azər-ilmə“də toxunan Qarabağ xalçalarından bəhs olunacaq. Hələ ki kitab üzərində iş gedir və bir neçə günə hazır olacağı gözlənilir.
- Qarabağ xalçaları haqqında ayrıca kitab yazmaq həmin ərazilərin işğal altında olması üzündən həmin bölgəyə xas xalçatoxuma ənənəsinin yaddançıxma qorxusu ilə bağlıdır, yoxsa təsadüfdür?
- Mən bu kitabı ona görə yazıram ki, Qarabağ xalçaçılıq məktəbi və oranın xalçaları haqqında gələcək nəsillər də məlumat alsınlar. Bir yeri görmək üçün ora getmək lazım deyil. Yazılan kitabları oxumaqla da həmin yer barədə məlumat almaq olar. Hesab edirəm ki, Qarabağ xalçaçılıq məktəbi Azərbaycanda digərlərinə nisbətən ən az təbliğ olunandır. Məsələn: mən Cəbrayıl xalçasının nə olduğunu yaxşı bilirəm və burada toxunan xalçaların özəlliyini saymaqla qurtarmaz. Amma çoxları bundan xəbərsizdir. Qarabağda toxunan xalçaların əksəriyyətini sonralar ermənilər özlərinin adına çıxmaqla təbliğ ediblər. Lazımdır ki, xalçaçılıqla məşğul olanlar barədə kitablar yazmaq, onlardan adətləri öyrənmək ki, bunlar unudulmasın. Azərbaycanda ən çox Təbriz xalçaçılıq məktəbini populyar ediblər. Təbriz məktəbindən danışıblar, Qarabağ məktəbini unudublar, yaxud görürsən ki, biri deyir Quba xalçası yaxşıdır. Amma bunun səbəbini bilmir ki, niyə Quba xalçası yaxşıdır. Özəlliklərini bilmək üçün hər bölgənin xalçaçılıq xüsusiyyətlərini öyrənmək lazımdır.
- Daha hansı bölgənin xalça sənəti haqqında ənənələrini incələmək fikriniz var?
- Gələcəkdə istəyirik İrəvan mahalında və ümumilikdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların, eləcə də Borçalı mahalında yaşayan soydaşlarımızın xalçaçılıq məktəbi və ənənələri ilə bağlı kitab hazırlayaq. Daha sonra isə ardıcıl olaraq Quba, Şirvan, Bakı, Qazax xalçaçılığı ilə bağlı məlumatlar toplayaq. Məqsədim həmin o yerlərdən olan insanların mənsub olduqları məkanın xalça ənənəsini unutmamasını və yaşatmalarını aşılamaqdır. Gərək insan millətini sevməklə yanaşı, onun mədəniyyətini, sənətini, ənənəsini də sevə.
- Bəs rəhbəri olduğunuz müəssisədə xalçatoxuma ənənələri qorunurmu? Yəni istehsal prosesində xalçatoxuma qaydaları köhnə ənənələr əsasında aparılır, yoxsa müasirlik burada da özünü göstərir?
- Bizdə toxunan xalçaların hamısı qədim ənənələrə əsaslanaraq aparılır. İpliyin əyrilməsindən tutmuş boyanmasına, toxunmasına qədər hamısı. İpliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitkimənşəli boyaq tərkibləri ilə boyanır. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara, ağ kimi 7 növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, “boyaqotu“ kolunun köklərindən və müxtəlif üsullardan istifadə edilir. Sarı və bu rəngin yarım tonlarını almaq üçün soğan qabığı və payızda yığılmış tut yarpaqlarından, mavi və yaşıl rəngləri almaq üçünsə indiqodan istifadə edilir. Sonda boyanın davamlılığını artırmaq üçün bərkidici maddələr, duz, zəy və sirkə kimi maddələr əlavə edilir. Kimyəvi rənglər solur, amma təbiətdən alınan rənglər əbədidir. Xalçaçılığın məktəbi, akademiyası o rəngləri taparaq onları xalçaya həkk eliyən xalçaçının yaşadığı kənd, xalçanın mütəxəssisi isə həmin kəndçi qadındır.
- Əsasən ötən əsrin 60 - 70-ci illərində ipliklərin kimyəvi rənglərlə boyanması kütləviləşmişdi və o dövrdən qalan xalçaların çoxu belə iplərlə toxunub...
- Azərbaycanda ötən əsrin 30-cu illərinə qədər toxunan xalçaların heç birində kimyəvi rənglərdən istifadə olunmayıb. Həmin illərdən sonra ermənilər kimyəvi rəngləri gətirib məşhurlaşdırdılar və çoxları xatırlayar ki, o vaxt boyaqçıların çoxu elə ermənilər idi. Asan başa gəlsin deyə kimyəvi rəngləməyə üstünlük verilsə də, sonradan hamı anladı ki, təbii rəng daha canlı və uzunömürlüdür.
- Xalçanın toxunduğu məkanın onun sonrakı görünüşünə təsiri varmı?
- Mənə elə gəlir ki, kəndli həmişə şəhərdən ayrı olmalıdır və onun düşüncələri şəhərin ab-havasına köklənməməlidir. Bu xalçanın araya-ərsəyə gəlməsində də bu cürdür. Xalça kəndin ab-havasının təsirində toxunmalıdır. Bəlkə də xalça bizə ona görə doğmadır ki, əhvali-ruhiyyə ilə bağlıdır, araya-ərsəyə gəldiyi zamanla, məkanla yaranıb. Bakıda toxunan xalçada heç vaxt Qarabağ əhvali-ruhiyyəsi ola bilməz.
- Bu bənzətməni eyni çeşnini toxuyan müxtəlif bölgələrin xalçaçıları barədə də demək olarmı?
- Mütləq. Göyçaylı xalçaçı ilə zəngilanlı xalçaçının əl işində fərq olur. Vurulan ilmələrdə belə fərqi hiss edirsən. Əvvəllər də belə idi. Yaxın rayonlar olmasına baxmayaraq vaxtilə Füzuli ilə Cəbrayılda eyni çeşni üzrə toxunan xalçanın da fərqi olurdu.
- Azərbaycana gələn xarici qonaqların bir çoxu “Azər-ilmə“də qonaq olurlar. Onlara xalça hədiyyə edilirmi?
- Biz heç kəsə hədiyyə vermirik. Kimsə buradan öz dostuna xalça alıb hədiyyə edə bilər. Amma hədiyyə vermirik. Bu bizim səlahiyyətimizdə olan iş deyil.
- Xalçalarımızın xaricdə satılması ilə bağlı fikirlər heç vaxt birmənalı olmayıb. Sizin buna münasibətiniz necədir?
- Xalça satıldıqca gözəlləşir və burada mənfi olan heç nə yoxdur. Şükürlər olsun ki, bu gün Azərbaycan xalçasını azərbaycanlı satır. Amma o vaxtlar başqaları satırdı. İndi müstəqilik və öz məhsulumuzu özümüz satırıq.
- Sirr deyilsə, “Azər-ilmə“nin xalçaları neçəyədir?
- Qiymət müxtəlifdir və xalçanın ölçüsündən tutmuş görünüşünə, çeşnisinə qədər dəyişir. 1 kvadratmetri 400 - 500 manatdan başlayır. Elə xalça var ki, kvadratmetri 1500 manatadır. Hərə öz cibinə görə xalça alır.
- Rəhbəri olduğunuz müəssisənin binasında xalçaya aid elementlər var. Hətta iş otağınızda belə klassikanı, dəbdəbəni sevməyiniz, bir sözlə, xalça vurğunu olmağınız ilk baxışdan hiss olunur. Öz evinizdə də sizin zövqünüz hakimdir?
- Binanın dizaynını özüm vermişəm və xalça elementlərinin olması da öz istəyimlədir. Evimə gəlincə isə deyim ki, mənim xanımım belə şeyləri sevmir və ümumiyyətlə, klassikanı xoşlamır. Amma mənim zövqüm, təbii ki, qalib gəlir və sonda mənim istəklərim qəbul olunur.

Naibə Qurbanova


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019