Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Köhnə və qədimi binalar kütləvi şəkildə söküləcək
Tarix: 23.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Son zamanlar tikinti sektorunun durumu ilə əlaqədar ictimaiyyətdə təzadlı fikirlər formalaşmaqdadır. Sözügedən sahədə durğunluğun kulminasiya nöqtəsinə çatacağını deyənlər də var, həmin sektorun canlanacağını iddia edənlər də.
Bir-birinə zidd rəylərin yaranması isə bir neçə səbəblə izah edilir. Əvvəla, son günlər iyunun ortalarından etibarən qlobal maliyyə böhranının 2-ci dalğasının başlanacağı barədə məlumatlar yayılır. 2-cisi, bir neçə aydır neft dünya bazarında Azərbaycanın dövlət büdcəsində götürülmüş 45 dollarlıq qiymətdən baha satılır. Hazırda bu satış göstəricisi təxminən 71 dollara yaxın olduğundan Dövlət Neft Fonduna ödəniləcək məbləğin 2,5 milyard manatdan artıq olacağı söylənilir. 3-cü səbəb isə respublikamızın bir neçə rayonunda, xüsusən də aran bölgəsində baş verən təbii fəlakətlərin yaratdığı fəsadların vurduğu maddi və mənəvi zərərlərdir. İddialara əsasən, neftin qiymətinin artması nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin müəyyən hissəsi vətəndaşların sosial rifahının yüksəldilməsinə, onların sosial-iqtisadi problemlərinin çözülməsinə, maaşların və pensiyaların artırılmasına sərf olunacağından ipoteka kreditləri və bu vəsaitlər hesabına ev, mənzil və torpaq sahələri almaq istəyənlərin sayı artacaq və nəticədə tikinti sektorunda canlanma müşahidə ediləcək. Ancaq digər versiyalara görə, haqqında bəhs etdiyimiz təbii fəlakətlərin doğurduğu fəsadlar, eləcə də qlobal maliyyə böhranının və iqtisadi tənəzzülün yenidən başlanması iqtisadiyyatın digər sahələri kimi, tikinti sektoruna da mənfi təsirlərini göstərəcək. Sonucda sözügedən sahədə durğunluq daha da artacaq, evlərin, mənzillərin və torpaq sahələrinin qiymətləri həddən artıq ucuzlaşacaq. Xatırladaq ki, daşınmaz əmlak bazarını araşdıran Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin eksperti Ramin Osmanovun KİV-ə verdiyi açıqlamasına görə, daşınmaz əmlak bazarında qiymət azalması dayanmaq üzrədir. Son 1 ayda köhnə binalarda evlər 1,3 faiz ucuzlaşıb. Yeni tikililərdə qiymətlər dəyişməyib. Mənzil bazarında qeyri-müəyyən situasiya yaranıb.
R.Osmanovun fikrincə, qiymət azalmasının dayanmasını şərtləndirən şərait yoxdur. Digər mütəxəssislər isə hesab edirlər ki, mənzil bazarında canlanma yaratmaq üçün ipoteka kreditləri yeni tikilən evlərə də verilməli, kreditləşməyə ayrılan vəsait artırılmalıdır. Mərkəzi Bankda isə vəsaitlərin ciddi artımına ehtiyac görmürlər. Təzadlı fikirləri “NBA LTD“ şirkətinin prezidenti, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun diqqətinə çatdırıb onun mövqeyini öyrənməyə çalışdıq. Müsahibimiz öncə vurğuladı ki, cari il ərzində daşınmaz əmlak bazarında hər hansı bir formada bahalaşma gözlənilmir. Bu səbəbdən də tikinti sektorunun canlanacağı ilə bağlı deyilənlərlə razılaşmır.
- Cari il daşınmaz əmlak bazarındakı durum ötənilkindən daha acınacaqlı olacaq və 2010-cu ilin sonunadək sözügedən sahədə yaxşı bir nəticə gözlənilmir. Çünki bu ilin dekabrın 31-dək evlərin və mənzillərin qiymətinin 4 - 5 faiz də ucuzlaşması qaçılmazdır. Bu səbəbdən də alğı-satqı əməliyyatlarında aktivliyin olacağını qətiyyən düşünmürəm. Qiymətlərdə azalma 2008-ci ildə necə başlayıbsa, 2009-cu ildə necə davam edibsə, cari il də analoji proseslər təkrarlanacaq. Çünki əhalinin, vətəndaşların gəlirləri əsasən kommunal və cari xərclərə yönəlir. Ona görə də insanlarda əlavə vəsait qalmır ki, hər hansı bir daşınmaz əmlakı satın ala bilsinlər. Bu baxımdan da daşınmaz əmlak bazarında pul qıtlığı yaranıb və getdikcə bu qıtlıq daha da güclənməkdədir. Bütün bunlara əsasən də qiymətlərin düşməsi hələ uzun müddət davam edəcək. Onu da deyim ki, torpaq bazarında tənəzzül 2007-ci ildən etibarən başlayıb və bu müddətdə hər il ərzində qiymətlər orta hesabla 16 - 18 faiz düşüb. Cari ilin sonunadək isə torpaqların qiymətinin sabitləşəcəyini, yəni artımın və azalmanın olmayacağını proqnozlaşdırırıq. Çünki torpaq alğı-satqısında sənədləşmə problemi yaşandığından vətəndaşlar torpaq almağa ehtiyatla yanaşırlar. Bu məsələ çözülənədək torpaq bazarında canlanma olmayacaq.
- Son günlərdə yayılan məlumatlara görə, köhnə binalardakı mənzillərin qiyməti xeyli düşsə də, yeni tikililərdə sabit və dəyişilməz saxlanılıb. Bu sabitliyin və dəyişilməzliyin səbəbini necə izah edərdiniz?
- Əvvəlki illərdə köhnə binalarda qiymətlər çox artmışdı. Məsələn: il ərzində yeni binalardakı mənzillərin qiymətləri 20 - 24 faiz qalxırdısa, köhnə binalardakı mənzillər 35 - 38 faizə yaxın bahalaşırdı. Sonuncuların qiymət artımı reallıqdan çox uzaqlaşmışdı. Ona görə də daşınmaz əmlak ucuzlaşdıqca köhnə binalardakı mənzillərin qiyməti daha sürətlə düşür. Ucuzlaşmada digər faktor da odur ki ilkin bazarda satıcıların sayı məhduddur. Amma təkrar bazarda köhnə binalardakı mənzillərin satıcıları daha çoxdur. Yəni burada rəqabət daha güclüdür. Bu baxımdan da mənzillərini satmaq istəyənlər böyük güzəştlərə gedirlər. Ucuzlaşmanın digər səbəbi də ondan ibarətdir ki, alıcılar yeni binalardan mənzil almağa üstünlük verirlər. Çünki köhnə binalara nisbətən yeni binalardan mənzil almaq alıcılıq qabiliyyəti baxımından daha rahatdır. Köhnə binalardan mənzil almaq üçün onun dəyərinin birdəfəlik ödənilməsi tələb olunur. Ancaq yeni binalardakı mənzillərin dəyərini hissə-hissə ödəməklə almaq mümkündür. Ona görə də köhnə binalardakı mənzillərin qiymətinin daha da düşməsi mümkünləşəcək.
- Eşitdiyimizə görə, yeraltı təkanlardan ciddi zərər çəkmiş və çat vermiş bəzi qədimi və köhnə binalar istismara yararsız hala düşdüyündən və onların əsaslı təmirinin heç bir faydası olmadığından həmin yaşayış obyektlərinin kütləvi şəkildə sökülməsi və yerlərində “göydələn“lərin inşası prosesinə başlanacaq...
- Hər bir binanın istismar müddəti var. Köhnə və qədimi binaların layihələrinə əsasən, bu müddət 25 ildən 50 ilədəkdir. Artıq sözügedən binalardan bəziləri istismar müddətini bitirib, bir qismi isə ömrünü başa vurmaqdadır. Onlar əsasən “İtaliya“, “Xruşşov“ və digər layihələr əsasında tikilənlərdir. Ona görə də istismar müddəti başa çatan köhnə və qədimi binaların yaxın illərdə sökülməsi və yeniləri ilə əvəzlənməsi qaçılmaz olacaq. Bütün bunlar isə maliyyə imkanları artdıqca mümkünləşəcək.
- Azərbaycanın daşınmaz əmlak bazarının bəzi xarici ölkələrin eyni bazarlarından asılılığı indiki halda ölkəmiz üçün hansı problemlər yarada bilər?
- Bizim daşınmaz əmlak bazarımız Ukrayna və Rusiyadakı bazarlarla əlaqəlidir. Həmin bazarlardakı canlanma ölkəmizdəki bazarlara birbaşa təsirini göstərir. Əgər bu baxımdan həmin ölkələrdə durğunluq aradan qalxsa, təbii ki, Azərbaycandakı daşınmaz əmlak bazarında da sürətli canlanma yaranacaq.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019