Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mənim istefam Güneyə qayıtmam yolunda bir addım da ola bilər“
Tarix: 20.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının bir müddət öncə yayılan istefa xəbəri birmənalı qarşılanmamışdı.
Bəziləri bunu onun səhhəti ilə, bəziləri isə başqa səbəblərlə əlaqələndirirdilər. Amma GAMOH-un keçmiş rəhbəri “Həftə içi“nə eksklüziv müsahibəsində özü bir çox mətləblərə aydınlıq gətirdi. Mahmudəli bəylə olan söhbətimizi onun daşıdığı görəv dönəminə dair hesabat da adlındırmaq olar.
- İstefanızın əsl səbəbləri nədir?
- Güney Azərbaycan milli hərəkatı zaman sürəcində millətçi hərəkatçıların çalışmasından və milli oyanışın dərinləşməsindən günbəgün, addım-addım gəlişməkdə və genişlənməkdədir. Doğal olaraq hərəkatımızın hər addımında özünəməxsus gərəkləri var və bu gərəklər millətçilər üçün yeni görəvlər ortaya qoyur. Mən də zamanında təşkilatlanmanın zərurətinə baxaraq bu istiqamətdə səy göstərdim. İndi isə bu müqəddəs görəvi hərəkatımızda bəslənən gənc liderlərə tapşırmağın zamanı gəlib. Özüm isə hərəkatın digər zərurətlərində əlimdən gələni edəcəyəm.
- GAMOH sizin rəhbərliyiniz dövründə nələrə nail oldu?
- 1995-ci ildə yaranan GAMOH təşkilatı keçən 15 ildə öz imkanları daxilində, milli şüuru millətin içinə apardı, habelə millətinin məhrumiyyətini dünya ictimaiyyətinə daşıya bildi. Bu 15 ildə həm xaricdə, həm daxildə Güney Azərbaycan milli hərəkatına aid hər bir çabada GAMOH-un mustəqim, yaxud qeyri-müstəqim əməyi və ya rəhbərliyi olub. Hərəkatımız, özəlliklə GAMOH-u bölgədə yetkili faktorlardan biri kimi dəyərləndirir və millətimiz öz oyanış səviyyəsini 2006-cı il mayın 22-də dünyada göstərib. Bu illər ərzində mən isə əlimdən gələni əsirgəməmişəm.
- Bəziləri bildirirlər ki, Guneydə sizi yaxşı tanımırlar. Bu, həqiqətənmi belədir?
- Əsas məsələ millətimizin öz kimliyini, habelə öz milli mənafeyini tanımaq və onu qorumaq üçün hər şeyə hazır olmasıdır. Mən də 1990-cı ildən, rəhmətlik Cəfər Pişəvəridən sonra ilk olaraq, güneydə Azərbaycan türk dilinin öyrətim məktəblərini qurmaqla, Azərbaycanın ürək yarası olan Qarabağ məsələsini güneydə gündəmə gətirməklə, İran parlament seçkilərinə qatılmaqla və ondan sonrakı cərəyanlarla buna çalışmışam və çalışacağam da. Millətimiz də hər zaman oğullarına dəstək verib, mənəvi dayaq olub. Zənnimcə, bundan başqa digər məsələlər elə də əhəmiyyət daşımır.
- Təqribən 10 il bundan əvvəl bildirmişdiniz ki, Guney Azərbaycana qayıdacaqsınız. Qayıtmamağınızın səbəbləri nədir?
- Hər zaman dediyim kimi, mən içəri dönməliyəm və dönəcəyəm də. Amma bunun milli hərəkatın çıxarları baxımından nə zaman gerçəkləşməli olduğuna hərəkatımızın strateqləri və siyasətçiləri qərar verməlidirlər. Ən azından bunu deyə bilərəm ki, mənim GAMOH-dan istefa verməyim, bəlkə də içəri dönməyə zəmin yaratmağa bir addım da sayıla bilər.
- Bəzi təşkilatlar Amerikada qalmağınıza görə sizi tənqid edirdilər. Bildirilirdi ki, lider proseslərin içində olmalıdır. Bu fikrə münasibətiniz necədir?
- Təşkilatlarımızın bir-birini tənqid etməsinin həm milli hərəkatın inkişafı baxımından, həm də gələcək demokratiyanın təməllərinin qurulması mənasında dəyəri çoxdur. Liderin proseslərin içində olmağı da doğru bir təsbitdir və elədir də. İndi hərəkatımızın liderləri içəridə prosesləri yaradan və yönəldənlərdir. Mən də hər zaman dediyim kimi, millətimizin rütbəsiz əsgəri olaraq, özəlliklə içəridə gedən proseslərlə maraqlanıb mənə düşən görəvləri yerinə yetirirəm.
- Güneylə bağlı fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edirsinizmi?
- Güney istiqamətində fəaliyyət göstərən təşkilatlarımız yeni yaranmış qurumlardır. Hər bir təşkilat başqası ilə işbirliyi etmədən öncə öz varlığını, başqaları ilə fərqli olduğunu göstərmək istər. Bu mərhələni keçən təşkilatlar ortaq düşüncələr əsasında işbirliyi qura və ya birləşə bilərlər. Ümid edirəm ki, güney təşkilatları da artıq inamlı səviyyədə yaxınlaşmağa doğru addım atacaqlar. Əlbəttə, son zamanlar bu meyillər başlanmış kimi görünür.
- Güneydə həbs olunan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində hansı addımlar atmısınız?
- Güney Azərbaycanda şərəf və namus simvolu olan milli məhbuslarımızı qorumaq Azərbaycan adına çalışan hər bir insanın ilk vəzifəsidir. Bu işi həyata keçirmək isə müxtəlif sahələrdən başlayır. Belə ki, rejim tərəfindən gələn təxribatlar qarşısında müdafiə etməli, fəallarımız zindanda olarkən onun ailəsini yalqız buraxmamalı, məhbusumuzun xəbərlərini və durumunu bütün dünya ictimaiyyətinə, habelə insan haqlarını müdafiə edən təşkilatlara çatdırmalıyıq. Bildiyiniz kimi, bunların bir çoxunu siyasi təşkilat adı ilə yerinə yetirmək olmaz. Baxmayaraq ki siyasi çalışmalar dolayı yollarla dünya ictimaiyyətində və təşkilatlarında bu işlərə zəmin yaradır.
- ABŞ-ın insan hüquqları təşkilatları ilə göruşləriniz olurmu?
- Dünyada insan haqları adına fəaliyyət göstərən təşkilatlar siyası qurum mənsubları ilə münasibətdən çəkinirlər. Bunlara baxmayaraq bizim də bir çox görüşlərimiz olub və indi də olur.
- Bəs indiyə qədər ABŞ-ın Güneylə bağlı bəyanat verməməsi nə ilə bağlıdır?
- Bir məşhur söz var: “Dövlətlərin daimi dostu deyil, daimi maraqları var“. Bu o deməkdir ki, ABŞ və yaxud da hər bir dövlət hansısa sloqanla çıxış etsə də, öz mənfəətlərini izləyir. Güney Azərbaycanın qurtuluşu dünya güclərinin strategiyası ilə üst-üstə düşmür. Ən azından öz mənfəətlərinə uyğun başqa alternativləri hələlik əlverişli bilirlər. Məhz buna görə də hər zaman demişik: millətimizi qurtaran tək millətin özüdür. Milli hərəkatın siyasi şüur gəlişməsi də bu istiqamətdədir.
- Konqresmenlər və ABŞ dovlət rəsmiləri ilə görüşürsünüzmü? Onlar arasında Güneyin dostları varmı?
- Konqresmenlər və ABŞ dövlət rəsmiləri ilə görüşlərim olur. Bölgə və özəlliklə İranda gedən proseslərə görə bizim də fikrimizi öyrənmək istəyirlər. Onların arasında Güney Azərbaycan məsələsi ilə maraqlananlar da var. Amma unutmayaq ki, düşmənlərimizin lobbiçilik gücləri çox köklü və aktual durumdadır. Ona görə də hətta erməni lobbisindən də artıq güclənməliyik. Son zamanlar İran rejimi milli hərəkatımıza ağır basqılar planlayıb və bir çox öncül və liderlərimizi tutublar. Bütün təşkilatlardan bu zərbə qarşısında ayıq və mübariz olmağını istərdim. Rejimin hərəkata qarşı təzyiq hədəfinin ifşa olunmasına və hərəkatımızı müdafiə etməyə çağırıram. Sizə və “Həftə içi“ qəzetinə də Güney məsələlərini gündəmdə saxladığınız üçün təşəkkürümü bildirirəm. Millətimizin qurtuluş arzusu iləg salamat qalın.

GAMOH MK Çöhrəqanlının istefasını
qəbul edib

“Şərəfli millətlər yalnız öz bayrağı altında yaşayar“
devizinizi doğruldacağıq“


Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Komitəsi təşkilatın keçmiş lideri Mahmudəli Çöhrəqanlıya istefası ilə bağlı məktub göndərib. Bu barədə “Həftə içi“nə GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən məlumat verilib. Məktubda bildirilir ki, keçən əsrin sonlarından Güney Azərbaycan Milli Oyanış Hərəkatı bəşər haqları, demokratya və beynəlxalq prinsiplərə dayanaraq Güney Azərbaycanın hüquqları ilə bağlı modern şəkildə mübarizəyə başlayıb: “Milli qurtuluş mübarizəmizdə ulusumuzun əsarətinə və yurdumuzun işğalına son qoymağa can atan millətçilər və özəlliklə GAMOH-çular hər zaman bütün basqılara və çətinliklərə baxmayaraq milli mənfəətlərimiz uğrunda sizin sonsuzcasına inamlı çalışmalarınızdan qürur duyub.15 il öncədən Güney Azərbaycanda olduğunuz zaman müqəddəs milli qurtuluş yolumuzda təşkilatlanma prosesinin gərəkliyini duyub türkçülük, çağdaşlıq və inanc azadlığı prinsipi daşıyan Güney Azərbaycan Milli Oyanış Hərəkatını yaratmısınız. Bu zaman ərzində milli amaclarımızın doğrultusunda üstləndiyiniz beynəlxalq və tarixi başqanlıq görəvinizdə bir an dayanmadan, yorulmadan milli təşkilatımızı irəli aparacağıq“.
Sənəddə həmçinin türk xalqlarına da müraciət edilir. Bildirilir ki, GAMOH Mərkəzi Komitəsi olaraq doktor Çöhrəqanlının “Artıq təşkilatlanma ilə bağlı üzərimdə olan vəzifəni siz əzizlərə tapşırmağın zamanıdır “ fikirlərini dəyərləndirir və Çöhrəqanlının təşkilatın işləri ilə yox, bəlkə də müstəqil çalışmaq zamanının gəlməsinə inanırıq: “GAMOH Mərkəzi Komitəsi olaraq indiyədək təşkilat başqanlığından, habelə üzvlüyündən istefanızı qəbul edərək, əsasnaməyə dayanaraq GAMOH yetkili qurultayında yeni başqanın seçilməsinədək başqana aid bütün vəzifələri GAMOH Mərkəzi Komitəsi üzərinə götürür. Sonunda özümüzü canla-başla Güney Azərbaycan məmləkətini və milli qurtuluş yolumuzun əsgərləri olduğumuzu vurğulayaraq müqəddəs qurtuluş yolumuzda bir an dayanmadan tarixi “Şərəfli millətlər öz bayrağı altında yaşayar“ sözünüzün gerçəkləşməsinə qədər geri oturmayacağımızı millətimizə və sizə söz veririk. “Yaxın gələcək millətimizin istədiyi kimi qurtulacağı və özünə aid milli dövlətini quracağının zamanıdır. Millətimiz arxanızda və tanrımız başınız üstündə olaraq yardım edəcəklərindən əmin ola bilərsiniz“.
Əli Zülfüqaroğlu


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019