Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Nəqliyyat Nazirliyi“ gücləndirilmiş iş rejimində işləyir“
Tarix: 13.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

May ayının 6-7-dən başlanan təbii fəlakət ölkə iqtisadiyyatının bir çox sahələrinə, o cümlədən yol təsərrüfatına kifayət qədər zərbə vurub.
“Həftə içi“nin qonağı olan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla söhbətimiz də sel və daşqınların baş verdiyi bölgələrdəki hazırkı durum, görülən işlər və digər məsələlər barədədir.
- Sel və daşqınlar yol təsərrüfatı üçün çoxsaylı problemlər yaradıb. Sözügedən məsələlərin həlli üçün hansı adekvat addımlar atılır?
- Təbii fəlakət başlanandan üzübəri Nəqliyyat Nazirliyi və onun nəzdində fəaliyyət göstərən bütün aidiyyəti orqanlar gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan “Azərbaycan Dəmir Yolları“ QSC, “Azəryolservis“ ASC və “Avtonəqliyyatservis“ departamenti daha ciddi rejimdə çalışırlar. Kür məcrasından çıxdığından çayqırağı yaşayış massivlərində - Şirvan, Sabirabad, İmişli və Zərdab rayonlarında durum daha acınacaqlıdır. Əsasən də yol təsərrüfatına ciddi ziyan dəyib və proses davam edir. Ona görə də seldən zərərçəkmiş ərazilərə cəlb olunan işçi qüvvəsinin və texnikaların sayı artırılıb. Təkcə Zərdab rayonu ərazisində, Kür çayının sol sahilində 45 kilometr uzunluğunda bəndin qurulması “Azəryolservis“ ASC-yə həvalə olunub. Bəndvurma işlərində 12 ədəd yükü özüboşaldan maşından, 1 ekskavatordan, 2 qreyderdən, 3 buldozerdən, 2 yükləyicidən və 52 nəfər işçi qüvvəsindən istifadə edilirdi. Ancaq durum ağırlaşdığından “Azəryolservis“in 300-dən artıq canlı qüvvəsi ilə yanaşı, 117-yə qədər texnikası da prosesə cəlb olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə Sabirabad - Padar yolunda da asfalt-beton örtüyün tikintisi işləri davam etdirilir. Həmin yolda 19 kiilometrlik məsafədə işlər görülür. Təmir işlərini Ağsu 12 saylı Yol-İstismar İdarəsi və podratçı təşkilat icra edir. Həmin yolun təmirində 410 tondan artıq asfalt-beton qarışığı istifadə edilib. Hacıqabul - Qaratəpə - Bəhramtəpə yolunun Şirvan və Sabirabad şəhərləri arasında olan hissəsində asfalt-beton örtüyün təmiri işləri aparılır. Yolun 22-ci kilometrliyinə qədər təmir işləri başa çatdırılıb, 22 - 50 km sahəsində isə təmir işləri davam etdirilir. Saatlı - Sabirabad rayonlarının birləşdiyi ərazidəki Musalı - Novruzlu kəndlərindən keçən avtomobil yoluna isə daş-çınqıl vurulur. Bu, Sarısu gölünə bənd vuran maşın və mexanizmlərin hərəkət edə bilməsi üçündür.
- Astara dəmir yolunda durumun daha ağır olduğu, dəmir yolunun torpaq yatağının çökdüyü söylənilir.
- Kür çayının məcrasından çıxması və suyun səviyyəsinin qalxması ilə əlaqədar bütün nəqliyyat-yol kompleksi, o cümlədən “Azərbaycan Dəmir Yolları“ QSC-nin kollektivi səfərbərliyə alınıb. Çünki daşqınlar nəticəsində dəmir yolunun Şirvan - Astara istiqamətində problemlər yaranıb. Mayın 9-u, saat 16:30-dan etibarən Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. Osmanlı - Azadkənd mənzilini sel suları basdığına görə 15-ci km-də subasmanın qarşısını almaq üçün yarılan yol yatağı 80 metrə qədər genişlənib. Həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı sel suları nəticəsində çökməyə məruz qalıb. Artıq bərpa işləri gedir. Daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün Osmanlı - Azadkənd mənzilinin 15-ci kilometrində yeni körpünün salınmasının və yolun bərpasının layihəsi hazırlanır. Ümumiyyətlə, 6 - 7 may tarixlərindən Kür çayının daşması ilə əlaqədar Şirvan - Osmanlı və Azadkənd sahəsində dəmir yolunda görüləcək işlər 2 ədəd 2000 mm-lik dəmir-beton borunun tikintisindən, 100 p/m yolun torpaq yatağının bərpasından, 100 p/m yolun üst quruluşu elementlərinin (rels, şpal, bərkidicilər və ballast qatı) quraşdırılmasından, 10 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğvindən, rabitə və yan elektrik xətlərinin bərpa olunmasından ibarətdir. Bu arada dəmir yolunun Şirvan - Astara istiqamətində daşqınların yaratdığı fəsadlar artmaqda davam edir. Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun Azadkənd - Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrlərində də subasmanın qarşısını almaq məqsədi ilə relslərin yatağının altından suyun digər istiqamətə ötürülməsi üçün yol açılıb. Mayın 20-də isə dəmiryol yatağı 5 yerdən yarılıb ki, kəndləri su basmasın. Biz həmin istiqamətə əvvəl 55, sonra 35 vaqon tikinti materialı göndərmişik.
- Kürətrafı rayonlarda vəziyyət gərgin olduğundan həmin məkanlardakı canlı işçi qüvvəsinin və texnikanın sayının artırılması barədə məlumatlar yayılır.
- Kürətrafı bölgələrdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin müvafiq strukturları və qurumları tərəfindən görülən işlərin həcmi genişləndirilir. Təbii fəlakət zonasında sel sularından əziyyət çəkən əhalinin təhlükəsiz ərazilərə köçürülməsini təmin etmək üçün hər gün orta hesabla 40 - 45 avtobus prosesə cəlb olunur. Bura həm Bakı şəhərindən göndərilən, həm də “Avtonəqliyyatservis“in regional qurumlarından cəlb olunan avtobuslar daxildir. Zəruri hallarda göndərilən avtobusların sayı 60-dək artırılır. Departamentin xətti ilə, həmçinin fəlakət zonasına yaxın ərazilərdən, hətta Gəncə şəhərindən müxtəlif markalı onlarca yük maşını cəlb edilib. Həmin maşınlar bəndbərkitmə işlərinin aparılması üçün müxtəlif tikinti materiallarının daşınması ilə məşğul olur. Bundan başqa, “Azəryolservis“in regional idarələri də fəlakət zonasına kömək məqsədilə yüzlərcə maşın, texnika, həmçinin işçi qüvvəsi ayırıb. Ətraf rayonların yol-istismar idarələrinin işçiləri də 3 növbəli iş rejimi ilə bütün proseslərə yardımçı olurlar. Bundan əlavə, “Azəryolservis“in vasitəsilə təkcə təbii fəlakət zonalarına 300 maşından artıq yük göndərilib ki, yerli sakinlərə köməklik göstərmək mümkün olsun. Bu baxımdan da bir neçə istiqamətdə, xüsusən də İmişlinin və Saatlının kəndlərinin xilası üçün işlər görülür. Bütün proseslərə də nazirliyimiz nəzarət edir“.
- Sel və daşqın təhlükəsi artdıqca avtomobil yollarının və dəmir yollarının bağlanacağı gözlənilirmi?
- Öncə bildirim ki, dövlət başçısının sərəncamı ilə komissiya yaradılıb və Nəqliyyat Nazirliyi də həmin komissiyanın üzvüdür. Dünəndən etibarən Ələt - Astara yolunda komissiya yoxlamalara başlayıb. Həmin istiqamətdə müəyyən müddətə dəmir yolları, eyni zamanda Hacıqabul - Bəhramtəpə - Mincivan avtomobil yolu da bağlanacaq və hər iki istiqamətdən istifadə məhdudlaşacaq.
- Ümumiyyətlə, yol təsərrüfatına dəyən maddi zərərin məbləği nə qədərdir?
- Hazırda yol təsərrüfatına dəyən ziyanın məbləği dəqiqləşdirilir. Ancaq konkret məbləğ demək mümkün deyil. Çünki hər an təbii fəlakət gözlənildiyindən sözügedən məbləğin həcmi arta bilər. Digər tərəfdən avtomobil yollarının və dəmir yollarının bərpası və onların yenidən istismara verilməsi uzun müddət tələb etdiyindən zərərin nə qədər olacağını proqnozlaşdırmaq imkansızdır.
- Təbii fəlakətlə əlaqədar seldən zərərçəkmiş rayonlara olan marşrutları özəlləşdirmiş sahibkarlara və sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərə də müəyyən qədər maddi və mənəvi ziyan dəyib. Həmin zərərin kompensasiya edilməsi mümkünləşəcəkmi?
- Təzminatdan heç bir söhbət gedə bilməz. Çünki baş verən hadisə təbii fəlakətdir. Sərnişin daşıyan avtobusların 99,9 faizi sahibkarların balansında olsa da, onlara kompensasiya ödənilməyəcək. Hesab edirəm ki, sözügedən sahibkarlar təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında bizə yardımçı olmalıdırlar. Sel və daşqınların fəsadları nə qədər tez müddətə aradan qaldırılsa, marşrutların açılması da bir o qədər tezləşər.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019