Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Suyla bağlı vahid orqan yaradılmalıdır“
Tarix: 13.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Son günlər Kür çayının daşaraq ətraf kəndləri basması ictimaiyyətin diqqətindədir. Hətta Sarısu gölünün daşqın suları ilə dolaraq haqqında danışdığımız təhlükəni daha da artırması vəziyyəti xeyli ciddiləşdirib. Ona görə də vəziyyətdən çıxış yolu aramaq üçün alim-mütəxəssis rəyini dinləmək istədik və bu məqsədlə Bakı Dövlət Universiteti coğrafiya fakültəsinin hidrometeorologiya kafedrasının müdiri, YUNESKO-nun Beynəlxalq Hidroloji Proqramlar üzrə Azərbaycan Milli Komitəsinin sədri, professor Fərda İmanovla söhbətləşdik.
- Kür elmi ədəbiyyatlarda dağ çayı adlandırılsa da, əslində, böyük məsafədə düzənlik ərazidən axır. Bu təkcə Azərbaycan ərazisində 906 kilometrdir. Elə bu səbəbdən də onun yatağı tez-tez dəyişir. Bu gün daşqınlar baş verən rayonlarda yerləşən Sarısu və Hacıqabul gölü də məhz Kürün köhnə yatağıdır, hansı ki bunlara el dilində “axmaz“lar deyilir. Yəni çay vaxtilə indiki məcrasında deyil, Sarısu gölünün, eləcə də Hacıqabul gölünün yerləşdiyi ərazidən axıb. Bu proses 1953-cü ildə Mingəçevir su anbarı tikilib istifadəyə verilən günədək davam edib.
- Sizcə, Mingəçevir su anbarının tikilməsi çayın məcrasını dəyişməməsinə təminat verir?
- Anbar tikiləndən sonra Kürün təbii axım rejimi pozulub. Yəni Kür sonrakı dövrdə bayaq adlarını çəkdiyim Hacıqabul, Sarısu, Mehmangöl, Ağgöl və sair “axmaz“ları suyla doldurmadı. Buna görə də süni yolla çay suyunu müəyyən həcmdə həmin göllərə vurmaq olar. Mənim şəxsi müşahidəmə görə, Hacıqabul gölü əvvəlki illərlə müqayisədə demək olar ki, quruyub.
- Yeri gəlmişkən, Mərkəzi Aran kimi isti və quraq bölgədə yerləşən siz deyən gölləri su ilə dolu saxlamaq ətraf mühitin mikro iqliminə də müsbət təsir göstərərg
- İranın Ramsar şəhərində bir konvensiya imzalanıb. Həmin sənədə görə, su-bataqlıq landşaftları dünyanın hər yerində mühafizə olunmalıdır. Çünki həmin göllərin özünəməxsus bitki aləmi var və ən əsası, hər il ora milyonlarla köçəri quş gəlir. Düzdür, həmin göllər o qədər də dərin deyil, amma yenə də suyun bir hissəsini onlara yönəltməklə müəyyən dərəcədə daşqınların gücünü azaltmaq mümkündür.
- Bugünkü daşqınları cilovlamaq üçün köhnə Kür yataqlarından tam istifadə effekt verə bilər?
- Bilirsiniz, dünyanın heç bir yerində təbii fəlakətlərin, o cümlədən daşqınların qarşısını almaq mümkün deyil. Sadəcə, bu proseslərin vuracağı ziyanları minimuma endirmək olar. Bunun üçün sovet dönəmində yataqların sahilində xüsusi dambalar qurulardı, su anbarları tikilərdi və sair. İndi müqayisə edəndə baxıram ki, xarici ölkələrdə daşqınlardan qorunmaq üçün görülən bəzi tədbirlər Azərbaycanda tətbiq olunmur. Məsələn: Kürün, eləcə də ona tökülən çayların düz sahilində evlər, müxtəlifprofilli obyektlər tikilib, hətta subasarlarda bostan əkilir.
- Yenə də insanların maarifləndirilməsi məsələsi ortaya çıxırg
- Ola bilər çay 30 il daşmasın, amma 31-ci il suyun səviyyəsi elə qalxar ki, əvvəlki illərdə qurulan hər şeyi bir andaca məhv edər. Bundan əlavə, yerli bələdiyyələr və ya icra nümayəndəlikləri çay yataqlarına yaxın torpaqları bir halda ki, insanların istifadəsinə verirlər, heç olmaya həmin mülkləri sığortalamalıdırlar. Hansı ki xaricdə bu cür mülklərin sığortalanması adi haldır. Düzdür, Azərbaycanda son vaxtlar fermerlər başlayıblar bu addımı atmağa, amma onlar da sığorta şərtlərinin ağırlığından gileylənirlər.
- Bu gün dünya alimləri yerin dərinliyində baş verəcək zəlzələlər barədə insanları öncədən xəbərdar etməyin yollarını arayırlar. Hətta sunamilər barədə xəbərdarlıqla bağlı sistem mövcuddurg
- Çay daşqınları barədə öncədən məlumat vermək mümkündür, sadəcə, bunun üçün bir sistem yaradılmalıdır. Təsəvvür edin ki, hələ 1992-ci ildə Çexoslavakiyada (bu ölkə o vaxt bölünməmişdi - F.İmanov) olarkən orada daşqınlar barədə öncədən xəbərdarlıq edən avtomatik sistem görmüşdüm. Çox iri xəritə üzərində elə sistem quraşdırılmışdı ki, orada xüsusi monitorinq məntəqələri, su anbarları, kanallar və sair qırmızı işıqlı lampalarla göstərilirdi. Təsəvvür edin ki, sistemi idarə edən şəxs oturduğu yerdəcə hansı anbara nə qədər su dolduğunu, hansı məntəqədən nə qədər su keçdiyini aydın surətdə görürdü. Ona görə də yuxarı axında suyun səviyyəsi bir az yüksələn kimi avtomatik aşağı axındakı məntəqələrə məlumat verilirdi.
- Sizcə, nəyə görə Kürdə suyun səviyyəsi azacıq qalxan kimi daşqın törədir?
- Çünki Kürün yatağı ətraf düzənliyin səthindən 3,5 metr yüksəkdədir. Yəni çay yüz illər ərzində dərəsinə o qədər lil çökdürüb ki, belə vəziyyət yaranıb. Ona görə də yataqda su bir az artan kimi yüksək meyilliliyin təsiri altında ətrafı basır. Sonra da ki məhz bu vəziyyətə görə, hətta Kür daşmasa belə, qrunt sularının səviyyəsinin artmasına münasib şərait yaranır.
- Bayaq bir sıra gölün adını çəkdiniz, onların maksimum su tutumu nə qədərdir?
- Sarısu gölü 59 milyon, Hacıqabul gölü 12 milyon, Mehmangöl isə 30 milyon kubmetr su tutur.
- Deməli, daşqın sularından bu göllərə axıtmaq mümkündürg
- Sarısu gölünə onsuz da o qədər daşqın suları dolub ki, artıq ətraf kəndlər ciddi təhlükə ilə üzləşib. Digər göllərə gəldikdə, suyu onlara yönəltmək üçün müəyyən kanallar və sair olmalıdır, axı daşqınların qarşısını bu gün almaq lazımdır ki, insanlar, əkin-biçin sahələri xilas olsun. Əlavə proqramları həyata keçirmək üçün xeyli vaxt tələb olunur.
- Bəs Kür və Araz çayları üzərindəki su anbarlarının funksiyası nədən ibarətdir? Məncə, həmin anbarlarda yay vaxtı suyu yetərincə boşaltmaq lazımdır ki, yazda və payızda indiki vəziyyət yarananda suyu maksimum tənzimləmək mümkün olsung
- “Meliorasiya və su təsərrüfatı“ ASC bu yöndə öz üzərinə düşən işləri görür. Konkret olaraq Mingəçevir su anbarını götürsək, orada 2 iri kanal - Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları başlayır. Eyni zamanda böyük həcmdə su oradakı su-elektrik stansiyasının turbinlərini hərəkətə gətirmək üçün istifadə olunur ki, o da sonda Kürün dərəsinə axıdılır. Bir məsələni də unutmaq olmaz ki, su anbarının suyunu müəyyən normada azaltmaq olar, necə ki bu edilir. Sonra da Mingəçevir və digər su anbarlarında suyun səviyyəsinin xeyli qalxmasına səbəb Kür hövzəsi rayonlarında yağıntının miqdarının görünməmiş şəkildə artmasıdır.
- Yeri gəlmişkən, orada nə qədər su yığılır?
- Mingəçevir su anbarında 16 milyard kubmetr su toplanır ki, bu da Kürün 1 il ərzində Xəzər dənizinə axıtdığı suyun həcminə bərabərdir. Bu anbar tikilərkən 100 illik istismar üçün nəzərdə tutulub. 1953-cü ildən bəri suyun həmin anbara çökdürdüyü lil dərinliyi xeyli azaldıb ki, bu da müəyyən qədər su tutumunda özünü göstərib.
- Deyirlər Mingəçevir və Şəmkir bəndlərində susızmaları başlayıb, bu, təhlükə törətmirmi?
- Bəndlərdə susızmaların olması təbiidir. Özü də bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Hətta xüsusi hesablama aparılaraq həmin sızmalar nəticəsində anbarın ildə nə qədər su itirdiyi də göstərilir.
- Son vaxtlar gələcəkdə daşqınların qarşısını almaq üçün Araz çayının dərəsini Kürdən ayıraraq müstəqil şəkildə Xəzərə yönəldiləcəyinə dair fikirlər dolaşmaqdadır. Ümumiyyətlə, bu cür layihələr səmərə verə bilər?
- Əvvəllər Araz heç də Kürün qolu olmayıb - Qızılağac körfəzi istiqamətində müstəqil məcrada axarmış. Görünür, o, dənizə bir çox qol vasitəsilə töküldüyündən iri deltası da olub. Amma sonrakı müddətdə su bütünlüklə Kürə birləşən indiki qolun dərəsinə yönəldiyindən, Araz çayı asılı vəziyyətə düşüb. Necə ki, dünyanın iki ən iri çayı - Qanq və Brahmaputra əvvəllər tam müstəqil şəkildə Benqal körfəzinə töküldüyü halda, hazırda delta yaxınlığında vahid yataqda birləşirlər.
- Bu gün Arazın əvvəl dənizə axdığı köhnə yatağının yeri bəllidir?
- Mil - Muğan kollektoru təxminən Araz çayının güman olunan həmin dərəsi boyunca tikilib. Amma bu kanal Araz çayının suyunu bütünlüklə axıtmağa qadir olmadığından gələcəkdə böyük proqramlar həyata keçirərək bu planı reallaşdırmaq mümkündür.
- Ümumiyyətlə, Araz çayı indiki daşqınlarda rol oynayır?
- Hesab etmirəm Arazda son 30 ildə su axımının həcmi 50 faiz azalıb. Sonra da ki üzərində tikilmiş anbarlar axımı tənzimləyir.
- Azərbaycan ərazisində Kürə çox sayda qollar tökülür. Olmazmı ki, belə böhranlı vəziyyətlərdə həmin çayların suyunun Kürə axmasının qarşısı maksimum şəkildə alınsın?
- Bu, dünya praktikasında mövcuddur, Azərbaycanda isə indiki vəziyyətdə mümkün deyil. Bunun üçün xüsusi idarəetmə planı hazırlanmalıdır. Hər bir çayın suyunu belə böhranlı vəziyyətdə yönəltmək məqsədi ilə ehtiyat su anbarları tikilməlidir. Məndə olan məlumata görə, hazırda Azərbaycanda 50-dək su anbarının tikilməsi planlaşdırılır. Yəqin, gələcəkdə hər şey yaxşı olacaq. Bir də ki mən ölkədə suyla bağlı bütün məsələlərə nəzarət edən vahid orqanın yaradılmasını istərdim. Çünki “Azərenerji“ bir sahəyə baxır, “Azərsu“ digərinə, “Meliorasiya və su təsərrüfatı“ ASC başqasına. Ona görə də məsuliyyət konkret qurumun üzərinə düşməlidir.
? Vüsal Tağıbəyli



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019