Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tbilisidəki Azərbaycan Teatrının binası hələ də bərbad durumdadır
Tarix: 09.01.2009 | Saat: 15:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Heydər Əliyevin adını daşıyan Tbilisi Azərbaycan Dövlət Dram Teatrı bu mövsümdə növbəti tamaşasını səhnələşdirib. Bu dəfə teatrın kollektivi Cəfər Cabbarlının yaradıcılığına üz tutub. Dramaturqun “Solğun çiçəklər“ əsəri Tbilisi tamaşaçılarına təqdimlənib. Teatrın binasında tamaşanı nümayişləmək üçün şərait olmadığından kollektiv bu dəfə də Tbilisinin başqa bir məkanı - Marcanaşvili teatrının səhnəsindən istifadə etməli olub.
1917-ci ildə qələmə alınan dram əsərindəki ailə-məişət mövzusu bu dəfə müasir dövrlə əlaqələndirilmiş şəkildə tamaşaçılara təqdimlənib. Cəmiyyətdə hakim rolu olan pulun insanların əxlaqını necə pozması və pula görə istədiyi qıza belə xəyanət edən insanın dramı bir ailə daxilində canlandırılıb. Aktyor və aktrisalar öz rollarını məharətlə ifa eləməyi bacarıblar. Zala toplaşan tamaşaçılar sonda onları ayaq üstündə alqışlayıblar.
“Solğun çiçəklər“in rejissoru, həm də səhnə əsərində Əbdül rolunu canlandıran gənc aktyor Namiq Valehoğlu deyir ki, təzə il başlayandan bu əsər teatr kollektivi tərəfindən nümayişlənən ikinci belə tamaşadır. O, tamaşanın hazırlanması üçün az vaxt sərf etmələrinə baxmayaraq uğurlu alındığını deyib: “Bu əsər hələ məktəb illərindən mənim diqqətimi çəkib. Mən belə gözləmirdim - uşaqlar bunun öhdəsindən çox məharətlə gəldilər. Tamaşa 6 illik teatr tariximizdə ilk dəfə olaraq 1 aya hazırlanıb“.
Teatrın kollektivi isə deyir ki, hər tamaşa hazırlayanda çətinliklərlə üzləşirlər. İndiyədək Tbilisi Azərbaycan Dövlət Dram Teatrının binasının təmirsiz olaraq qalması onların işində də böyük əngəllər törədir. Belə ki, hər dəfə teatr əməkdaşları öz tamaşaçılarını Tbilisinin fərqli-fərqli teatr binalarına dəvət etməli olurlar. Bununla belə, teatrda çalışan insanlar şəraitsizliyə rəğmən Azərbaycan mədəniyyət ocağının yaşaması üçün var gücləri ilə çalışdıqlarını deyirlər.
Budəfəki tamaşada baş rolu - Saranı canlandıran teatrın aktrisası Aida Tağıyeva deyir ki, teatr kollektivi Tbilisidəki tamaşaçılarını tez-tez sevindirmək istəsə də, teatrın binasının şəraitsizliyi buna imkan vermir. Buna baxmayaraq gənc aktrisa hesab edir ki, kollektivdə olan ruh yüksəkliyi və teatr sənətinə olan sevgi onlara çətinlikləri aşmaqda hələ ki yardımçı olur: “Bir az məsuliyyətli idi mənim oynadığım rol. Çətinliklər çəkdim, əlbəttə. Həm rol baxımından, həm də tamaşaçıları dəvət etmək üçün bizim teatrın zalı yoxdur. Ona görə də məcbur oluruq ki, başqa teatrlara müraciət edək və yer alıb orada çıxış edək. Amma məncə, bizim oynadığımız tamaşa bura gələnlərin xoşuna gəldi, çətinliklərə baxmayaraq, hər şey uğurlu keçdi“.
Gənc rejissor Namiq Valehoğlu teatrın binasının nə vaxtsa təmir olunacağı ilə bağlı ümidini itirmədiyini deyir. Gənc rejissor etiraf edir ki, hər dəfə Tbilisinin başqa-başqa teatrlarının səhnəsində qonaq qismində çıxış etmələri onları yorsa da, indiyəcən ruhdan düşməyiblər: “Bir gənc rejissor kimi arzum odur ki biz belə gözəl tamaşaları Gürcüstanın Marcanaşvili, Qriboyedov və ya Rustaveli teatrında deyil, məhz öz doğma teatrımızda, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrında göstərə bilək və bu daha gözəl olardı“.
Sözügedən teatr 1872-ci ildə Gürcüstanın paytaxtında fəaliyyətə başlayıb və XX əsrin ortalarında, sovet hakimiyyəti dövründə bağlanılıb. Yalnız 2004-cü ildə prezident İlham Əliyevin Gürcüstana səfərindən sonra onun fəaliyyəti yenidən bərpa olunub. Teatr Tbilisinin mərkəzində yerləşdiyindən ötən il şəhər meriyası yalnız binanın fasadında təmir işləri aparmağa başlayıb. Teatrın daxilindəki vəziyyət isə olduğu kimi qalıb.
Gürcüstan prezidenti Mixail Saakaşvilinin 11 iyun 2004-cü il sərəncamı ilə Azərbaycan teatrının hazırda yerləşdiyi bina bütünlüklə teatra verilsə də, bu gün kollektiv teatr binasının yalnız az bir hissəsindən istifadə edə bilir. Çünki burada Azərbaycan teatrı ilə yanaşı, müxtəlif dövrlərdə məskunlaşmış Gürcüstan vətəndaşları olan 19 ailə də yaşamaqdadır.
Hazırda isə teatr truppası (16 nəfər) öz vəsaitləri hesabına təmir etdirdikləri 50 nəfərlik tutumu olan balaca zalda məşq etmək məcburiyyətində qalıb. Zalın tutumu az olduğundan kollektiv böyük tamaşaları Tbilisinin nisbətən böyük teatr zallarında göstərməli olur.
İndi Tbilisi Azərbaycan Dövlət Dram Teatrına gürcü rejissor Koça Kapanadze rəhbərlik edir. Ötən il rəhbərlik dram teatrına Heydər Əliyevin adını verib.
Azərbaycan hökuməti öz vəsaiti hesabına teatr binasında təmir işlərinin aparılması ilə bağlı öhdəlik götürüb. Amma qeyd edildiyi kimi, həmin binada müxtəlif dövrlərdə məskunlaşan məcburi köçkünlərin Gürcüstan hökuməti tərəfindən başqa yerlərə köçürülməsi prosesi indiyədək gecikdirildiyindən binada təmir işləri də yubanır.

Zəka Adiloğlu,
Tbilisi


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019