Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qurdlar vadisi“ Azərbaycanda
Tarix: 19.11.2008 | Saat: 15:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Dünən xəbər tutduq ki, “Qurdlar vadisi“ filminin qəhrəmanları, başda Polad Aləmdar olmaqla Cahid, Abdulhey, Ərhan, Tuncay Bakıya gəlir. Artıq dünyaca məşhur olan filmin qəhrəmanlarının gəldiyi vaxtı dəqiqləşdirib onların yerləşəcəyi oteli də müəyyənləşdirə bildik. Bəlli oldu ki, Azərbaycanda da sevilən “Qurdlar vadisi “nin qəhrəmanları “Qafqaz“ otelində qalacaqlar. Elə biz də üz tutduq həmin otelə.
Öncə otelə “Pana-holdinq“in İdarə Heyəti sədrinin müavini Məhmət Canpolad təşrif buyurdu. Məhmət bəy bildirdi ki, Azərbaycanda bir neçə gün qaldıqdan sonra Türkiyəyə dönəcəklər: “Eyni zamanda Azərbaycanda film çəkə bilərikmi yönüündə də araşdırmalar aparacağıq. İnşallah, gözəl işlər görəcəyik. Bakı ilə bağlı fikirlərimiz, film layihələrimiz də var. Bu filmi ərsəyə gətirmək üçün araşdırmalarımız davam edir. Həm məkan, eyni zamanda digər məsələlər baxımından araşdırmalara ehtiyac var. Amma bu səfərimiz əsasən gəzmək, Azərbaycanın havasını udmaq, insanları ilə daha da yaxından tanış olmaq məqsədi daşıyır“. Məhmət bəydən “Qurdlar vadisi - Qarabağ“ filminin çəkiləcəyi ilə bağlı səslənən məlumatlara da aydınlıq gətirməsini istədik. “Pana-holdinq“ rəsmisi bildirdi ki, “Qurdlar vadisi - Qarabağ“ filminin çəkiləcəyi məsələsi hazırda gündəmlərində yoxdur: “Amma Qarabağ və Xocalı soyqırımı bizim içərimizdəki yaramızdır. Biz Xocalı soyqırımını dünyaya çatdırmaq istəyirik. Azərbaycana hansısa bir xidmətimiz olacaqsa, film çox önəmlidir və biz də Xocalı soyqırımını dünyaya çatdırmaqla Azərbaycanın haqq işi uğrunda davasını bəyan edəcəyik. Əgər belə bir şey həyata keçirə bilsək, əminəm ki, bu, çox faydalı olar. Onu da qeyd edim ki, hansısa bir çəkiliş olacaqsa, bunu televiziya filmi kimi deyil, kinofilm kimi hazırlamalıyıq“.
“Qurdlar vadisi“ndə Fələstində baş verənlər bir neçə bölümdə öz əksini tapıb, Xocalıda ermənilərin törətdikləri qətliamla bağlı necə, filmdə bölümlərə rast gələcəyikmi“ sualımızın cavabında isə M.Canpolad bildirdi ki, hazırda yayımlanan filmdə Xocalı soyqırımı ilə bağlı hansısa bölümlərin olub-olmadığı haqda məlumata malik deyil və buna yalnız Raci Şaşmaz cavab verə bilər.
Nəhayət, “Qurdlar vadisi“nin digər qəhrəmanları da hava limanından otelə gəlib çatdılar. Ancaq gələnlər içərisində nə Polad Aləmdar, nə də qardaşı Raci Şaşmaz vardı. Məlum oldu ki, Polad Aləmdar Bakıya bu gün (dünən - red.) axşam saat 19:00-da gələcək.
Öncə “Güllü“ ləqəbli Ərhan Ufuq mikrofonların qarşısına keçdi: “Azərbaycana ilk dəfədir gəlirik. Azərbaycanla bağlı bir marağımız vardı və bu marağımızı aradan qaldırmış olduq.
Bu ziyarətin gerçəkləşməsi eyni zamanda hazırda yayımlanan “Qurdlar vadisi - pusu“ filminin çəkilişlərində boşluqlar var idi ki, bunun özü də səfərimiz üçün imkanlar yaratdı“. Ərhan Bakıda film çəkilişlərinin olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən “bəllimi olur“ deyə cavab verdi. G.Ərhanın fikrincə, bir filmi, serialı çəkməzdən öncə yeri, məkanı seçmək və tanımaq çox vacibdir və onlar da Azərbaycana gəlmişkən bundan istifadə etməkdə maraqlıdırlar. “Qurdlar vadisi - pusu“da Polad Aləmdarın “sağ əli“ kimi tanınan, amma son bölümlərdə Amerika kəşfiyyatı tərəfindən yaddaşı silinən, eləcə də İsgəndər Böyüyün əli ilə P.Aləmdarı öldürməyə çalışan və Memati tərəfindən güllələnən Abdulhey Çoban da Azərbaycanla bağlı ilk təəssüratlarını bölüşdü: “Azərbaycana ilk dəfədir gəlirəm. Baxıb-görəcəyik, qısa bir tətil keçirəcəyik. Görək sonrası nə olacaq“. A.Çoban da “Qurdlar vadisi - Qarabağ“ filminin çəkilib-çəkilməyəcəyi ilə bağlı məlumata malik olmadığını bildirdi. Onun fikrincə, bu haqda məlumata yalnız “Pana-film“ malik ola bilər: “Biz aktyoruq, harada çəkilişə gətirsələr, orada da çəkiləcəyik. Amma bu məsələdə bir az maraqlı olmaqla yanaşı, həm də bizim üçün bir tərəfdən yaxşı olar ki, belə bir filmdə yer alaq“. Abdulhey hazırda yayımlanan filmdə rolunun davam edib-etmədiyinə gəldikdə isə bilirdi ki, bu haqda bir söz deyə bilməz.
A.Çoban “Qurdlar vadisi - pusu“ya uşaqların marağğının olmasının və bu filmin uşaqlara müəyyən mənfi təsirlər göstərməsi ilə bağlı sualın cavabında isə bildirdi ki, deyilənlərin əsası yoxdur və hazırda onun yaxın dostlarının, qohumlarının uşaqları həvəslə həmin filmə baxırlar: “Bu filmdə hansısa mənfi nəticələr doğura biləcək süjet xətti yoxdur. Müəyyən hissələr var ki, onlar da qaydalardan kənara çıxmır“.
Filmdə Tuncayy Kantarçı kimi tanıdığımız Osman Vöber Türkiyənin ən populyar teatr aktyorlarından olmaqla yanaşı, uzun müddət İstanbul Dövlət Teatrının rəhbəri olub. T.Kantarçı Azərbaycana ilk qədəm qoyduqları dəqiqədən etibarən isti qarşılanmalarından məmnun qaldığını bildirdi: “Azərbaycan bizim qardaşımızdır və biz burada olmaqdan məmnunuq. “Qurdlar vadisi“nin izlənildiyi bütün ölkələrdə olmaq istəyirik. Əsasən də türkdilli ölkələrdə olmaq çox gözəldir“.
Tuncay bəydən Azərbaycan teatrı haqqında məlumatlara malik olub-olmadığını da soruşduq: “Azərbaycan teatrı haqqında məlumatlıyam. Burada aktyorlar var ki, onlarla birgə çalışmalarımız olan dostlarım da var. Azərbaycan - teatrını diqqətlə izlədiyimiz bir ölkədir. Xüsusilə də Kukla Teatrının layihələrini həvəslə izləyirəm. Mən bu gün burada olmaqdan çox şadam“.
Filmdə əsas köməkçisi olan “Dəli“ ləqəbli Hüsnünün hansı səbəblərdən gəlmədiyinə gəlincə isə bildirdi ki, inşallah, gələn səfər Hüsnü də gələr. T.Kantarçıdan filmdə təmizlik məsələlərinə böyük önəm verdiyini və buna səfər etdiyi ölkələrdə də diqqət yetirib-yetirmədiyini soruşduq. Bildirdi ki, o, həyatda da təmizlik məsələlərinə diqqət edir. Tuncay hətta Bakıya “Ruzi duası“ (Türkiyədə “qarınca duası“ deyirlər - N.C.) gətirdiyini də bildirdi.
“Qurdlar vadisi - pusu“nun artıq bir neçə bölümündə P.Aləmdarın yeni adamı rolunda çıxış edən Cahidlə də danışdıq. O da Azərbaycana gəlməsindən məmnun qaldığını bildirdi. Cahidin P.Aləmdarın yanına ixtiyarların adamı kimi yerləşdirildiyi ilə bağlı suala cavabı isə belə oldu: “Vallah, mən özüm də hələlik kimin adamı olduğumu bilmirəm. Amma görünən odur ki Polada sadiq bir adamam. Yəqin, gələcək bölümlərdə ixtiyarların adamı olub-olmadığım bilinər“.
Nəhayət, axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından onlarca insan, telejurnalist və mətbuat orqanlarının rəsmiləri “Qurdlar vadisi“nin baş qəhrəmanı və bütün dünyada məhşurlaşan Polad Aləmdarın (N.Şaşmaz) pişvazına çıxmışdı. Onun heyranları arasında azərbaycanlı Polad Aləmdar kimi tanınan Tural Əsgərov və aktrisa Mehriban Xanlarova da var idi. M.Xanlarova “Həftə içi“nə açıqlamasında bildirdi ki, o, bir sənət adamı kimi N.Şaşmazın fitri istedadına heyrandır və onun yaratdığı baş qəhrəmanı həddən artıq çox sevir. Bu heyranlığından ötrü də onu görmək üçün oraya gəlib. T.Əsgərov isə açıqlamasında vurğuladı ki, Necati bəylə qiyabi tanışdır və bu tanışlıq təsadüf nəticəsində yaranıb: “Türkiyədə “Ermənilərdən üzr istəyirik“ adlı kampaniya aparılan zamanlarda məlumat yayıldı ki, Necati bəy də sözügedən kampaniyaya dəstək verərək sənədə qol çəkib. Mən dərhal “Pana-film“ studiyasına faks göndərdim və bildirdim ki, Polad Aləmdar rolunun mahir ifaçısı, vətənpərvər türk övladı olan Necati bəy heç vaxt belə bir sənədə imza atmaz və buna inanmıram. Mən onu müdafiə edirəm və belə bir fikir yayanları qınayıram. Necati bəy faksımı oxuduqdan sonra mənimlə telefon əlaqəsi yaratdı, təşəkkürünü bildirdi. Onun oxşarı olduğumdan xəbərdar idi. Bu baxımdan da telefon söhbətlərimizdə birgə layihələr, görüləcək işlər və s. məsələlər barədə fikir mübadiləsi aparırdıq. Necati bəy Azərbycana bu ilin aprel ayında gələcəyini söylədiyindən qəfil gəlişi məni çox şaşırtdı. Bu barədə sizdən eşitməsəydim, bu fürsəti əldən qaçıracaqdım. İnşallah, onunla görüşmək və birgə layihələr barədə danışmaq fürsəti qazanacağam“. Onu da bildirək ki, Necati bəyin saat 19:00 radələrində hava limanında düşəcəyi bildirilsə də, son anda məlum oldu ki, İstanbul - Bakı aviareysində gecikmə var və məşhur aktyorun mindiyi təyyarə saat 19:50-də aeroporta enəcək. Qeyd etdiyimiz vaxtda hava limanının binasına daxil olan N.Şaşmaz aeroportda bir neçə dəqiqə istirahət etdi, siqaret çəkdi, sərinləşdirici içki içdi. Mühafizəçilər onun bir neçə əl çantasından ibarət şəxsi əşyalarını maşınlara yüklədilər. Bundan sonra gözlədiyimiz an yetişdi. O, binanı tərk edərkən fanatlarından bir neçəsi “Polad Aləmdar“ deyə qışqırdı. Ona ünvanlanmış ilk sual “Necati bəy, Azərbaycana film çəkməyə gəlmisinizmi?“ oldu. “Yolçuluq yaxşı oldu. Hər şey qaydasındadır. Mən bura yaradıcılıq işləri ilə əlaqədar gəlməmişəm. Azərbaycanı çox sevirəm. Burada bir neçə gün istirahət edəcəyəm. Azərbaycanda görüşmək istədiyim dostlarım, heyranlarım və arkadaşlarım çoxdur. Onlarla görüşməyə çalışacağam“ cavabını verdi. Sonra N.Şaşmaz mühafizəçilərin əhatəsində maşına əyləşib hava limanından uzaqlaşdı. əəQeyd edək ki, ölkəmizə gələn maraqlı qonaqlar sabah (bu gün) Qəbələ rayonuna gedəcək və 1 gün orada qalacaqlar. Sonra yenidən paytaxtımıza dönüb 1 gün də Bakıda qaldıqdan sonra martın 20-də İstanbula qayıdacaqlar.

Nahid Canbaxışlı
Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019