Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Cəhənnəm kirayənişinləri“
Tarix: 16.09.2008 | Saat: 14:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

İnsanın ruhunu şeytana satması, ikiləşmiş insan ruhlu iblis - necə adlanmasından asılı olmayaraq mahiyyət dəyişməzdir. Özəlliklə incəsənətin bütün sahələrində, ədəbiyyat, kino, teatr, təsviri incəsənətdə dəfələrlə toxunulub bu mövzuya. Fərqli müəlliflər fərqli prizmadan baxıblar. Qısası, kobud desək, “çeynənmiş“ mövzudur. Ancaq buna rəğmən yenə də aktualdır, zaman - məkan çərçivəsi tanımır.

Ta Adəm peyğəmbərin zamanından bu günümüzədək, zaman dəyişsə belə, hadisələr təkrarlanır. Maraqlıdır, doğmadır da eyni zamanda. Çünki bizə gizli və ya aşkar “Mən“imizdə baş verənləri görükdürür... Özümüzə gizlincə baxmaq, özümüzü görmək həvəsi nə qədər cazibədardırsa, bir o qədər də qorxuludur. Kimsə “mən həqiqətdə buyam“ demək cəsarətini özündə tapmır. Heç axtarmaq niyyətində də deyil. Elə bu məqamda bizi bizlə “görüşdürən“ sənət xadimləri olur. Bu dəfə məlum “görüşə“ təkan verən dramaturq Elçin və rejissor Kamran Şahmərdan oldu. Yəni biri yazdı, digəri səhnələşdirdi, üçüncülər isə canlandırdılar - “Cəhənnəm kirayənişinləri“ (“Kvartirantı ada“) mistik komediyasını. Yeri gəlmişkən, “şeytan xislətli insan“ tipli mövzular Elçin yaradıcılığına daha doğmadır sanki, müəllifin dəfələrlə müraciət etməsini nəzərə alsaq...
Rejissor Kamran Şahmərdanın Rus Dram Teatrı ilə ikinci (ilki Jan Anuyun “Torağay“ tamaşası olmuşdu - S.B.), Elçinlə ilk əməkdaşlığıdır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb. Nazirliyin teatr sahəsində son 1 ildə reallaşdırdığı ən uğurlu layihəsi hesab etmək olar. Təxminən 3 aya ərsəyə gəlib. Rollarda respulikanın xalq artistləri Yuri Baliyev (Qonaq, Zabit), Səfa Mirzəhəsənov (Kişi), əməkdar artist Mələk Abbaszadə (Qadın), digər aktyorlar Ramil Əliyev (Qonağın oxşarı), Murad Məmmədov, Zaur Şəfiyev, Mariya Dubovitskaya, Raulya Turkkan (Qonağın müşayətçiləri) iştirak edirlər. Quruluşçu rəssam da Rusiyadan - Sank-Peterburqun “Komik-trest“ teatrında çalışan Tatyana Tarakanovadır - dəvət olunub. Tamaşanın videoinstalyasiya bölümü klipmeyker kimi tanınan Aqil M.Quliyevə həvalə olunub. Yeri gəlmişkən, Aqil M.Quliyev teatr işindəki uğuruna rəğmən, öz məşhur adətinə bu dəfə də sadiq qaldı - hazırlığı təxminən üç ay davam edən tamaşanın videoinstalyasiyasını premyeraya 2 gün qalmış tələm-tələsik vəziyyətdə hazırladı... Proqramda tamaşının janrı məhz komediya kimi yazılıb. Tamaşada cüzi komediya elementləri olsa belə, format ümumilikdə tragikomediya formatına daha uyğun idi. Elə bu baxımdan yalnız gülüb-əylənmək və görülənlərdən azacıq nəticə çıxarmaq kimi qavranılan “komediya“ sözünün əvvəlinə bir “qara“ sözü əlavə olunsaydı, “qara komediya“ söz birləşməsi ilə seyrçini aldatmamış olardı. Həm “tamaşaçı ancaq komediyaya baxır“ diaqnozunu qoyan məlum teatrın rəhbərliyi fikrində yanıldığının şahidi olar, həm də seyrçi komediya və qara komediya arasında fərqi ən azından bilmiş olardı...
Tamaşada cərəyan edən hadisələr 1937-ci ili əhatə edir. Repressiyalarla dolu Stalin epoxası. Həmin dövrü andıran mənzərə, sənədli arxiv mateariallarından ibarət ilk videogörüntülər - Stalin, Qızıl Meydandakı siyasi çıxışlar, parad nümayişləri... Tarixə qanla yazılmış həmin dövrün - 37-ci ilin son günü - 31 dekabr. Qəhrəmanlar - KİŞİ və QADIN artıq hesablaşma gününü yaşayırlar. Atılmış kiçik bir daşın bumeranq kimi geri qayıdışı günü və bir neçə saatdan sonra 38-ci ilin ilk günü başlanacaq. Ancaq bu gün gələcəkmi? Şekspirin Hamleti demişkən: “Bax budur sual“... Elə tamaşadakı cütlük də hesab gününün yaxınlaşdığını hiss edib, şübhələr içində qovrulur... Səhnə kifayət qədər genişdir. Ümumiyyətlə, müasir dünya teatr prosesində səhnə tərtibatından mümkün qədər az istifadə edilir: yəni minimum dekor, minimum rekvizit, aktyor ifasına isə maksimum vurğu; bu tamaşada da həmçinin. Əsas etibarilə şərtiliklərə köklənərək rejissor Kamran Şahmərdan tamaşadakı fikri, ideyanı qəbul etmək üçün seyrçinin yaradıcı qavrayışının, təsəvvürünün ixtiyarına verib. Daha plastik, sintetik, eyni zamanda dəqiqliklə verilmiş məqsəd.... Meyerxold konsepsiyasının bir növ canlı təzahürü. Geniş meydan - səhnə, ortada qəbir formasında uzunsov masa, masanın üzərində bayram süfrəsini xatırladan bir-iki əşya - boşqablar, bardaqlar, qrafin... Yuxarıdan asılan qırmızı çilçıraq, böyük səhnənin tam ortasında, qara və qırmızı rənglərin vəhdətindən ibarət daha bir dördkünc səhnə - hadisələrin cərəyan etidyi əsas məkan. Təsadüfən və ya uyğunluq xatirinə seçilməyən qara və qırmızı tonlara xüsusilə ağırlıq verilib. Təkcə səhnə tərtibatında deyil, qərhəmanların libaslarında da. Kişinin əynində qırmızı qalstuk, Qadının ayaqqabısı, boyunbağısı və əlcəyi, eləcə də xəzi qırmızı rəngdədir. Gah Qonaq, gah da Zabit cildində peyda olan Qonağın əynində də qara və qırmızıdan başqa rənglərin olması absurd olardı. Digər qəhrəmanların libasları fərqli rəngdə olsa belə, iblisi təmsil edən məhz bu rənglərdir.
Bu tonlar təkcə iblisin, şeytanın, cəhənnəmin odu Apokalipsisin simvolu, eləcə də qara magiyanın, ölüm və gecənin, qorxu və bədbinliyin, qayda-qanunların pozulması və konfrontasiyası deməkdirsə, hər iki rəngin sintezi artıq sanatizm, nasizm və bu gücləri təmsil edən qüvvələrin rəngi kimi simvolizə olunur. Qırmızı rəng həm də müəyyən dövrü andırır, xüsusilə kommunizm və sosializm epoxasının assosiativ rəngi kimi. Bir sözlə, təqdim olunan hər bir element, hər bir əşya nə görüntü, nə də boşluğu doldurmaq xatirinə qoyulmuşdu. Kiçik bir detalın səbəbi, əsası, “danışan dili“ vardı. Tamaşada Stalin dövrünə və o dövrlə bağlı siyasi proseslərlə əlaqədar mətləblərə toxunulsa da, ön plana nə Stalinin odioz fiquru, onun şəxsiyyəti, nə də o dövrün hadisələri yox, məhz İNSAN faktoru çıxır. Tamaşanın əsas qəhrəmanı İNSANdır. Aldadılmağa, sındırılmağa, yıpranmağa könüllü hazır olan, kütlə içində görünməz, başqalarının meyidini tapdalamaq bahasına belə ilk sıralarda olmağı arzulayan İNSAN - Allahın ən “mükəmməl“ əsəri. Ömrüboyu dostlarının həyatına hökm verən, “donos“larla sürgünlərə göndərən, başqalarını öz başının-canının sağlığı uğruna qurban verən İNSAN. Belə də davam edəcəyini düşündüyü anda qapısını biri döyür. Bu çağırılmamış qonağı istədiyimiz kimi adlandıra bilərik. Şeytan, iblis, Mefistofel, Voland, yoxsa Vicdan... Hər kimdirsə, bu ÇAĞIRILMAMIŞ QONAQ, nəticə etibarilə “insan“ adlı məxluqdan doğan biridir. Və bu qonaq hər şeyin, hər əməlin hesabını soruşmağa gəlir. Qəhrəmanların keçmişi səhifə-səhifə vərəqlənir... Şeytan və Ər-Arvad arasında gedən mükalimələrin, əlbəyaxa çarpışmaların nəticəsində məlum olur ki, Allahın ən mükəmməl sənət əsəri - İNSAN nələrə qadir deyilmiş?! Şeytan belə bu qorxulu məxluq - İnsanla müqayisədə bir mələkmiş... Qonağın başı kəsilsə də, gözləri oyulsa da, ölməzdir. Siyasi repressiyaların dəhşətləri əbədi olduğu kimi, Yer üzündəki insan mənfurluğunun gücü də əbədi, sonsuzdur.
Tamaşanın uğurunda rejissorla yanaşı, Yuri Baliyev, Səfa Mirzəhəsənov və Mələk Abbaszadədən ibarət uğurlu aktyor ansamblının əməyini danmaq insafsızlıq olardı. Yuri gəlmişkən, “Cəhənnəm kirayənişinləri“ tamaşası hər üç aktyorun benefisi də sayılır. Yəni bu səhnə əsəri Yuri Baliyevin 60, Səfa Mirzəhəsənovun 50, Mələk Abbaszadənin isə 40 illiyi şərəfinə hazırlanıb. Sənətkarı tərifləmək nonsensdir, ancaq yaxşıya yaxşı deməməyə də dil varmır. Xalq artisti Yuri Baliyevdən söhbət gedir. Onun yaratdığı Qonaq, Zabit obrazı deyilənləri növbəti dəfə təsdiqlədi. Energetikası, xarizması və peşəkarlığı baxımından Baliyevin hər ifası canlı ustad dərslərinə bərabərdir. Mətləbdən azacıq uzaqlaşaraq maraqlı, eyni zamanda mistik bir hadisəni aktyorun deyimindən çatdırmaq istəyirəm. Hər hansı bir rolun, xüsusilə də şər qüvvələrin daşıyıcısı kimi rolların düşər-düşməzliyi haqda yalan-gerçək məlumatlar çox eşidilib, çox oxunulub, hətta bu haqda çox sayda sənədli filmlər, verilişlər belə çəkilib. Yuri Baliyev də bənzər aqibətdən yan qaça bilməyib. Özünün dediyinə görə, şeytan obrazının məşqləri zamanı düz üç dəfə başına çox mistik olaylar gəlib. Birincisi, məşq zamanı çiynindən aldığı fiziki zərbə, ikincisi avtomobil qəzası. Tamaşada şeytanın gözünün çıxarılması səhnəsi var. Bax bu səhnənin “cəzası“ aktyorun özünün yox, aman-zaman bir oğlunun gözünün itirilməsi bahasına gələcəkdi ki... Baliyev əməlli-başlı təlaşa düşsə də, hətta rolundan belə imtina etmək istəsə də, son anda çarəni kilsəyə gedib şam yandırmaqda görür. Bununla da mistik hadisələr teatr səhnəsindən kənara çıxmır.
Mələk Abbaszadə bu tamaşada QADIN rolunu oynayır. Əvvəlcə ondan başlayaq ki, rejissor Kamran Şahmərdanla üçüncü işbirliyidir. Hər bir rejissorun sevdiyi və daim işlədiyi aktyor və ya aktrisa olduğu kimi, Kamranın da həvəslə işlədiyi aktrisa məhz Mələk Abbaszadədir. Təsadüfi deyil ki, Kamranın Azərbaycanda səhnələşdirdiyi tamaşaların bir çoxunda məhz Mələk Abbaszadə yer alıb. Hətta cəsarətlə demək mümkündür ki, bu aktrisanı kəşf edən məhz K.Şahmərdan oldu. Çünki... Vaxtilə “VQİK“ kimi bilinən Ümumittifaq Kinematoqrafiya İnstitutunda məşhur rus aktyoru Aleksey Batalovun kursunu bitirən, Türkiyənin İstanbul, Ankara teatrlarında oynadığı bir sıra aparıcı rollara uğurlarla imza atan Mələyin Bakıda, S.Vurğun adına Rus Dram Teatrının səhnəsindəki varlığının qeyri-müəyyən qalması təəccübləndirməyə bilmirdi. Yəni daha öncələr rol aldığı “kapustnik“ tipli tamaşalarda ifası olduqca passiv və görünməz, səsi də duyulmaz idi. İncəsəsli Mələyin səhnədən dediyini eşitmək üçünsə gərək zalın ilk sıralarında əyləşəydin. Deməli, aktyoru sözün yaxşı mənasında “sındıra“ biləcək rejissora ehtiyac vardı. Bunu da Kamran bacardı. Aktrisanın ifası ilə quruluş verdiyi Tənha səs“ (J.Kokto), “Torağay“ (J.Anuy), indi də “Cəhənnəm kirayənişinləri“ (Elçin) tamaşalarında sübut elədi ki, Mələk plastik, tək bir ampluaya köklənməyən, istənilən janrlı tamaşaları yüksək səviyyədə oynamağa qadir çoxşaxəli potensial imkana malik bir aktrisadır. Sonucu “Cəhənnəm kirayənişinləri“ tamaşasında da Mələk sözün həqiqi mənasında tamaşaçıları təəccübləndirdi. Faciə və komediyanın saniyələrlə ölçülən zaman kəsiyində etdiyi maraqlı və plastik keçidləri - səs tonallığı - göstərdi ki, Mələk təkcə incəsəsli biri deyil, yeri gələndə isterik, bizim deyimimizlə desək, şüvən, qəddar, gülünc, şıltaq qadınları da oynamağa qadirdir.
Səfa Mirzəhəsənov KİŞİ obrazındakı qorxaqlıq, acizlik, qərarsızlıq və cəsarətlik, qəddarlıq kimi xarakterik xüsusiyyətlərin harmonik yaşantısını da yüksəksəviyyəli ifası ilə canlandıra bildi. Tamaşanın janrında mistika olduğu üçün bu mistik ovqatın yaradılması da labüd idi. Elə bu məqsədlə Kamran Şahmərdanın köməyinə müxtəlif effektlərinin qarışığından ibarət videoinstalyasiya, Eykki Toppinen (“Black ice“), Con Adams (“Eldorado“), “Amorphis“ rok qrupu, A.Babilon, Marlen Ditrixin mahnıları, həmçinin 30-cu illərin sevilən musiqi parçaları və xoreoqraf Ruhiyyə Quliyevanın rəqs quruluşları gəlib. Tamaşanın premyerası 18 dekabrda baş tutmuşdu. İosif Stalinin doğum günü ərəfəsində. Təsadüf, yoxsa zərurət? Şəxsən mən sonuncusuna - zərurətə daha çox inanmaq və lazımlı bir mesaj kimi qəbul etmək istəyirəm. Çox sevdiyim bir deyimdə olduğu kimi: “Hər xalq öz diktatoruna layiqdir“.

Sevda Babayeva,
teatrşünas


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019