Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nazirlər fevralda görüşəcəklər
Tarix: 20.12.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi 2007-ci ilin fevralında bərpa olunacaq“ - bunu Ermənistanın xarici işlər naziri Vardan Oskanyan dünən keçirdiyi mətbuat konfransında ölkəsinin başçısı Robert Köçəryanın danışıqlar prosesi haqda bəyanatını şərh edərkən bildirib.
Xatırladaq ki, R.Köçəryan Ermənistan parlamentinə seçkilər keçirilənədək münaqişənin həllinə dair danışıqlar prosesində fəallığın müşahidə olunmayacağını bəyanlayıb.
“Prezident öz mövqeyini və danışıqlar prosesindən hansı səbəbdən fəallıq gözləmədiyini açıqlayıb. Amma xarici işlər nazirləri səviyyəsində müzakirələr davam etdiriləcək. Ola bilər ki, onun nəticəsi az səmərəli olsun və ictimaiyyət üçün gizli saxlanılsın. Amma müzakirələr aparılacaq“, - deyə V.Oskanyan qeyd edib. Nazir danışıqların mütəmadiliyinin və şəffaflığının məhz Ermənistanda keçiriləcək seçki ilə bağlı azala biləcəyini desə də, hesab edir ki, bu, prosesə ümumilikdə ziyan vurmayacaq: “Danışıqlar prosesi dayandırılmayacaq. Ola bilər ki, o, bir qədər şəffaflığını itirsin və ya mütəmadiliyi azalsın. Bu amillərin prosesə ziyan vuracağını düşünmürəm“.
Ermənistan XİN-in başçısı onu da deyib ki, ölkəsində keçiriləcək seçkiqabağı kampaniya zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında spekulyasiyalara yol vermək olmaz.
Problemi “ümumermənistan məsələsi“ adlandıran V.Oskanyan bildirib ki, “Dağlıq Qarabağ hər bir erməni üçün böyük əhəmiyyət kəsb edir və bu səbəbdən də nə hakimiyyət, nə də müxalifət bu məsələ ətrafında spekulyasiyalara yol verməməlidir“: “Prosesin öz məntiqi var və onun gedişində hansısa maneələrin yaradılmasına yol verilərsə, ciddi ziyanlar yaşana bilər“. V.Oskanyan Ermənistan hakimiyyətinin münaqişənin həlli ilə bağlı “erməni xalqının maraqlarına uyğun“ fəaliyyət göstərdiyini də deyib. “Kimsə şübhə etməməlidir ki, hakimiyyət bu məsələdə heç bir spekulyasiyaya yol vermir“, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib: “Müxalifət də eyni mövqe tutmalıdır və onların əks mövqeyi təhlükəli ola bilər. Dağlıq Qarabağ münaqişəsinə eyni maraqlardan yanaşılmalıdır“.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında son görüş noyabrın 28-də Minskdə keçirilib. Bundan sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev prosesin artıq sonuncu mərhələyə daxil olduğunu bildirib.
V.Oskanyan Dağlıq Qarabağ separatçılarının bir neçə gün əvvəl keçirdiyi “referendum“ haqda da danışaraq dünya ictimaiyyətini bu məsələyə mənfi qiymət verməməyə çağırıb: “Beynəlxalq təşkilatlar və xarici dövlətlər bu səsvermənin nəticələrini tanımaya bilər. Bu mövqe bizə aydındır. Ancaq referendumla bağlı narahatlıq ifadə edən bəyanatların verilməsi və onun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mane olacağını söyləmək yolverilməzdir“. Erməni nazir iddia edib ki, beynəlxalq ictimaiyyət əksinə, “referendum“un danışıqlar prosesinə təsir göstərməyəcəyini bildirməklə “Azərbaycanın məsələ ətrafında spekulyasiya etməsinin qarşısını almalı idi“. “Odur ki səsvermənin ardınca beynəlxalq ictimaiyyətin səsləndirdiyi bəyanatlar bizi təəccübləndirir. Əlbəttə, referendumun tanınması daha yaxşı olardı“, - deyə V.Oskanyan bildirib.
V.Oskanyanın daha bir iddiası guya Naxçıvanda ermənilərə məxsus abidələrin dağıdılması ilə bağlı olub. O bildirib ki, bir müddət əvvəl bu məsələ ilə bağlı Strasburqda açılan sərgi daha sonra digər Avropa paytaxtlarında da düzənlənəcək. V.Oskanyanın sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının mədəni dəyərlərin qorunması ilə bağlı monitorinq komitəsi 2007-ci ildə bölgəyə səfər edəcək: “Azərbaycan həmin qrupun qarşısına belə bir şərt qoyub ki, onlar Naxçıvanda araşdırma aparacaqları halda, eyni addımı Dağlıq Qarabağda da həyata keçirməlidirlər. Azərbaycan tərəfi bildirir ki, Dağlıq Qarabağda onlara məxsus abidələr dağıdılıb“. Ermənistanın XİN başçısı iddia edib ki, Dağlıq Qarabağda abidələr hərbi toqquşmalar nəticəsində xəsarət alıb.
Nazir İran - Ermənistan qaz kəməri haqda danışarkən bildirib ki, boru xəttinin fəaliyyətə başlaması üçün yalnız bəzi texniki məsələlərin həll edilməsi lazımdır və kəmərin bu il dekabrın 26-da həyata keçirilməsi planlaşdırılan açılış mərasimi bu səbəbdən baş tutmayacaq. Ona görə də boru kəmərinin 2007-ci ilin martında fəaliyyətə başlayacağı gözlənilir.
Bu arada İspaniyanın xarici işlər naziri, gələn ilin yanvarından etibarən ATƏT-ə sədrlik edəcək Migel Anxel Moratinos Moskvaya səfəri zamanı bəyan edib ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli məsələsi mövcud nəticələr və təşəbbüslərdən asılıdır. “Biz bu sahədə artıq mövcud olan üç nəticə üzərində işləyəcəyik“, - deyə İspaniyanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Cahangir Həsənli


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019