Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Demokratların 12 illik həsrəti bitdi
Tarix: 09.11.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ-ın Demokratlar Partiyası 12 illik fasilədən sonra ilk dəfə Konqresə keçirilən seçkidə qələbə qazanaraq qurumun Nümayəndələr Palatasına nəzarəti ələ keçirib. Onlar əsas rəqibləri olan respublikaçıları əsas 15 dairədə üstələyərək Konqresdə çoxluq qazanıblar.
Qeyd edək ki, partiyalardan birinin üstünlük təşkil etməsi üçün Konqresdəki 435 yerdən 218-ni ələ keçirmək tələb olunur ki, dünənədək hesablanan nəticələrə görə, artıq demokratlar 227 mandat qazanıblar. Respublikaçıların Konqresə düşə bilən üzvlərinin sayı isə 194 nəfərdir.
Artıq Corc Buş hökuməti Konqresin aşağı palatasında demokratların qələbə qazandığını etiraf edib. “Corc Buş seçkinin nəticələrindən məyusdur“, - deyə ABŞ prezidentinin köməkçisi Den Barlett bildirib. Ağ Evin mətbuat katibi Toni Snou isə deyib: “Buş hökuməti qanunverici orqanın yeni çoxluğu ilə İraq müharibəsi, terrorçuluqla mübarizə və iqtisadi problemlərin həlli məsələlərində birgə işləməyə hazırdır. Güman ki, Konqresin aşağı palatasına demokratlar nəzarət edəcək. Biz prioritet məsələlərin həllində Demokratlar Partiyasının rəhbərliyi ilə işləməyə hazırıq“.
Dünən demokratların seçkidə qələbə qazandığı məlum olduqdan sonra C.Buş demokratların fraksiyasının rəhbəri, 66 yaşlı Nensi Pelosiyə telefonla zəng edib. Qeyd edək ki, seçkinin nəticələri N.Pelosinin spiker, başqa sözlə, ölkənin üçüncü şəxsi olacağını labüd edir. O, ABŞ tarixinə Konqresin Nümayəndələr Palatasının ilk qadın spikeri kimi düşəcək. Hazırda N.Pelosi aşağı palatada demokratların fraksiyasına rəhbərlik edir. Spiker məsələsinin fraksiyanın növbəti toplantısında həll olunacağı gözlənilir. Konqresə seçkidə qələbə onlara ölkənin prezident və vitse-prezidentindən sonra, üçüncü şəxsini seçmək hüququ verir. Həmçinin demokratlar Konqresin yaxın iki il üçün qanunvericiliklə bağlı gündəliyini müəyyənləşdirmək haqqına malikdirlər.
Senata gəlincə, burada hələ “heç-heçədir“. Belə ki, dünənədək hesablanan bülletenlərə əsasən, həm demokratlar, həm də respublikaçılar qurumda 49 mandat əldə ediblər. Demokratların burada da qalib gəlməsi üçün onlara əlavə iki mandat əldə etmək kifayətdir.
ABŞ-da keçirilən seçkidə əsas diqqətin yönəldiyi ştatlardan biri Nyu-Yorkdur. Burada Senata keçirilən seçkidə demokrat senator, eks-prezident Bill Klintonun həyat yoldaşı Hilari Klinton inamlı qələbə qazanıb. Qeyd edək ki, bir sıra dairələrdə məhz xanım Klintonun 2008-ci ildə keçiriləcək prezident seçkilərində əsas namizəd olacağı güman edilir.
Dünən ABŞ-ın bir neçə ştatında qubernator seçkiləri də keçirilib. Kaliforniyada Hollivud ulduzu Arnold Şvartsenegger demokratlardan olan rəqibi üzərində inamlı qələbə qazanıb - 62 faiz səs. Digər məşhur şəxslərdən demokrat Edvard Kennedinin Massaçusets ştatının qubernatoru seçildiyini qeyd etmək olar.
Müşahidəçilərin fikrincə, respublikaçıların Konqresə nəzarəti əldən verməsi C.Buş hökumətinə qarşıdakı iki ildə yeni qanunverici təşəbbüslərin həyata keçirilməsinə ciddi maneə yaradacaq. Məsələ ondadır ki, seçki ərəfəsində N.Pelosi bəyan edib ki, qələbə qazanacaqları halda o, C.Buş hökumətinin kursu ilə bağlı irəli sürülən qanunvericilik aktlarına bir sıra ciddi korrektələr etmək fikrindədir. Demokratların seçkidə qələbə qazanması ilə C.Buşun impiçmenti məsələsinin aktuallıq qazanacağı ilə bağlı deyilənlərə toxunan N.Pelosi bəyan edib ki, onun partiyasını ilk olaraq impiçment deyil, əhalinin problemlərlə üzləşməsinə səbəb olan qanunların dəyişdirilməsi maraqlandırır.
Bəzi məlumatlara görə, seçkinin nəticələrinin rəsmən açıqlanmasından sonra Pentaqon rəhbəri Donald Ramsfeld istefa verəcək. Məşhur amerikalı politoloq, eks-prezident Ronald Reyqanın köməkçisi olmuş Devid Gergen də belə düşünür. “Düşünürəm ki, Ramsfeld iki həftə ərzində könüllü şəkildə istefa verəcək“, - deyə o, CNN telekanalına bildirib. Politoloqun sözlərinə görə, Konqresə seçkiləri amerikalıların C.Buş və onun İraq siyasətinə münasibəti ilə bağlı keçirilən “referendum“ hesab etmək olar: “İraq siyasətinin memarı isə Ramsfeld hesab olunur“. Amerika mətbuatı D.Ramsfeld ilə yanaşı, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Con Boltonun da istefa verəcəyini proqnozlaşdırır. Xatırladaq ki, əhali arasında keçirilən son sorğularda respondentlərin 52 faizi bildirib ki, Buş D.Ramsfeldi vəzifədən uzaqlaşdırmalıdır.

Cahangir Həsənli


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019