Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanın Polşadakı diasporu çox zəifdir“
Tarix: 09.11.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan iqtisadi cəhətdən inkişaf edən bir ölkə kimi Polşanın diqqətindədir. Ancaq çalışırıq bu diqqətin mərkəzində tək enerji sektoru ilə bağlı məsələlər durmasın. Yəni Polşa biznesini Azərbaycan sənayesinə, kənd təsərrüfatına, ümumiyyətlə, təsərrüfatın müxtəlif sahələrinə cəlb edək“. Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev ötən gün jurnalistlərlə söhbət zamanı bildirdi ki, Azərbaycan neftinin alıcılarından biri olan Polşa müxtəlif mənbələrdən enerji almaq üçün ölkəmizlə əməkdaşlığı gücləndirmək istəyir: “Polşanın Rusiyadan enerji asılılığı var. ?tən ilin qışında da Polşa böyük problemlə üzləşdi. Çünki Rusiya Polşaya qaz verilməsini bir müddət dayandırdı. Ona görə indi Polşa hökuməti gələcəkdə bu asılılığı zəiflətmək üçün Azərbaycanla, Qazaxıstanla, Yaxın Şərq ölkələri ilə intensiv danışıqlar aparır“.

V.Quliyev Polşada çalışan Azərbaycan şirkətlərinin daha çox ticarətlə məşğul olduqlarını dedi. Onlar daha çox bu ölkədən Azərbaycana hazır məhsullar gətirirlər. V.Quliyev qeyd etdi ki, Azərbaycanla Polşa arasında həm birbaşa, həm də üçüncü ölkələr vasitəsilə ticarət əlaqəsi var. Buna görə də ticarət dövriyyəsini əks etdirən rəqəmlər də müxtəlifdir. Bu rəqəm 20 milyon dollarla 60 milyon dollar arasında dövr edir. Turizm sahəsində əməkdaşlığa gəlincə, səfir dedi ki, polyakların Azərbaycana gəlməsini genişləndirmək istəyirlər: “Çünki ölkəmizdə Polşa izləri doğrudan da çoxdur. Onların Bakının arxitekturasının yaradılmasında böyük rolu var. Eyni zamanda, Zaqatalada polyakların izləri mövcuddur. Turizm sahəsində əməkdaşlıq arzuedilən səviyyədə deyil. Bu da həm kifayət qədər məlumatların yoxluğundan, həm də birbaşa aviareyslərin olmamasından irəli gəlir. Səfirlik fəaliyyət göstərdiyi müddət ərzində müəyyən qisim insanların Azərbaycana gəlişinə nail olub“. Aviareyslərin yaxın perspektivdə açıla bilməsi isə prezident İlham Əliyevin Polşaya səfəri zamanı, Polşa - Azərbaycan birgə iqtisadi komissiyasının iclasında da gündəliyə çıxarılıb. “Amma belə səfərlərin təşkili, təbii ki, yalnız siyasi qərarla yekunlaşmır. Burda iqtisadi amil mühüm rol oynayır. Əgər sərnişinlər və qarşılıqlı biznes maraqları olarsa, təbii ki, birbaşa aviareyslər də açıla bilər“.
V.Quliyev Polşada fəaliyyət göstərən Azərbaycan diaspor cəmiyyətləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, hazırda həmin ölkədə dörd diaspor cəmiyyəti fəaliyyət göstərir: “Ancaq onların fəaliyyətləri kifayət qədər nəzərə çarpmır. Səfirlik açılandan sonra isə onların fəaliyyətini koordinasiya etməyə və gücləndirməyə çalışır. Bu istiqamətdə bəzi addımlar atılıb və bundan sonra da atılacaq“. V.Quliyev bildirdi ki, Azərbaycan diasporu çoxsaylı deyil və o, 1990-cı illərdən sonra formalaşmağa başlayıb. Bir müddət əvvəl Bakıda prezident İlham Əliyevin səfirlərlə görüşü zamanı diplomatlara informasiya hücumuna keçmək kimi tövsiyəsini xatırladan səfir informasiya hücumunun reallaşması üçün Dağlıq Qarabağ münaqişəsi haqda kitab çap etdiklərini söylədi: “Kitabı həm Polşa mətbuatında, həm Seymində, həm də Senatda siyasətçilər arasında yaymışıq. Hazırda isəpolyak dilində “Azərbaycan: yüz sual, yüz cavab“ adlı bir kitab hazırlayırıq. Bütün bunlar isə informasiya hücumunun tərkib hissəsidir“. Polşa parlamentinin qondarma erməni soyqırımını tanıması məsələsinə də toxunan diplomat bunun gözlənilmədən və heç bir hazırlıq işi aparılmadan baş verdiyini dedi: “Onlar bu addımı Avropa Birliyinin məsləhəti ilə atdıqlarını bildiriblər. Amma indi Polşa Türkiyənin Avropa Birliyinə daxil olması üçün açıq şəkildə bu ölkəni dəstəkləyir. Yəqin ki, bununla səhvlərini düzəltmək istəyirlər“. Xocalı soyqırımının tanınması üçün hər hansı cəhdlərin göstərilməsinə gəlincə, V.Quliyev qeyd etdi ki, bu soyqırım hətta qardaş Türkiyədə belə tanınmayıb. Soyqırımın tanıdılmasının uzun bir proses olduğunu deyən səfirin fikrincə, bu işi görmək üçün çox mərhələlərdən keçmək lazımdır. V.Quliyev Polşa arxivlərində Azərbaycanla bağlı çox maraqlı materialların olduğunu da söylədi. “Abbasqulu ağa Bakıxanov bir neçə ay Polşada yaşayıb və özünün bir sıra əsərlərini orada yazıb. İsmayıl bəy Qutqaşınlı da Polşada yaşayıb və özünün məşhur “Rəşid bəy və Səadət xanım“ əsərini orada çap etdirib. 1920-ci illərdə Azərbaycan ordusunun bir qrup zabiti Polşada xidmət edib, onların sırasında polkovnik rütbəsinə qədər qalxanlar olub. Məhəmməd Əmin Rəsulzadə də bu ölkədə mühacirət həyatı yaşayıb, orada “Qurtuluş“ jurnalını dərc edib. Yəni demək istəyirəm ki, bu ölkədə Azərbaycan icmasının kifayət qədər zəngin tarixi var. Və bu tarixi öyrənmək lazımdır“. V.Quliyev onu da əlavə etdi ki, səfirliyin xətti ilə bir sıra materiallar Azərbaycan dilinə tərcümə edilib. Eyni zamanda, XIX əsrdə sürgün olunmuş polyaklar Azərbaycan haqqında çox gözəl tarixi-etnoqrafik səciyyəli əsərlər yazıblar. Səfir həmin əsərləri yaxın gələcəkdə bir almanax halında toplayıb çap etdirmək istəyir. Onun sözlərinə görə, orada elə məlumatlar var ki, onlar Azərbaycanda saxlanmayıb.

Sevil


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019