“İran azərbaycanlıları ilə bağlı edilən çıxışlar Azərbaycanın xeyrinə deyil“

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
İslam dünyasındakı inqilablardan sonra hələ də dövlətlər müsbət bir nəticəyə nail olmayıblar. Türkiyənin Fələstinə dəstək verməsi və müsəlman dünyasının liderinə çevrilməsi dünya mətbuatının gündəmindən düşmür. Qəzzaya gedəcək növbəti gəmilərin Türkiyə donanması tərəfindən müşayiət ediləcəyi ilə bağlı açıqlamalar isə maraqlı mənzərə yaradıb. Bununla yanaşı, Türkiyə qərblə şərq arasında balanslaşdırılmış siyasət yürüdür. İranla normal münasibətlər quran Türkiyə, eyni zamanda, ABŞ-a öz ərazisində raketdən müdafiə radarlarının yerləşdirilməsinə icazə verib. Artıq dünən İran prezidenti məsələyə kəskin münasibət bildirərək Ankaranı sərt tənqid edib. Bütün bu məsələlərlə bağlı İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani ilə söhbətləşdik.
- İslam dünyasında baş verən olaylar demokratiyanın olmaması və onun yaratdığı fəsadlar ucbatından meydana çıxır. Burada qloballaşma dövrünün təsiri də özünü gostərir. Hakimiyyətlər zəifləyir, insanlar daha artıq məlumatlanır, öz haqqını daha çox bilir və onu daha artıq tələb edir. Bəzi dövlətlər demokratik islahatlara getmək istəmirlər. Onların arzulamadığı demokratik hərəkatları yatırmağa çalışırlar. Buna görə də gücdən istifadə edirlər ki, bu da əks effekt verir. Hakimiyyəti əldən vermə məqamına gələndə isə diktatorlar öz mənafelərini güdürlər və bu istiqamətdə addımlar atırlar. Xalqlar isə həmişəki kimi ikili standartlara məruz qalırlar. Müsəlman dünyasında baş verən son olyalara fərdi yanaşmaq lazımdır. Baxmayaraq ki, son 8 ayda əksər müsəlman ölkələrində ardıcıl olaraq oyanış hərəkatının sürətlənməsinin şahidi oluruq , keyfiyyət cəhətdən fərqli hadisələrlə üzləşirik. Bunun səbəbi isə həmin ölkələrin apardığı daxili və xarici siyasətlə, eləcə də dövlətin sistemi ilə bağlıdır. Enyi zamanda, qərb islam hökumətlərinin yaranmasından narahatdır. Ümumiyyətlə, mən islam ölkələrində gedən proseslərə xalqın mənafeyi baxımından müsbət yanaşıram. Eyni zamanda, demokratiyanın təhlükəylə üzləşməsindən nigaranam. Əlbəttə, xalq bütün səhnələrdə olmalıdır. Liderlər isə öz mənafelərini güdən və bunun üçün hər yola əl atan xarici qüvvələrdən qorunmalıdırlar. Bəzi liderlər isə səhv yolda olarsa, onun qarşısını xalq özu almalıdır. Bu prosesdə iqtisadi amilin böyuk rolu var. Xarici qüvvələr öz mənafelərinə görə müsəlman ölkələrinin infrastrukturunun dağılmasının tərəfdarıdırlar. Çünki onlara iş yeri açılır və gəlir mənbəyi əldə edilir. Yəni proseslərə müdaxilə edən xarici qüvvələr ölkəni demokratikləşmək, yenidən qurmaq adı altında əslində xalqların haqqını əllərindən alırlar. Diktatorlar ölkələrdə xalqın səsini eşitməlidir və onların iştirakı ilə islahatlar aparmalıdırlar ki, xarici qüvvələrə ehtiyac qalmasın.
- Türkiyə ilə İsrail arasında yaşanan problemlər barədə nə deyə bilərsiniz? Türkiyə bəyan edib ki, Qəzzaya gedəcək gəmiləri hərbi donanma muşayiət edəcək. Sizcə İsrail yenə gəmilərə hücum edə bilərmi?
- Mənim fikrimcə, İsrailin imkanları getdikcə daralır. İslam dünyasında gedən proseslərdən sonra İsrailə qarşı təzyiqlər daha çox artırılacaq. Amma bu durumda güman etmirəm ki, Türkiyənin hərbi donanması Qəzzaya gedən gəmiləri muşayiət etsin. Əlbəttə Türkiyə bu addımı atarsa, İsrail hücuma keçməyəcək. Əslində bu mürəkkəb məsələdir. Güman edirəm ki, BMT-nin Təhlükəsizlik Şurası bu məsələyə ciddi yanaşacaq və hərəkətə keçəcək. Bu qarşıdurmanın yaranması 3-cü dünya müharibəsinin başlanması demək olardı.
- Türkiyə ilə İsrail arasında olan gərginlikdən daha çox hansı ölkə itirəcək?
- Təbii ki, İsrail daha çox itirəcək. Türkiyə böyük dövlətdir və son zamanlar sürətlə inkişaf edir. Bir sıra məsələlərdə isə İsrailin Türkiyəyə daha çox ehtiyacı var.
- İranla Türkiyənin münasibətləri normal gürünür. Amma Türkiyə öz ərazisindən Amerikaya raketdən müdafiə radarlarının yerləşdirilməsinə icazə verdi. Bundan sonra Türkiyə İran münasibətləri necə olacaq?
- Türkiyə NATO-nun üzvüdür və bu təşkilatın bazaları Türkiyə ərazisində yerləşir. Demək istəyirəm ki, bu yeni məsələ deyil. Ankaranın NATO qarşısında öhdəlikləri var. Radarlar da məncə hücum xarakterli deyil. Bu radarlar antiraket sisteminin bir hissəsidir. Qalan hissələri də Rumıniya və Polşada yerləşəcək. Əlbəttə ardıcıl bu işlər aparılır ki, 2020-ci ilə qədər təkmilləşsin. Məncə Amerika Rusiyaya qarşı bu sistemi qurur, İran bəhanədir. Ruslar İranı qızışdırmağa çalışırlar ki, rəsmi Tehran büdcəsindən buna qarşı pul xərcləsin. Əslində ABŞ və ərəb ölkələri islam dünyasına yaxınlaşsalar daha çox qazanarlar. Ankara-Tehran münasibətlərində isə məncə, o qədər də problem yaranmayacaq. Onsuz da İranla Türkiyənin xarici siyasətlərindəki fərq az deyil. Sadəcə, istiqamətlər fərqlidir. Türkiyə əslində Amerika və qərblə münasibətlərini qorumalıdır. Türklər balanslaşdırılmış siyasət yürüdürlər. Bir tərəfdən NATO-ya öz ərazisində raketdən müdafiə radarları yerləşdirməyə icazə verir, digər tərəfdən də İsrailin qarşısına çıxırlar. İsraildən tələb edirlər ki, Türkiyə xalqından üzr istəsin və ölənlərin ailələrinə təzminat ödəsin, Qəzzanın mühasirəsinə son qoysun və sair. Yəni Türkiyə eyni zamanda həm Amerikaya, həm də İsrailə qarşı çıxa bilməz. Düzdür, soyuq müharibə dövrü bitib və şərq-qərb blokları yoxdur. Amma islam-xristian dünyası var. Türkiyə də hər iki dünyadan bəhrələnmək istəyir.
- İsrailə beynəlxalq basqılar artıb. İsrailin bu durumu ölkə üçün nə vəd edir? Qərb dəyişib, yoxsa bu da növbəti siyasi oyundur?
- İsrailə olan basqılar siyasi oyuna bənzəmir. İsrail böyük problemlərlə üz - üzədir. Qərb və Amerika çalışır ki, müsəlman ölkələrində gedən proseslərə İsrailin xeyrinə təsir göstərsin. Amma nə qədər ki, xalq hərəkatları davam edir, bu istiqamətdə real bir şeyə nail olmaq çətindir.
- Azərbaycanlı millət vəkili Qənirə Paşayeva İran azərilərinin ana dili problemini Avropa Şurasında qaldırıb. Buna münasibətiniz necədir? Bu addım hansısa müsbət nəticələr verə bilərmi? Deputatın bu addımı İran-Azərbaycan münasibətlərini “soyutmaz“ ki?
- Avropa Şurasında, yaxud ona bənzər qərb təşkilatlarında bir nəticə olsaydı, elə birinci Qarabağ münaqişəsi həll olunardı və Azərbaycanın ərazi bütövlü təmin edilərdi. Qənirə xanım və başqaları dəfələrlə Qarabağ probleminin həlli ilə bağlı da belə çıxışlar ediblər. Amma nəticə əldə edilməyib. Məncə İran azərbaycanlıları ilə bağlı edilən çıxışlar Azərbaycan Cümhuriyyətinin xeyrinə deyil. Belə olduqda ən azı Ermənistan-İran münasibətləri daha da güclənəcək.
Əli Zülfüqaroğlu
Oxunma sayı 80