Jalüzlər hərəkət təhlükəsizliyi üçün problem yaradan vasitələr kateqoriyasından çıxarılsın - Təklif

16:14 18.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi son günlər Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka vurulmasına cərimə yazılmasının ləğvi nəzərdə tutulub. Bu xəbər insanlar arasında çaşqınlıq yaratsa da, açıqlamadan məlum olur ki, söhbət bu cərimələrin müddətli olaraq ləğvindən gedir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həqiqətən də son günlər belə şaiyələr yayılmaqdadır, lakin bunun heç bir əsası yoxdur:

“Hansısa cərimənin ləğvindən söhbət gedə bilməz. Sadəcə olaraq, mayın 1-dən noyabrın 15-dək minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanan ötüklərin çəkilməsinə icazə verildiyi üçün bu əmələ görə cərimə yazılmır. Digər hallarda, yəni tünd örtüklər, eləcə də plyonka vurulduqda sürücülər məsuliyyətə cəlb olunacaqlar. Sürücülərə müraciət edərək bildiririk ki, yayılan şayiələrə inanmasınlar, qanun dəyişməyib, qaydalara əməl etmək lazımdır”.

Bununla bağlı millət vəkili Fazil Mustafa da öz sosial hesabında fikir bildirib. O, qeyd edib ki, avtomobillərin jalüzləri və örtükləri ilə bağlı problemlər bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib: “Yaxşı oldu ki, Daxili işlər naziri Vilayət Eyvazov və Yol polisinin rəisi Ramiz Zeynalov vətəndaşların durumunu nəzərə alaraq bu istiqamətdə addım atdılar. Ağıllı qərardır və buna görə cərimələrin tətbiq olunmaması doğrudur. Ümumilikdə isə jalüzləri və örtükləri hərəkət təhlükəsizliyi üçün problem yaradan vasitələr kateqoriyasından çıxarmaq lazımdır. İfrata varmadan ümumi standartlarda sürücülərin bu vasitələrdən il boyu istifadə etməsini məhdudlaşdırmaq olmaz”.

Bəs bu cərimələrin ləğvi sürücülərdə susi-istifadə hallarının artmasına səbəb olacaqmı və hansı sosial problemlərin yaranmasına gətirib çıxara bilər?

Hafta.az-a bu barədə danışan sosioloq Əhməd Qəşəmoğlu dedi ki, plyonkaların əsas məqsədi yayda günəş şualarından qorunmaq idi:

“Sonra da nəzərdə tutulmuşdu ki, günəşli günlər bitəndən sonra plyonkalar söküləcək. Görünən odur ki, bu məsələyə də hansısa insanlar təsir edib. Bu qanunu kim qəbul edibsə, arxasındakı mənanı tapmaq çətindir. Kimlərsə bunu istəmir. Arxada əyləşən insanın kim olacağını təyin etmək çətindir. Çox da şişirtmək lazım deyil. Qorxulu adam adi halda maskalanmış şəkildə də gedə bilər”.

Ümumiyyətlə DYP tərəfindən bir müddət öncə "sarı zolaq" qaydasını pozan sürücülərin cərimələri də ləğv edilmişdi. İndi sürücüləri maraqlandıran sual budur ki, belə təcrübə daha hansı növ cərimələrə tətbiq oluna bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, cərimələr inzibati xətalara görə tətbiq olunur və gələcəkdə də hansısa cərimələrin ləğvi fəsadlara gətirib çıxara bilər: “Bu gün əksər sürücülərin il ərzində sürət həddini pozduğuna görə bir neçə cəriməsi olur. Ona görə də aidiyyəti strukturlar tərəfindən müəyyən olunmuş qaydada onlara inzibati cərimə sanksiyası tətbiq olunur və bu cərimə ödənilməlidir. Müşahidə apardıqda görünür ki, kifayət qədər avtomobil inzibati xətaya yol verib və bu səbəbdən ödənilməyən bir neçə milyonluq cərimələr var. Cərimənin həcmi ilə yanaşı burada sürücü məsuliyyəti də var. Faktiki olaraq bu cərimələr sürücü məsuliyyətini dərk etməyən və sürət həddini aşanlara qarşı tətbiq edilir. Bizim avtomagistral yollarda çoxsaylı yol-nəqliyyat hadisələri baş verir ki, onların da çoxu  bilavasitə sürət həddinin aşılması ilə bağlıdır. Sürət həddini aşılması ilə bağlı olan inzibati xəta il ərzində baş verən yol-hərəkəti qaydalarını pozulmasının yarısını təşkil edir. Nəticə etibarı ilə istər-istəməz insanlar bu kimi xətalara yol verirlərsə bunun da məsuliyyətini dərk eləməlidirlər ki, bu xəta törədildisə hansı fəsadlara gətirib çıxara bilərdi?”