Jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi

17:20 10.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə  dekabrın 10-da Bakı   şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans  keçirilib.

Hafta.az xəbər verir ki, konfransa KİV və QHT təmsilçiləri, internet fəalları qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub.

JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki,  konfransın  keçirilməsində məqsəd informasiya təhlükəsizliyi ilə bağlı məsələləri aktual saxlamaq olub:

“İnformasiya təhlükəsizliyi dünyanın trend mövzularındandır. Ölkə  jurnalistlərini,  internet üzərindən xəbər yayan informasiya istehsalçılarını  beynəlxalq səviyyəli  təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə  biliklərini artırmaq günün zəruri məsələlərindəndir.  Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Konfransın gedişində  həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də  xəbərin məzmun  təhlükəsizliyi barədə müzakirələr keçirildi”.

Müşfiq Ələsgərli qeyd edib ki, konfransda  həmçinin, yayılan informasiyaların məzmununa  görə yaranan hüquqi məsuliyyət məsələsi də müzakirə edilib:

“İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri  sırasındadır. Konfransda  sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən    informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”. 

JuHİ üzvü, beynəlxalq TOT təlimlərində  iştirak etmiş  Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri konfrans  iştirakçıları ilə bölüşüb. Əməkdar jurnalist Azər Həsrət, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Eçin Mirzəbəyli, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev və digər çıxışçılar informasiyanın və informasiya  istehsalçılarının təhlükəsizliyi yönündə maraqlı təcrübələrini bölüşüblər.

Tədbirin sonunda bir sıra jurnaistlərə “Beynəlxalq media vəsiqəsi” təqdim edilib.

Oxunma sayı 35