“Kadr islahatları hökümət komandasına yeni nəfəs gətirir” - Ekspert 

15:35 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hesab edirəm ki, dəyişimlər vacib və zəruridir. Bir şəxs 20-25 il vəzifədə ola bilməz. Bir nəfərin 20-25 il vəzifədə olması ətrafındakı hər kəsin ondan asılı olması vəziyyətinə gətirib çıxarır. Əslində 20-25 il vəzifədə olmaq adamın özünə də narahatlıq yaratmalıdır. O mənada ki, sən 20 ildir bu vəzifəni daşıyırsan, amma heç bir yenilik yoxdur. Bu mənada dəyişikliklər və kadr islahatları bütün hallarda yaxşıdır”. Bunu hafta.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib. Onun sözlərinə ölkə başçısının həyata keçirdiyi kadr islahatları hökümət komandasına yeni nəfəs gətirir.

Ekspert onu da vurğulayıb ki, kadrların tez-tez dəyişməsinin müsbət cəhətləri çoxdur: “İndi yeni vəzifələrə təyinat alanlar arasında orta və yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənc nəslin nümayəndələri də var. Bu müsbət haldır. Lakin burada bir məsələ var ki, əgər yeni kadrlar əvvəlki iş metdoları ilə çalışsalar, heç bir müsbət irəliləyiş əldə edə bilməyəcəklər. Çünki ölkədə yeni iş yerləri açılmalıdır, rayonlara çoxlu sayda investisiya cəlb olunmalı, vətəndaşların problemləri vaxtında həll edilməlidir və s. Prezidentin də tələbi odur ki, bu kadrlar ölkədə yenilik etsinlər. Yenilik də odur ki, xalqın qarşısına çıxa bilsinlər, insanların tələbini yerinə yetirsinlər. Təbii ki, insanların sosial problemlərinin həlli də böyük əmək tələb edir. Əhalini tez-tez qəbul etmək, onların dərdlərinə şərik olmaq da mühümdür. Çünki əhali gəlir öz problemlərini deyir və həll olunmursa, hakimiyyətə müəyyən ümidsizlik, etibarsızlıq yaranır. Bəzən yerli məmurlar yerlərdəki problemləri ört-basdır etməyə çalışırlar. Yeni icra başçıları bu məsələlərin öhdəsindən gəlsələr, əlbəttə müsbət irəliləyişlər olacaq. Prezident də vəzifəyə yeni təyinat alan məmurlarla görüşündə əsas bu məsələləri qabartdı və bildirdi ki, öz mənafeyini güdən, vətəndaşın müraciətinə biganə yanaşan, əyri yolla işləyən məmur ciddi şəkildə cəzalandırılacaq. Hesab edirəm ki, bu həm indi, həm də bundan sonra vəzifəyə təyinat alacaq məmurlar üçün olduqca ciddi bir mesajdır”.

Siyasət rubrikasından digər xəbərlər