Karantin dövründə musiqi və idman məktəbləri də fəaliyyətini bərpa edir

10:57 15.09.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gündən Azərbaycanda yeni tədris ili başlayır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, pandemiya şəraitində təhsil müəssisələri qismən də olsa, əyani formada fəaliyyətlərini bərpa edəcəklər. 

Belə ki, hökümətin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qərarına əsasən, məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən; 1.2. ümumi təhsil müəssisələrində: 1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən; 1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən; 1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən; 1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən; 1.2.5. ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən; 1.3. peşə təhsili müəssisələrində: 1.3.1. qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən; 1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən; 1.4. ali və orta ixtisas təhsili müəssisələrində: 1.4.1. I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən; 1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən; 1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə əyani formada təhsil bərpa ediləcək.

Yeri gəlmişkən, həmin siyahıda uşaq gənclər idman məktəblərinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı hansısa təlimat yoxdur. Halbuki valideynlərin əksəriyyəti dərsdən sonra uşaqlarının asudə vaxtlarının səməli təşkil olunması məqsədilə övladlarını ya musiqiyə, ya da müxtəlif idman növlərinə - şahmat, gimnastika və s. yönəldildilər.

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, uşaqların asudə vaxtının səmərəli təşkil olunmasında əlavə məşğələlərin böyük əhəmiyyəti var.

Onun sözlərinə görə, pandemiya şəraitində bu profilli təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması mümkündür: “Məlum olduğu kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qərarı var. Həmin qərarda təhsil müəssisələrinin hansı formada fəaliyyət göstərəcəyinin detalları qeyd olunub. Hesab edirəm ki, uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri ilə yanaşı, uşaq gənclər idman məktəblərinin də fəaliyyətinə icazə verilməlidir. Bu prosesi karantin qaydalarına riayət etməklə, sosial məsafəni qorumaqla, maska taxmaqla təşkil etmək olar. Belə olan təqdirdə uşaqlar asudə vaxtlarını daha səmərəli keçirəcəklər”.

Məsələyə Gənclər və İdman Nazirliyindən də münasibət öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova hafta.az-a bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə karantin dövründə idman qurğularında hər hansı fəaliyyətə məhdudiyyət qoyulub.

Mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qərarına əsasən, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə əyani formada təhsil bərpa ediləcək:

“Həmin qərarda Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusi karantin rejimi dövründə Azərbaycan 3 Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılmışdı. Biz də müvafiq təklifləri hazırlayaraq Təhsil Nazirliyinə təqdim etmişdik. Daha sonra Təhsil Nazirliyində həmin təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuşdu. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə 10 sentyabr 2020-ci il tarixli qərarına əsasən, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində əyani formada dərslər bərpa olunacaq. Həmin qərarın 4.5.6 bəndinə uyğun olaraq uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqədir”.

Oxunma sayı 2429