Karantini pozan mer polisin qorxusundan tabuta girdi - Günün təzadları

21:16 22.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Perunun Tantara şəhərinin meri Xayme Ronaldo Urbina Torres içkili vəziyyətdə karantin rejimini pozdu.

Hafta.az Musavat.com-a  istinadla xəbər verir ki, hadisə mayın 21-də axşam baş verib. Ölkədə tətbiq edilən karantin rejimində dostları ilə içki məclisindən qayıdan şəhər meri polisin reyd keçirdiyini görüb. İçkili olduqlarını polisin bilməməsi üçün mer və dostları tabutun içərisinə girərək özlərini ölmüş kimi qələmə veriblər. Əvvəlcə polis onların koronavirusdan öldüklərini zənn edib. Tabutların polis məntəqəsinə gətirilməsindən sonra bütün gerçəklər üzə çıxıb. Şəhər merinin üzündə maska tabutda uzanmış vəziyyətdə fotoları ölkə mətbuatında yayımlanıb.

Qeyd edək ki, Peru Prezidenti Martin Viskarra ölkədə karantin rejimini mayın 24-dək uzadıb.

 

Şabranda 11 yaşlı oğlan yelləncəkdə boğulub öldü

Şabranda bədbəxt hadisə baş verdi.

Hafta.az  yazır ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2009-cu il təvəllüdlü Əli Məlikli yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb. Azyaşlı Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bir kəndin komet partlamasından yoxa çıxdığı bilindi

12 min 800 il əvvəl atmosferdə partlayan kometin Suriya ərazisindəki Əbu Hüreyra kəndini məhv etdiyi üzə çıxdı.

Hafta.az xəbər verir ki, bu barədə “Nature” nəşrində məqalə dərc olunub. Arxeoloqlar partlayış nəticəsində dünyanın hər tərəfinə səpələnən alov yağışı nəticəsində yaranan ərimiş şüşədən ibarət kürələr tapıblar. Tapılan kürələrə əsasən, kometin partlaması ilə Əbu Hureyra kəndinin böyük bir hissəsinin məhv olunduğu qənaətinə gəlinib.

 

Oğuzda itkin düşən 12 yaşlı uşağı ayı parçaladı

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində itkin düşən 12 yaşlı oğlanın meyitinin qalıqları tapıldı.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, kəndin yaxınlığındakı meşəlik ərazidə 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin sümükləri aşkarlanıb. Ötən gün axşam saatlarında isə oğlanın velosipedi həmin yerin yaxınlığında aşkar edilmişdi.

Kənd sakinlərinin bildirdiyinə görə, ərazidə ayılar sıx yaşayır və 12 yaşlı Cəbrayılı də ayı parçalayaraq öldürüb.

Bundan   əvvəl Cəbrayıl Vüsal oğlu Məmmədovun bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmaması haqda məlumat yayılmışdı.

 

Göygöldə qardaş 68 yaşlı bacısını döydü

Göygöl rayonunda yaşlı qadın döyüldü.

Hafta.az yazır ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb. Kənd sakini, 68 yaşlı F.Həsənova qardaşı tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan yaşlı qadın xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

 

Saatlıda 44 yaşlı kişi hasarın altında qalıb öldü

Saatlı sakini daş hasarın altında qalaraq dünyasını dəyişdi.
Hafta.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarıcalar kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Cəfərov İlqar Ağalar oğlu yaşadığı evin hasarını hörən zaman hasar uçub. İ.Cəfərov hasarın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.