Muronun oxşarı da Azərbaycanda imiş

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Amma onun Qarabağ döyüşlərində ləqəbi “Koroğlu“ olub

“Qurdlar Vadisi Pusu“nun ən xoşagələn, yaddaqalan və ciddiliyi ilə yanaşı komikliyi də tamaşaçıların dərin rəğbətini qazanan obrazlarından biri də Murodur. Xatırladaq ki, bu rolun aparıcısı Türkiyənin məşhur aktyoru Mustafa Üstündağdır və o, bu günədək çoxsaylı tamaşalarda və filmlərdə müxtəlif obrazları canlandırıb. Bir neçə gün öncə öyrəndik ki, adıçəkilən aktyorun Azərbaycanda oxşarı var və bu, Nicat Xanışovdur. Üstəlik, M.Üstündağın apardığı rolun “Qurdlar Vadisi Pusu“ macərası bitsə belə N.Xanışov oxşarlıqla bərabər xasiyyətlərinə, xarakterlərinə və davranışlarına görə türk aktyorunun digər rollarının adı ilə deyil, məhz Muro adıyla məşhurlaşıb. Ona görə də həmyerlimizi redaksiyamıza dəvət edib onunla həmsöhbət olduq.

- Öncə özün barədə oxucularımıza məlumat verməyini istərdim.
- 1972-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində doğulmuşam. Orta məktəbi yaxşı və əla qiymətlərlə bitirmişəm. SSRİ Silahlı Qüvvələrində xidmət etmişəm. 1991-ci ildə hərbi xidmətimi bitirib Azərbaycana qayıdanda Milli Ordumuz yenicə yaranırdı və həmin vaxtlarda mən də könüllü olaraq ordu sıralarına yazıldım. 15 gündən sonra ilk dəfə olaraq Ağdərə uğrunda gedən döyüşlərdə avtomat gülləsindən yaralandım. Gəncə şəhərindəki hospitalda müalicə olunduqdan sonra yenidən orduya qayıtdım. Bu dəfə Murov dağına üz tutdum. Orada Bərdə batalyonuna bələdçilik etməyə başladım. Yəni batalyondan 20-25 metr öncə özüm tək gedirdim, hər şeyə nəzarət edirdim. Komandir həmişə mənə köməkçi kimi bir neçə əsgər qoşmaq istəsə də, razılaşmamışdım. Çünki bələdçilik etdiyim yerləri əvvəllər qarış-qarış gəzdiyimdən çox gözəl tanıyırdım. Bu səbəbdən də bələdçiliyim öz bəhrəsini verirdi. Yəni özümüzə düzgün və hərtərəfli mühafizəli döyüş mövqeyi seçdiyimiz üçün dəfələrlə iştirak etdiyimiz döyüşlərdə necə deyərlər, kimsənin burnu qanamırdı. Nə qədər ağır döyüş olsa belə yenə də hamımız sağ-salamat qalırdıq. Amma bir müddətdən sonra Murov dağa şaxta düşdü və mənimlə bərabər bir neçə əsgərin və zabitin ayaqlarını don vurdu. Bizi hospitala gətirdilər. Başqa çıxış yolu qalmadığından mənimlə birgə gələnlərdən bəzilərinin don vurmuş ayaqlarını kəsdilər. Yerdə qalanların ayaqlarını isə müalicə etdilər. Ayaqlarım normal işləməsə belə yenidən döyüşə qayıtdım. Ən ağır döyüşlərdə iştirak etdim. 1995-ci il idi. Atəşkəslə bağlı danışıqlara yenicə başlanılmışdı. Həmin vaxt döyüşdən qayıdıb kazarmadakı çarpayılarımızda uzanmışdıq, istirahət edirdik. Birdən kazarmada gözümə alov dəydi. Sonra gözümü hospitalda açdım. 6 ay ərzində nə eşidə, nə də danışa bildim. Sonradan öyrəndim ki, kazarmamıza top düşüb. Sağaldıqdan sonra bizi ordu sıralarından ehtiyata buraxdılar. Həmin vaxtdan üzübəri paytaxtda və Bakıətrafı ərazilərdə, eləcə də respublikamızın ayrı-ayrı bölgələrində qaynaqçı kimi çalışmışam və hazırda da bu peşəmi davam etdirirəm.
- Eşitdiyimə görə, döyüşçü yoldaşların sənə “Koroğlu“ ləqəbi vermişdilər...
- Doğrudur. Bu ləqəbin yaranma tarixçəsi çox maraqlıdır. Öncə deyim ki, hələ şagird ikən bığım-saqqalım var idi. Bəzən direktorumuz deyirdi ki, üzünü səliqəyə sal, məktəbə yoxlama gəlir. Mən də üzümü qırxardım. İndikindən fərqli olaraq döyüşdüyüm vaxtlarda həm saqqalım uzun idi, həm də eşmə bığ saxlayırdım. Üstəlik döyüşə həmişə ilk atılanlardan biri məni idim. Ona görə də hansı döyüş bölgəsində oldumsa döyüşçülər yaxşı döyüşməyimə, həm də bığ-saqqalıma görə mənə “Koroğlu“ deyirdilər. Ordudan tərxis olunduqdan sonra bığ-saqqalımı qaydasına saldım. Amma qaynaqçı olduğum üçün yenidən bığ-saqqal saxlamağa başladım ki, qaynaq işi görəndə onun istisi sifətimin dərisini yandırmasın və üz dərim qabıq verməsin.
- Muronun azərbaycanlı oxşarı olduğunuzu öyrənəndə hansı hissləri keçirdiniz?
- Etiraf edim ki, “Qurdlar Vadisi Pusu“nu izləmədiyimdən Murodan xəbərim yox idi. Qaynaq işi ilə əlaqədar müxtəlif yerlərdə olanda görürdüm ki, ətrafdakılar mənə qəribə baxırlar. Əvvəllər elə bilirdim ki, bığ-saqqala görə insanların qınaq subyektinə çevrilmişəm. Ətrafdakıların məni belə süzmələri çox acığıma gəlirdi. Çünki mən onlara baxmadığım halda, bu qədər baxışların mənim üzərimdə cəmləşməsini anlamırdım. Bir dəfə bir həyətdə qaynaq işiylə məşğul olanda gördüm ki, evin yiyəsi digər qonşulara gizlicə hay saldı və hamı mənə tamaşa etməyə toplaşdı. Əsəbiləşdim. Onlardan soruşdum ki, hansı qəbahətin sahibiyəm ki, məni belə ələ salırlar. Bir qadın dedi ki, səni kiməsə oxşadırıq. Mən də dedim ki, mən kəlbəcərliyəm, adım Nicatdır, özüm də yalnız qardaşlarıma oxşayıram. Ola bilər onları görmüsünüz, məni qardaşlarımla dəyişik salırsınız. Qadın dedi ki, biz səni hər gün televiziyada görürük. Mən də buna əhəmiyyət vermədim. Sonralar məni harda görürdülərsə, deyirdilər ki, Muro gəlir, bu, Muronun oxşarıdır və sair. Məni maraq bürüdü və mən “Qurdlar Vadisi Pusu“nu izlədim. Gördüm ki, həqiqətən də təkcə sifət cizgilərimə görə deyil, həm də hərəkətlərimə, danışığıma, zarafatçılığıma və davranışlarıma, eləcə də mahnı ifa etmək bacarığıma görə Muroya çox bənzəyirəm. Yəni Muronunku kimi mənim də gülər üzüm də var, sərt üzüm də. Ona görə də mənə “Muro“ deyənləri qınamadım. Hətta elə yerlərdə olmuşam ki, Nicat olduğumu sübut etsəm belə mənə inanmayıblar. Mənə elə hey “Muro“ deyə müraciət ediblər. Mən tək, “Muro“ deyənlər çox. Azlıq çoxluğa tabe olduğundan mən də bu ləqəbdən boyun qaçıra bilmirəm.
- Telekanallardan və mətbuat orqanlarından sənə müraciət edərək müsahibə almaq istəyənlər olub. Amma etiraz etmisən. Səbəbini bilmək olarmı?
- Vallah, bu Muro başıma bəla olub. Hara gedirəmsə, məni öz adımla çağıran olmur. Hamı mənə “Muro“ deyir. Mənə o qədər atmaca atan olub ki, sayı-hesabı bilinmir. Hətta bir dəfə Kürdəxanıda olanda bir oğlan mənə atmaca atdı: “Ulan, Muro, ne yapıyorsun şurda?“ Mən də ona “Ulan, kapat çeneni“ dedim və çıxıb getdim. Kənd-kəsək olsa adamların gözündən yayınmaq üçün at, ya eşşək minib başqa yolla mənzilbaşına birtəhər getmək olar. Amma Bakıda gizlənmək mümkün deyil. Oxşarlıq üzündən camaatdan uzaqlaşmaq istəmişəm. Mən çalışıram ki, hər kəs məni Muro kimi yox, Nicat kimi tanısın. KİV-lərə müsahibə verdikdən sonra daha çox insanın məni tanıyacağından ehtiyat etdiyim üçün mətbuatdan və telekanallardan da qaçmışam. Hətta bir dəfə jurnalistlər iş yerimə gəlmişdilər. İş yoldaşlarım məni çağırdılar ki, bəs yeni iş var gəl sən həll et. Şübhələndim, amma getdim. Gələnlərin jurnalist olduqlarını öyrənəndə onlara Muronun oxşarı kimi başımın bəlalar çəkdiyini söylədim və müsahibə verməyəcəyimi bəyan etdim. Onlar da çıxıb getdilər. Amma bir neçə gün öncə fikrimi dəyişmək qərarına gəldim və KİV nümayəndələrinin təkliflərini dəyərləndirməyi düşündüm. Çünki Barak Obamanın azərbaycanlı oxşarı Asif Mustafayev mənə dedi ki, “Muro“nun oxşarı kimi Türkiyədə və digər ölkələrdə tanınmaq Azərbaycan üçün yalnız başucalığı ola bilər. Mən vətənpərvər bir insanam, ağrılı, əzablı və keşməkeşli döyüş və həyat yolu keçməyim də vətənpərvərliyimlə əlaqədardır. Ona görə də Asif bəyin xahişini yerə salmadım və uzun zamandan bəri ilk dəfə olaraq “Həftə içi“nə müsahibə verirəm. Digər KİV-lərin nümayəndələrini də intizarda qoymaq istəmirəm. Nə zaman istəsələr, müsahibə və ya açıqlama verməyə hazıram.
- Gerçək Muro qadınlar tərəfindən çox sevilən bir obrazdır. Bəs xanımlarımız oxşar Muronu necə qəbul edirlər?
- Vallah adamın deməyə dili gəlmir. Mənə ən çox diqqət yetirən elə xanımlardır. Hətta onlardan bəziləri məni çay dəstgahına, restorana, kafeyə və başqa yerlərə dəvət ediblər. Amma qəbul etməmişəm.
- Mustafa Üstündağ hazırda Bakıdadır və “Qaranlıqlar çiçəyi“ adlı bir seriala çəkilir. Onunla görüşmək istərdinizmi?
- Təbii ki, onu daha yaxından tanımaq, söhbətləşmək və hətta dostlaşmaq üçün görüşmək istərdim. Amma adını çəkdiyiniz teleserial çəkilişi üzündən görüşümüz alınmayacaq. Gələcəkdə bunun mümkün olub-olmayacağını isə zaman göstərər.
- “Qurdlar Vadisi“dən yaxşı tanıdığımız Polad Aləmdarın, Memati Başın, Abdülhey Çobanın və digərlərinin də azərbaycanlı oxşarları var. Onlarla birgə film layihəsi həyata keçirmək istərdinmi?
- Poladın oxşarı Tural Əsgərovla və Abdülheyin oxşarı Ruslan Namazovla məni azərbaycanlı Barak Obama tanış edib. Ara-sıra zəngləşir və görüşürük. Digərləri ilə tanışlığım və əlaqəm yoxdur. Layihə məsələsinə gəlincə, bunu reallaşdırmaq üçün maliyyədən daha çox aktyorluq bacarığı və məsuliyyət hissi olmalıdır. Başqa sözlə, yazılmış ssenari üzrə rola ruhən hazır olmasan, bu rolla tamaşaçıya özünü və çəkiləcəyin filmi sevdirə bilməzsən. Mərhum sənətçimiz Mirzə Babayev mənə deyirdi ki, incəsənət insanın daxilindən gəlmirsə, onun damarlarında al qan olub axmırsa, bu, incəsənət deyil. Digər oxşarları deyə bilmərəm, amma mən bu işin öhdəsindən gələ biləcəyimə 100 faiz inanıram.
Təbriz Vəfalı
Oxunma sayı 120