Azərbaycan skripkaçısı Avropa Mədəniyyət Parlamentində

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Avropanın mədəniyyət paytaxtı seçilmiş Macarıstanın Peç şəhərində Avropa Mədəniyyət Parlamentinin 10-cu sessiyası keçirilir. Üç günlük sessiyada Avropa Şurasının üzvü olan ölkələri təmsil edən qurumun 120-dək üzvü, o cümlədən həmvətənimiz skripkaçı Sabina Rakçeyeva iştirak edir. Avropa Mədəniyyət Parlamenti 2001-ci ildə Strasburqda yaradılıb. Parlamentin məqsədi Avropada mədəniyyətə dair ideya və təşəbbüslərin rolunu gücləndirmək, xalqlar arasında mədəni dialoqu stimullaşdırmaqdır. Bu il parlamentin sessiyası Peç şəhərinin Avropanın mədəniyyət paytaxtı seçilməsi münasibətilə məxsusi inşa edilmiş və macar bəstəkarı Zoltan Kodayın adı verilmiş möhtəşəm mərkəzdə keçirilir. İllik sessiya çərçivəsində keçirilən plenar iclaslarda yeni minillikdə mədəniyyət xadimləri qarşısında duran müxtəlif məsələlər müzakirə olunur. Sabina Rakçeyeva uzun illərdir ölkəmizi xaricdə uğurla təmsil edir. Bu yaxınlarda o, əsərlərinin və improvizasiyalarının yer aldığı UnVeiled solo albomunu buraxıb. Musiqi sahəsində qazandığı uğurlarla yanaşı, Londonda yerləşən Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) Mədəniyyət Məsələləri Şurasının üzvü olan Sabina Rakçeyeva TEAS-ın işində fəal iştirak edir. Hazırda London Universitetinin Şərq və Afrika tədqiqatları məktəbində dissertasiya üzərində çalışan Sabina Rakçeyeva Bakı Musiqi Akademiyasını, Nyu-Yorkda Culyard məktəbinin musiqi üzrə magistratura proqramını və Belçikada Gent Kral Konservatoriyasını bitirib.

Oxunma sayı 133