Kəlbəcər ərazisinə üçüncü yol çəkilməlidir – Kəlbəcər və Laçına hansı yollarla gedəcəyik?

12:06 27.11.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan 30 ildən sonra, öz ərazi bütövlüyünü bərpa etdi, indi isə vaxt gəldi çatdı, həmin bölgələrdə infrastukturun yenidən qurulması və bərpası prosesinə. Təbii ki, ilk olaraq, ərazilərin minadan təmizlənməsi və burada  təhlükəsizliyin tam təmin edilməsi başlıca məqsədlərdən biridir.

Bir ölkənin inkişafı və uğurlu gələcəyi üçün yol infrastukturunun düzgün və təhlükəsiz şəkildə təmin edilməsi olduqca vacib məqamdır. İşğaldan azad edilən ərazilərimizdə yol xətlərinin bərpası dedikdə isə, ortaya bir neçə sual çıxır. Görəsən bundan sonra Laçına və Kəlbəcərə avtomobillə getmək necə mümkün olacaq? Bunun üçün alternativ yollara ehtiyac varmı, varsa bu yol haradan çəkilə bilər?

Hafta.az mövzu ilə bağlı yaranmış bütün sualları nəqliyyat eksperti Ərşad Hüseynova ünvanladı.

Nəqliyyat eksperti saytımıza danışarkən söylədi ki,  alternativ yol məsələsi bir qədər çətin məsələdir, çünki, mövcud yolların istifadəsi və çəkiləcək yeni yol xətləri prosesin gələcək taleyindən asılıdır:

“Sovet dövründə Kəlbəcərin bütün kommunikasiyası, ora gedən yeganə asfalt yol, yüksək gərginlikli elektrik xətti, Ağdərə rayonu ərazisindən keçirdi. Məlumat üçün deyim ki, Laçından və Ömər aşırımından Kəlbəcərə yol var idi. Bu yollar da, Sovet dövründə sadəcə yaylaq yolu idi. Çobanlar yaylağa gedərkən istifadə edirdilər. 1988-ci ildən sonra, Kəlbəcər camaatı həmin o iki yolun ümüdünə qaldı. Bu səbəbdən də, həmin yolları azda olsa bərpa etmişdilər, təəssüflər olsun ki, Laçın işğal edildi və işlər yarımçıq qaldı”.

Ekspert bildirir ki, Kəlbəcərə gedən ən yaxşı yol, Ağdərə rayonunun ərazisindən keçəndir. Elə buna görə də, yaxşı olardı ki, həmin yoldan rahat istifadə təmin edilsin:

“Düşünürəm ki, prosesin sonrakı mərhələlərində rus sülhməramlıları ilə danışıb, həmin yolların təhlükəsiz istifadəsini təmin etmək lazımdır. Yəqin ki, belə də olacaq. Hal-hazırda Kəlbəcər rayonuna iki istiqamətdən giriş mümkündür. Bu gün Azərbaycan Ordusu hər iki yoldan istifadə edir, lakin, həmin yollar yaxşı vəziyyətdə deyil. Bunlardan biri,  Ömər aşırımından keçən, Toğana-Kəlbəcər yoludur, ikincisi isə, Daşkəsən rayonundan, Xaşbulaq kəndinə çatmamış, Qoşqar dağının ətəyi ilə gedən yoldur. Bu yol, Kəlbəcərin Lev kəndinə doğru gedir, sonra daha rahat yollar varki onlarla birləşir. Laçının şimal hissəsinə də çox güman ki, giriş elə buradan olacaq”.

Ə.Hüseynov fikrinə bəyanatdan sitat gətirərək davam etdi. Söylədi ki, Qubadlıdan Laçına gedən yol, dəhliz ilə kəsişsə də buradan istifadə etmək mümkün ola bilər:

“Bəyanatın şərtləri belədir ki, Laçın rayonunun bütün hissəsi tamamilə işğaldan azad edilməlidir. Ərazi tam azad edildikdən sonra, sadəcə 5 kilometrlik hissədə sülhməramlılar olacaq. Qubadlı istiqamətindən də, Laçına gedən yol həmin dəhlizlə kəsişir. Burada yəqin ki, Rusiya sülhməramlıları həm azərbaycanlıların, həm də ermənilərin bütün istiqamətlərdə rahat gediş gəlişini təmin edəcəklər. Bəyanatda yazılan bu cümləni xüsusi vurğulamaq istəyirəm ki, “Laçın dəhlizinin təhlükəsizliyini Azərbaycan tərəfi təmin etməlidir”. Bu da o deməkdir ki, orada bizim Sərhəd Qoşunlarımız, gömrük xidmətimiz olmalıdır. Yəqin ki, Qubadlı istiqamətindən sülhməramlılar insanların şəxsiyyət vəsiqələrinə, avtomobillərinə baxış həyata keçirərlər”.

Mütəxəssis onu da qeyd etdi ki, bölgənin sürətli inkişafı üçün, buraya yeni yolların çəkilməsi zəruridir.

“Bizim sovet dövründə buraxdığımız ən böyük səhv onda idi ki, Kəlbəcər rayonu ölkəmizin ən böyük  rayonlarından biri olduğu halda, oranın cəmi bir dənə kommunikasiya yolu var idi. Buna görə də, həm Murovdan, həm də, Daşkəsəndən gələn yollar təkmilləşdirilməlidir. Biz bu əraziləri inkişaf etdirmək istəyirik, bölgənin çox böyük iqtisadi və turizm potensialı, dağ-mədən sənayesi var. Bu səbəbdən də yaxşı olardı ki, Kəlbəcərə gedən birdən çox yüksək səviyyəli yollar olsun. Məhz Kəlbəcər ərazisinə üçüncü yol da mümkündür, hansı ki bu yol insanların daha yaxşı hərəkətini təmin edə bilər. Hazırda Kəlbəcərə gedən hər iki yol yüksək dağlıq ərazilərdən keçir, qış gəlməsə belə bu dəqiqə orada qarlı, buzlu hava müşahidə edilir. Üçüncü yolu da, Goranboy rayonunun cənub-qərb tərəfindən - Gülüstan kəndindən, Murovun ətəkləri ilə çəkmək olar. İndi orada yol yoxdur, meşəlik və dağ yamaclarıdır. Hazırda Şuşaya çəkilən yeni yol xəttlərinin ərazisi kimidir. Kəlbəcər rayonundan Ağdaban və Gülüstan kəndlərinə gedən yollar elə də rahat deyildi. Onları da bərpa etmək lazımdır. Ağdaban kəndindən keçərək, Goranboyla Kəlbəcəri birləşdirən yol tikilsə, ən böyük üstünlük bu olacaq ki, Bakıdan buraya məsafə qısalacaq və daha insanlar Murov dağın zirvəsi ilə deyil, ətəkləri keçib, rahat şəkildə gedə biləcəklər.  Təxminən 60-70 kilometrlik əsaslı yenidən qurma ilə gözəl yollar tikmək olar. Sadəcə olaraq, ordumuzun nəzarət etdiyi ərazilərə, relyefinə nəzər yetirmək lazımdır”.

Həm əhalinin  mənzil başına rahat çatmasını, həm də, bu ərazilərin hərtərəfli inkişafını nəzərə alsaq deyə bilərik ki, azad edilmiş ərazilərimizdə yeni yol xətlərinin çəkilməsinə ehtiyac var. Kəlbəcər və Laçına gediş gəlişi təmin etmək üçün isə yəqin ki, lazımi addımlar atılacaq. İnanırıq ki, qarşıda tarixi ərazilərimizi uğurlu inkişaf yolu gözləyir.

Oxunma sayı 1487