Kəndirbaz  fəal vulkan kraterinin üstündən keçdi - Günün təzadları

18:17 06.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ akrobatı Nik Vallenda kəndirlə Nikaraquada aktiv vulkan kraterinin üstündən keçdi. Hafta.az yazır ki, Rusiyanın “Zvezda” nəşrinin xəbərinə görə, bu zaman vulkan isti lava ilə yuxarı qalxıb. Çıxılmaz vəziyyətdə qalan gimnast huşunu itirməmək üçün qoruyucu maska ​​taxmalı olub. 600 metr yüksəklikdə olan 500 metrlik təhlükəli gəzinti təxminən yarım saat çəkib. Akrobat çətinliklə finiş xəttinə çatıb. N.Vallenda istidən və qorxudan tərlədiyini deyib. Göstərdiyi fənd akrobatın həyatında ən təhlükəlisi olub.

 

Aybəniz Haşımova küçədə yıxıldı

Əməkdar artist Aybəniz Haşımova ağır xəsarət almaqdan son anda qurtuldu. Hafta.az  xəbər verir ki, bu haqda Milli.az  məlumat yayıb. Xanım sənətçi qızı Aynişanın toyundan bəri üçüncü dəfə başına belə bir hadisə gəldiyini bildirib: "Allah üçüncüdən saxlasın. Bu gün də nətəri dəydimsə asfalta, yaxşı ki, qolum, başım qırılmadı, şükür. Bilmirəm, bu nə işdir? Elə bil, götürüb məni yerə çırpırlar. Necə dəydimsə bütün bədənim ağrıyır, canınızdan uzaq. Yaxşı ki, Kənan, Aynişan yanımda idilər. Yoxsa, elə yerdə də, qalacaqdım".

 

Türkiyədə qadın küçənin ortasında kişini döydü

Türkiyənin Antalya şəhərində qadın küçədə kişini döydü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, bu hadisə müşahidə kameralarına düşüb. Görüntülərdə əsəbi olan 20-25 yaşlarında bir qadının əvvəlcə kişini döydüyü, sonra isə ətrafında olan stol və stulları yerə aşırdığı əks olunub.

 

Fransa deputatı da koronavirusa yoluxdu

Fransa Milli Assambleyasının (parlament) deputatı, 68 yaşlı Jan-Lyuk Reytser “COVID-19” xəstəliyi ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi. Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə “France Bleu" bildirib. Elzas regionundan Respublikaçılar partiyasını təmsil edən parlament üzvü tənəffüs yollarının problemi ilə intensiv terapiya şöbəsindədir. Onun koronavirusa yoluxması təsdiqlənib. Bildirilir ki, deputat son dəfə fevralın 25-də parlamentin iclasında iştirak edib. Son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 420 nəfəri ötüb, virusa yoluxmuş 7 nəfər ölüb. Elzas regionu xəstəliyin yayılması mərkəzlərindən biridir.

 

Bakıda kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanıldı

Paytaxtda ötən il oğurluq edən şəxs tutulub. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə paytaxtın Yeni Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, naməlum şəxs qəsəbə ərazisində olan 2 kanalizasiya quyusunun qapaqlarını oğurlayıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən C.Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Nərimanovda  3 maşın tuneldə toqquşdu

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsindəki yolötürücü tuneldə qeydə alınıb. "DongFeng" markalı nəqliyyat vasitəsinin sürücüsü əks yola çıxdığından onun avtomobili əvvəlcə "Mercedes", daha sonra "Kia" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib

Oxunma sayı 102