Kinematoqrafçılar İttifaqı müsabiqə elan edir

17:30 29.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Kinematoqrafçılar İttifaqı və A.M.Qorçakov adına kütləvi diplomatiyaya dəstək Fondu “Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsi keçirir.

Hafta.az yazır ki, A.M.Qorçakov adına kütləvi diplomatiya dayağı Fondu 2010-cu il fevralın 2-də Rusiya Prezidenti D.A.Medvedevin sərəncamı ilə yaradılıb. Məqsədi kütləvi diplomatiyaya dayaq olmaq olan Fond Rusiya qeyri-höhumət təşkilatlarının beynəlxalq əməkdaşlıqda iştirakına təkan olmaq, həmçinin vətəndaş cəmiyyəti institutlarının xarici siyasət prosesinə fəal və təsirli şəkildə cəlb edilməsini gerçəkləşdirmək niyyətilə fəaliyyətini bir neçə iqtiqamət üzrə qurub.

Rusiyada yaşayıb parlaq fəaliyyət göstərən azərbaycanlıların sayı təsəvvür etdiyimizdən də çoxdur, bu siyahı görkəmli musiqiçi Müslüm Maqomayev və Sibirdə nefti kəşf edən sovet və Rusiya geoloqu Fərman Salmanovun adları ilə məhdudlaşmır. Onlardan başqa elm, mədəniyyət, istehsalat, biznes, idman, inşaat sahələrində onlarla soydaşımız Rusiyaya öz töhfələrini veriblər və verməkdədirlər.

Müsabiqənin məramı ötən illərdən bu günədək Rusiyada yaşayan görkəmli azərbaycanlıların həyat və fəaliyyəti, mədəniyyət, incəsənət, elm, texnika, ictimai və istehsal sahələrində əldə etdikləri nailiyyətlər haqqında geniş tamaşaçı dairəsinə bir daha və ən əsası fərqli baxış bucağından məlumat vermək, həmçinin kinematoqrafçıların sənədli film istehsalında maraqlılığını artırmaqdır.

Müsabiqənin şərtləri:

Sənədli filmlərin ssenariləri kinoesse, kinoportret, kinotədqiqat (xronometrajı 52 dəqiqədən çox olmayaraq) janrlarında təqdim edilə bilər.

Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir. Ssenariləri martın 30-dək [email protected] electron ünvanına göndərmək lazımdır.

Müsabiqəyə təedim edilən ssenarilər müəllifə aid olmalı, orijinal olmalı və bu vaxtadək ekranlaşdırılmış ssenari olmamalıdır. Ssenari ilə bərabər müəllifin iş haqqındakı xülasəsi də təqdim edilməlidir.

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun başçılıq etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Birinci mükafat - 1500 azn, İkinci mükafat – 1000 azn, Üçüncü mükafat – 500 azn.

Əlavə məlumat üçün (012)5059533, (012)4371667 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Oxunma sayı 174