Koko Şanelin "qara ləkə"si

13:30 12.01.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Parisdə 87 yaşlı Qabriel «Koko» Şanelin ölümündən 50 il keçir. Kiçik qara paltarların yaradıcısını bu gün bir çoxları qadınların həyatına ciddi təsir edən böyük modelyer kimi tanıyırlar. Hələ də onu təqlid edir, onun qaydaları ilə yaşayırlar. Şanel pərəstişkarları madumazel Kokonun İkinci Dünya Müharibəsi zamanı fəaliyyəti ilə bağlı faktları xatırlamamağa çalışırlar.

Hafta.az bu dəfə Kokonun gizli Paris həyatının bəzi məqamlarından söz açacaq. Qabriel Şanelin müharibə dövründəki həyatının bir hissəsi onun tərcümeyi-halında uzun müddət ağ boşluq kimi qalmışdı. Həmin dövrlə bağlı faktlar yalnız onun yaxın ətrafının söylədiklərindən ibarət idi. "Müharibə başlayanda Şanel özünün moda evini bağlayaraq Cenevrə gölü sahilində bir evə yerləşir. Burada o, 15 il yaşayaraq ixtira etdiyi ətirləri satmaqla dolanır". Bu Fransa Dövlət Agentliyinin madumazel Kokonun ölümü ilə bağlı yaydığı nekroloqda əks olunan rəsmi məlumat idi.     

 

Şanel həqiqətən də Parisə 1954-cü ildə qayıdır. Məqsədi isə özünün moda evinin fəaliyyətini bərpa etmək idi. Madam Koko Fransada 15 yox, cəmi altı il olmayıb. Müharibə başlayanda o, 1937-ci ildən məskunlaşdığı «Rits» otelində yaşamını davam etdirib. Uzun müddət bu və onun Uinston Çerçill və məşhur stilist Sergey Dyagilevlə dostluq münasibətlərinin olmasına dair faktları fransızlar unutmağa çalışıblar.

 

2011-ci ildə uzun illər Fransada araşdırmalar aparan və ABŞ-ın Parisdəki səfirliyində də işləyən amerikalı jurnalist və yazar Xel Vonun kitatı işıq üzü görür. "Düşmənlə bir yataqda: Koko Şanelin gizli müharibəsi" adlı kitabda Xel Von sübut edir ki, kiçik ölçülü qara paltarların yaradıcısı olan madam Koko uzun illər Almaniyanın Abver hərbi kəşfiyyatına çalışıb.

“Financial Times” qəzetinin yazdığına görə, müəllif bu faktı Chanel Inc. (Koko Şanelin adını daşıyan Amerikadakı moda evi) şirkətinin keçmiş rəhbəri Qreqori Tomasın bioqrafiyasını öyrənərkən aşkarlayıb. Jurnalist həmin araşdırmalar zamanı madam Kokonun 1941-ci ildən F-7124 nömrəli, "Vestminister" (çox güman ki, madam Kokonun keçmiş sevgilisi olan Vestminster hersoqu Xyu Riçard Arterin şərəfinə belə adlandırılıb) kod adlı Abver agenti olmasına dair sənədlər aşkarlayıb.

Məşhur modelyerin nasistlərlə əlaqədə olmasından kitab çap edilmədən də şübhələndirlər.

Məlumdur ki, müharibə dövründə onun sevgilisi Almaniya səfirliyinin attaşesi baron Hans Günter fon Dinklaqe idi. Onun köməkliyi ilə 1940-cı ildə qohumu Andre Palasın alman əsirldiyindən azad edilməsinə nail olub. Kokonun birbaşa olaraq Abverin göstərişlərini yerinə yetirməsindən danışılmırdı.

1943-cü ilin aprelində Qabriel Şanelin Berlinə gedərək orada alman xarici kəşfiyyat idarəsinin rəisi Valter Şellenberqlə görüşdüyü də aşkarlanıb. Almaniya məşhur modelyerin Uinston Çerçillə dostluq münasibətlərindən istifadə edərək, Britaniyanın Baş nazirinə təzyiq göstərməyə çalışıb.  Kokonun imkanlarından yaranaraq bu istəyi reallaşdırmaq uğurlu alınmır. Qabriel Şanel iki dəfə Madridə səfər edib. Bu səfərlərin birində Britaniya Baş nazirinin məktubunu Kokoya verməli olan rəfiqəsi Vera Lombardi madam Şaneli alman casusu olmaqda ittihamlayaraq ifşa edir. Şanel və Dinklaqe həmin dövrdə işğal edilmiş Parisə qayıda bilirlər.

1944-cü ildə Fransa azad edildikdən sonra Qabriel Şanel həbs edilir. Tezliklə onu azad edirlər. Bu məsələdə Uinston Çerçillin müstəsna rol oynadığı deyilir. Xe Venə bu faktı madam Kokonun qohumu olan Qabriel Palas Labriyuni də təsdiqləyib: "Koko azad edildikdən sonra dərin nəfəs alaraq, "Çerçill məni azad etdi", – deyib. 

İsveçrədən Fransaya isə 1954-cü ildə, artıq bütün ehtiraslar yatışdıqdan sonra gəlir. Koko Şanel 61 yaşında özünün7 moda evini bərpa etmək və Chanel brendinin sahibləri Vertxaymer qardaşları ilə barışmaq üçün cəhdlər göstərir. Qeyd edək ki, qardaşlar 1924-cü ildə Qabrielə özünün parfümeriya imperiyasını yaratmaqda yardım edərək Chanel brendinin 70 faizlik səhminə sahib idilər. Şanel müharibə dövründə Vertxaymer qardaşlarının yəhudi əsilli olmasından yararlanaraq şirkəti tamamilə onların əlindən almağa çalışıb, lakin bu istəyi baş tutmayıb. Qardaşlar 1940-cı ildə ABŞ-a köçərək Parfums Chanel üzərində nəzarəti müvəqqəti olaraq fransız iş adamı Feliks Amoya tapşırırlar. 1954-cü ildə Fransaya qayıtdıqdan sonra Vertxaymer qardaşları Şaneli bağışlayırlar. Onların varisləri hələ də Chanel brendinin sahibirlər. Xel Vonun nəşrlərindən sonra madam Kokonu antisemitizmdə ittihamlamasalar da, Şanelin müharibə dövründəki həyatını "gizli element" kimi xarakterizə ediblər.

 

Oxunma sayı 285